Məhkəmə qərarları › İş №2(001)-787/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-787/2021

19.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-787/2021 19.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı1 oğlunun nümayəndəsi-vəkili X4, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və X5 onlara məxsus ünvan 1 ünvanından çıxarılmaları, X5 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, İddiaçı1 və İddiaçı2 Abbas qızı Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 6, 3 saylı mənzilin tam hüquqlu mülkiyyətçiləridirlər. Qeyd olunan mənzil İddiaçı1 mərhum həyat yoldaşına məxsus olmuş, daha sonra isə vərəsəlik qaydasında onlara keçmişdir. Mənzilə dair mülkiyyət hüquqları ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 28.09.2015-ci il tarixli mülkiyyət hüququna dair çıxarışla təsdiq olunur. Cavabdeh onun keçmiş gəlinidir, oğlu Rafaellə ailə qurduqdan sonra bir müddət müvəqqəti onların evində yaşamalarına icazə vermişdir. Sonradan onların mənzili tərk etmə tələblərinə sadəcə oğlu dözməyərək getmişdir. Cavabdeh və 02.01.2008-ci il təvəllüdlü oğlu Babayev Nihad mənzildə qalmaqda davam edirlər. Lakin cavabdeh - Cavabdeh olduqca daim evdə sözsöhbət yaradan, hamını gərginlikdə saxlamağı xoşlayan adamdır. Bundan sonra ömrünün qalan hissəsini bu adamla yaşayaraq, qanuni mülkiyyətində olan mənzili onunla bölüşmək istəmirlər. Həmçinin cavabdeh özü məhkəməyə müraciət edərək Rafaellə nikahlarının pozulmasını istəmişdir. Belə olan halda, o onların ailə üzvü deyildir və onların evində yaşamağını istəmirlər. Cavabdehin məhz bu səbəbdən də mənzilə qeydiyyata düşməsinə razılıq verməmişlər. Lakin buna baxmayaraq, cavabdehin qeydiyyatda belə olmadığı halda, özünün də hazırda faktiki yaşamadığı halda əşyalarının onların evində qalması bir mülkiyyətçi kimi onların hüquqlarını pozur, mənzilə dair sərbəst sərəncam vermə, sahiblik və istifadə hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi-vəkili X7 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh və X5 ünvan 1 ünvanından, o cümlədən mənzilin 2-ci mərtəbəsindən çıxarılmaları, X5 həmin mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil iddia tələbinə etiraz edərək, tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi, H.X.Məmmədquluzadə küçəsi, ev 6, mənzil 3 İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətindədir və bu hüquq onlara 28.09.2015-ci ildə verilmişdir. - nikah haqqında şəhadətnaməyə əsasən, X8 ilə Cavabdeh 26.09.2007-ci il tarixli 1138 nömrəli nikah bağlamışlar. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qətnaməsindən Çıxarışa əsasən, X8 ilə Cavabdeh arasında Bakı şəhəri Binəqədi rayonu VVADQ şöbəsində 26.09.2007-ci il tarixldə 1138 nömrəli ilə akt qeydləri kitabında qeydə alınmış nikahın pozulması qərara alınmışdır. - İşdə olan fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iki mərtəbədən ibarətdir. - Su sayğaclarının T10 ******* nömrəli qəbulu aktından görünür ki, ünvan 1 ünvanında abonent nömrəsi **********030, 587498 nömrəli su sayğacı İddiaçı1 adına quraşdırılmışdır. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 525463 nömrəli aktından görünür ki, ünvan 1 ünvanında G-4 markalı, 1702AZ**********27 nömrəli, İT RON tipli qaz sayğacı İddiaçı1 adına quraşdırılmışdır - Məhkəmə Ekspertiza Mərkəzinin 21.06.2021-ci il tarixli, 10/1186 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iki mərtəbəsi mövcuddur. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3370/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə X8 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulan 02 yanvar 2008-ci il təvəllüdlü X5 anası Cavabdeh yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Yenə həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Sadalanan qanunvericilik aktı normaları baxımından iddianı araşdıran məhkəmə hesab edir ki, iddiaçıların Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 6, 3 saylı mənzilin ikinci mərtəbəsinə “gözlənilən mülkiyyət hüquqları vardır”. Ona görə də onlar cavabdehdən onlara məxsus yaşayış sahəsindən və üzərindəki tikilidən çıxmasını tələb edə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27.05.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında nümayiş etdirdiyi mövqeyə görə “ real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıbəsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini “Miray Fransaya qarşı” iş üzrə 23.09.2003-cü il tarixdə qəbul etdiyi Qərarda xüsusi ilə dəqiq izah etdi və hesab etdi ki, “maddi rifaha çatmağın sadəcə gözlənilməsi ilə onun Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsi baxımından hüquqa uyğun gözlənilməsi arasında fərq vardır”. Məhkəmənin xatırlatmasına görə “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət kimi qəbul edilir” (“Burdov Rusiya Federasiyasına qarşı” və «Yunanıstan neftayırma zavodu “Strən” və X1rşı» işlər). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, Cavabdeh iddiaçılara məxsus olan Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 6, 3 saylı mənzilin 2-ci (ikinci) mərtəbəsində yaşamışdır, dəfələrlə müraciət edilməsinə baxmayaraq, yaşayış sahəsini tərk etməmişdir. Məhkəmə tərəflərin məhkəmədə verdiyi izahatları nəzərə alaraq qeyd edir ki, hazırki mübahisə predmetini təşkil edən yaşayış sahəsinin 2-ci (ikinci) mərtəbəsi, Cavabdeh həmin evə gəlin köçənə qədər, iddiaçılar tərəfindən öz vəsaitləri hesabına artıq inşa edilmiş və tikilmişdir. İşin bu halı mübahisəsizdir və bir daha təsdiq edir ki, həmin yaşayış sahəsi iddiaçıların şəxsi əmlakıdır və onlar həmin yaşayış sahəsinin sahibidirlər. Hazırda onların “qanuni gözləntiyə” malik olduqları hüquq gələcəkdə onların həmin yaşayış sahəsinin mülkiyyətçisi olmalarını istisna etmir. Belə ki, iddiaçıların mülkiyyətçisi olduqları yaşayış sahəsinin ikinci mərtəbəsi hal-hazırda “özbaşına tikili” statusunda olsa da, iddiaçıların mülkiyyətində olan mənzilin (yaşayış sahəsinin) ayrılmaz tərkib hissəsidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçılar Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 6, 3 saylı mənzilin mülkiyyətçiləri olduqlarından, həmçinin mübahisəli yaşayış sahəsinə dair hüquqlara da malikdirlər. Lakin cavabdeh könüllü olaraq çıxmadığından iddiaçılar həmin yaşayış sahəsindən istifadə edə bilmirlər. Buna görə də iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 6, 3 saylı mənzilin faktiki mövcud olan ikinci mərtəbəsindən çıxarılmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh N.Babayev İddiaçı1 nəvəsi olsa da ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin mübahisəli yaşayış sahəsində yaşamaq və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, cavabdeh N.Babayevin (qanuni mümayəndəsinin) bu istəyi ən azından babası olan iddiaçının bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evə faktiki sahiblik edən və mülkiyyət hüququnun yaranmasına gözləntisi olan iddiaçını isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, yetkinlik yaşına çatmamış 02 yanvar 2008-ci il təvəllüdlü X5 yaşayış yeri onun valideyinlərinin yaşayış yeri ilə müəyyən edilməlidir. Hazırda isə N.Babayevin yaşayış yeri məhkəmə qətnaməsinə əsasən anasının yanında müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh və X9 Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 6, 3 saylı mənzildən və həmin mənzilin faktiki mövcud olan ikinci mərtəbəsindən çıxarılmalı, X5 həmin mənzildən istifadə hüququnun olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh və X9 Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 6, 3 saylı mənzildən və həmin mənzilin faktiki mövcud olan ikinci mərtəbəsindən çıxarılsınlar. X5 Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 6, 3 saylı mənzilinə dair istifadə hüququnun olmaması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50(əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar