Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-772/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsininin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsininin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 şəxsi istehlak məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 8400 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixli 1019952/17204 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixinə əsas borcu 7750,58 manat, faiz borcu 1440,29 manat olmaqla cəmi borcu 9190,87 manat təşkil edir. Belə ki, məhkəməyə müraciət edildikdən sonra da ödənişlərin aparılmaması səbəbindən borcalanın qaytarmadığı borcun həcmi artmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmişlər. Ona görə də, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 7750,58 manat əsas, 1440,29 manat faiz olmaqla cəmi 9190,87 manat borcun, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona şəxsi istehlak məqsədləri üçün 48 ay müddətinə qaytarmaq, illik 27 % ödəmək şərti ilə 8400 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixli 1019952/17204 saylı zaminlik müqaviləsinə əsasən onun bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək anası Cavabdeh2 ona zamin durmuşdur. O, bir müddət kredit müqaviləsi üzrə ödəniş etmiş, lakin sonradan ödəniş etməyə maddi imkanı olmamışdır. Bank tərəfindən onun borcu düzgün hesablanmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 48 ay müddətinə qaytarmaq, illik 27 % ödəmək şərti ilə 8400 manat kredit verməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində əsas borca görə 8400 manat, faiz borcuna görə 5422,73 manat olmaqla cəmi 13822,73 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 8400 manatı Cavabdeh1 vermişdir. Borcverən İddiaçı ASC, zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1019952/17204 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 8400 manat məbləğində kreditlə əlaqədar borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilədir. Zaminlik müqaviləsinin 3.1-ci bəndindən müəyyən olunur ki, zamin bank qarşısında borcalanın xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 6.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilənin qüvvədə olma müddəti borcalan xx.xx.2019-cu il tarixində kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. İddiaçı ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2020-ci il tarixli pretenziyadan müəyyən olunur ki, bank borcluya və zaminə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə, borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 7750,58 manat, faiz borcuna görə 457,88 manat olmaqla cəmi 8208,46 manat borcu qalmışdır. Cavabdeh1 tərəfindən banka əsas borca görə 649,42 manat, fazi borcuna görə 1801,39 manat ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/5143 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla iddia tələbi üzrə xx.xx.2020-ci il tarixinə Cavabdeh1 İddiaçı ASC-yə olan əsas borcu 7772,93 manat, faiz borcu 438,50 manat olmaqla cəmi borc 8211,43 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli kredit hesabından çıxarışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 7750,58 manat, faiz borcuna görə 1440,29 manat olmaqla cəmi 9190,87 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlərin İddiaçı ASC ilə bağladıqları müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmələri tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə, cavabdehlərdən əsas borca görə 7750,58 manat, faiz borcuna görə 1440,29 manat olmaqla cəmi 9190,87 manat borcun müştərək qaydada tutulmasına dair tələbləri əsaslıdır, ona görə də iddia ərizəsi tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 7750,58 manat, faiz borcuna görə 1440,29 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 9221,27 manat İddiaçı ASCnin xeyrinə tutulsun. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-772/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-772/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver