Məhkəmə qərarları › İş №2(001)-7723/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7723/2021

28.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7723/2021 28.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 29 may 2012-ci il təvəllüdlü X1 üçün hər ay 175 manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 01 iyul 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 29 may 2012-ci il təvəllüdlü X6 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən X6 18 yaşına çatanadək onun yanında qalmalı və onun saxlanılması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyir. O, cavabehə alimentin artırılmasını məhkəmədən öncə mediasiya prosesində həll etməyi təklif etsə də, qarşı tərəf bu təklifini cavabsız qoymuş və vaxtı öncədən müəyyən olunmuş mediasiya prosesində iştirak etməmişdir. Ona görə də o, minimum aliment miqdarının 175 manat məbləğində müəyyən edilməsinin, cavabdehin gəlirlərinin, daimi və əlavə iş yerlərinin olmasının nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, cavabdehin kifayət qədər yüksək gəliri vardır, ona görə də tələb etdiyi 175 manat məbləğində alimenti rahatlıqla ödəyə bilər. Bundan əlavə, uşaq böyümüş, tələbatları da artmışdır, bu səbəbdən hazırda tutulan 160 manat məbləğində aliment uşağın tələbatlarını ödəməyə kifayət etmir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəqliyyat və Xüsusi Texniki İdarəsində avtomobil sürücüsü işləyir. O, 493 manat əmək haqqı alır və həmin məbləğin 160 manatı alimentin ödənilməsinə gedir. Həmçinin, o, yenidən nikaha daxil olmuş və bir övladı dünyaya gəlmişdir. Onun iddiaçıya bundan əlavə aliment ödəməyə maddi imkanı yoxdur, çünki onun ikinci ailəsini və uşağını da saxlamaq vəzifəsi vardır. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİİ seriyalı, 981355 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 29 may 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 atası Cavabdeh, anası İddiaçıdır. AZ-İ seriyalı, 159279 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikah 26 fevral 2013-cü il tarixdə ləğv edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(001)- 7197/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(001)-15207/2017 saylı qətnaməsi ilə 29 may 2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılması, hazırki qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla 29 may 2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 160 manat alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. AZ-İİ seriyalı, 045120 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında nikah 16 may 2015-ci il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada “Xalıqova” soyadı verilmişdir. AZ-İİİ seriyalı 665611 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 10 avqust 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 atası Cavabdeh, anası X7r. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəqliyyat və Xüsusi Texniki İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli, 29 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən də 31 may 2019-cu il tarixdən adıçəkilən idarədə avtomobil sürücüsü işləyir və onun aylıq əmək haqqı 493 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 29 may 2012-ci il təvəllüdlü X4 iddiaçının yanında qalması müəyyən edilmişdir. Həmçinin, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli 2(001)-7197/2019 saylı qətnaməsindən müəyyən olundu ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə 29 may 2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılmış və alimentin miqdarı 160 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh yenidən nikaha daxil olmuş və həmin nikahdan da bir uşağı dünyaya gəlmişdir. Cavabdehin əmək haqqı 493 manat təşkil edir, həmin məbləğdən hazırda iddiaçıya məhkəmə qətnaməsinə əsasən 160 manat məbləğində aliment ödənilir. Hazırda iddiaçı cavabdehin ödədiyi aliment məbləğinin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının 175 manat məbləğinə artırılmasını xahiş edir, cavabdeh isə iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında iddiaçı cavabdehin kifayət qədər yüksək gəlirinin olduğunu və tələb etdiyi alimentin ödənilməsinə maddi imkanının çatdığını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş arayışdan müəyyən olunur ki, onun əmək haqqı 493 manat təşkil edir. Belə olan halda isə məhkəmə, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, hazırda cavabdehdən tutulan alimentin miqdarının ölkə üzrə uşaqlara görə 2021-ci il üçün müəyyən edilmiş yaşayış minimum dolanacaq xərclərinə yaxın olduğunu, cavabdehin aldığı əmək haqqının məbləğini, onun yenidən ailə həyatı qurduğunu və həmin nikahdan bir uşağının dünyaya gəldiyini, hər iki nikahdan olan uşaqların mənafelərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar