Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3872/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mənzildən çıxarılma və kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mənzildən çıxarılma və kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və ona məxsus mülkdə qeyri-qanuni şəkildə yaşayan cavabdehlərin evindən çıxarılması məqsədilə ilkin təklif kimi Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən 3 il, yəni 36 ay üçün müəyyən edilmiş 7000 manat məbləğində kompensasiyanı ödəmək yolu ilə onların iddiaçının evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı, ünvan 1 ünvanında yerləşən və qanuni mülkiyyət hüququ ilə sahib olduğu mənzilin mülkiyyətçisi kimi bildirir ki, hal-hazırda onun razılığından və iradəsindən kənar şəkildə həmin mənzildə qeydiyyatda olan və faktiki yaşayan şəxslər-cavabdehlər mənzilində qeyri-qanuni şəkildə məskunlaşmışlar. İddiaçı qeyd edir ki, 1988-ci ilin noyabr ayından 1992-ci ilin sentyabr ayına qədər həyat yoldaşı X18 hərbiçi olması ilə əlaqədar o, ailəsi ilə birlikdə Rusiya Federasiyası, Yaroslav vilayətində yaşamışdır. Eyni zamanda 08 avqust 1995-ci il tarixindən 02 fevral 2016-cı il tarixədək həyat yoldaşı və iddiaçı hərbiçi olmaqları ilə əlaqədar olaraq Azərbaycan Respublikasının müxtəlif bölgələrində xidmət etmişlər. Göstərilən illər ərzində mənzildə uzun müddət fiziki olaraq yaşamadığı dövrlərdə, cavabdehlər tərəfindən onun mülkiyyət hüququ pozulmuş, cavabdehlər mənzilə qanunsuz daxil olmuş və qeydiyyata düşmüşdürlər. Mənzilin sahibi olaraq iddiaçının cavabdehlərlə arasında heç bir hüquqi və ya ailə münasibəti yoxdur. İddiaçı onların nə qeydiyyata düşməsinə, nə də orada yaşamasına razılıq verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, ekspertiza rəyi ilə müəyyən edilmiş orta aylıq kirayə haqqının məbləğinə uyğun olaraq 3 illik müddət üçün hesablanmış 11550 manat məbləğində kompensasiyanı cavabdehlərə ödəməyə razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. O sözügedən evin mülkiyyətçisidir. Cavabdeh1 valideynləri vaxtilə həmin evdə kirayəçi olaraq yaşamışlar. Həmin evi iddiaçının nənəsi onlara kirayəyə vermişdir. Hətta iddiaçı onların kirayə haqqını nənəsinə ödədiklərinin şahidi də olmuşdur. 1987-ci ildə iddiaçının nənəsi vəfat etmişdir. 1988-ci ildə iddiaçı ailəsi ilə birlikdə Rusiyaya köçmüşdür. Qeydiyyat vəsiqəsində adı göstərilən paylı mülkiyyətçilərdən dördü uzun müddət əvvəl köçüb getmişlər. Onların vərəsələri iddiaçıdır. Onların övladları, nəvələri yoxdur. Milli Arxiv İdarəsində onların ölüm haqqında şəhadətnamələri də aşkar olunmamışdır. Həmin dövrün qanunvericiliyinə əsasən şəxs mənzildə 3 ay yaşadıqdan sonra həmin mənzildə qeydiyyata alnırdı. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının sözgüdən yaşayış evində 1/6 hissədə payı vardır. İddiaçı cavabdehlərin məhz ona məxsus olan hissədə yaşadığını sübut edə bilmir. Cavabdeh1 1970-ci ildən həmin evdə qeydiyyatdadır. İddia tələbinin rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, onun atası həmin evdə 1964-cü ildən etibarən qeydiyyatda olmuşdur. Bütün kommunal xidmətlər də onların adınadır. İddianın rədd edilməsini xahiş edir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səadət Sarayı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, Vİ-ЖГ seriyalı 387699 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 və İddiaçı xx.xx.1988-ci il tarixdə Səadət Sarayında nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1493 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Əmirxanov”, arvada “Əmirxanova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 040287 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Ş.Əzizbəyov küçəsindəki 4 otaqlı, 55.6 yaşayış sahəsi və 72.4 ümumi sahəsi torpaq sahəsindən ibarət 42 saylı fərdi yaşayış evi 1/6 hissədə İddiaçı, 1/6 hissədə X12, X19 və X29 adlarına, 1/6 hissədə X7, 1/6 hissədə X9 adına, 1/6 hissədə X10 adına, 1/6 hissədə X20 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 163 saylı reyestr kitabında 6410 səhifə qeydəalma nömrəsi 30/3328 olmaqla, xx.xx.2005-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi, ev 42 ünvanında Cavabdeh4, X4, Cavabdeh7, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, X26, X11, X5, Cavabdeh2, Cavabdeh6, X6, X13, X16 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş məlumatdan görünür ki, Azərbaycanda Sovet Hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri fondunun sənədlərində X7, X10, X9 və Ağadadaş Əbdülrəhim oğlunun doğum və ölüm tarixlərinə dair heç bir məlumat aşkar olunmayıb. İş materiallarında olan 61 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 030 nömrəli məktuba əsasən Cavabdeh1 ilk dəfə xx.xx.1970-ci il tarixində, xx.xx.1981-ci ildə qeydiyyatdan çıxmaqla, yenidən xx.xx.1988-ci il tarixində, həyat yoldaşı Cavabdeh2 xx.xx.1990-cı il tarixində, oğlu Cavabdeh4 xx.xx.01994-cü il tarixində, oğlu Cavabdeh3 xx.xx.1991-ci il tarixində, bacısı Cavabdeh5 xx.xx.1969-cu il tarixində qeydiyyata düşməklə daimi pasport qeydiyyatındadırlar. Vətəndaş Cavabdeh1 hal-hazırda ailə üzvləri ilə birlikdə Şamil Əzizbəyov küçəsi, 42 ünvanında yerləşən həmin mənzildə yaşayırlar. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-2660/2005 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, 42 saylı evin 1/6 hissəsinə dair X3 adına verilmiş tarixsiz qeydiyyat vəsiqəsinin X2 məxsus olması faktının müəyyən edilməsi, X1- İddiaçı atası X22 anası olması, İddiaçı isə ata xətti üzrə nənəsi olmasına dair qohumluq münasibətlərinin müəyyən edilməsi, X3 adına olan Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, 42 saylı evin 1/6 hissəsinə dair İddiaçı adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin Bakı şəhəri 5 saylı notariat kontoruna tapşırılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.1987-ci ildə vəfat etmiş X3ın vərəsəsi: nəvəsi İddiaçı miras əmlakdan 1/6 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, ev 42-dir. Həmin hissə yaşayış evi irs qoyan şəxsə Bakı şəhəri Tİ və MHQİ-nin 163 nömrəli kitabının 6410 səhifəsində xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən məxsusdur. İş materiallarında olan xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən 2000-ci ildə vəfat etmiş X30 vərəsəsi: həyat yoldaşı X24, qızı X31 və oğlu X38 miras əmlakdan 1/6 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, ev 42-dir. Həmin hissə yaşayış evi irs qoyan şəxsə Bakı şəhəri Tİ və MHQİ-nin 163 nömrəli kitabının 6410 səhifəsində xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən məxsusdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli CC/0xx/xx-2025 nömrəli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi, ev 42 ünvanında yerləşən mənzilin hazrıki dövrə orta aylıq kirayə haqqı məbləği 320 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 300 manat məbləğində xidmət haqqı İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. İş materiallarında olan X26 xx.xx.2025-ci il tarixli razılıq ərizəsinə əsasən o, ünvan 4 ünvanında yerləşən mənzilin mülkiyyətçilərindən biridir. Hal-hazırda məhkəmədə baxılan mülki iş üzrə digər payçıya məxsus hissədə qeydiyyatda olan cavabdehlərin mənzilindən çıxarılmalarına və mülkdən istifadə hüquqlarının xitamına dair irəli sürülmüş tələblərə etiraz etmir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi seriya FM, 040287 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsindəki 4 otaqlı 55,6 kv.m. yaşayış sahəsi, 72,4 kv.m. ümumi sahədən ibarət 42 saylı fərdi yaşayış evi bir neçə şəxsə məxsus olmaqla paylı mülkiyyətdir və İddiaçı həmin mənzilin 1/6 payının mülkiyyətçisidir. Cavabdehlər sözügedən mənzildə qanunsuz olaraq yaşayırlar. Buna görə də iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və ona məxsus mülkdə qeyri-qanuni şəkildə yaşayan cavabdehlərin evindən çıxarılması məqsədilə ilkin təklif kimi Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən 3 il, yəni 36 ay üçün müəyyən edilmiş 7000 manat məbləğində kompensasiyanı ödəmək yolu ilə onların iddiaçının evindən istifadə hüququna xitam verilməsini tələb etmişdir. Lakin daha sonra iddiaçı məhkəmə iclasında hakimin sualına cavab olaraq bildirmişdir ki, o, ekspert rəyi ilə müəyyən edilmiş orta aylıq kirayə haqqı məbləğinə uyğun olaraq 3 illik müddət üçün hesablanmış 11550 manat məbləğində kompensasiyanı cavabdehlərə ödəməyə razıdır. Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə isə iddia tələbini qəbul etmirlər. Digər cavabdehlər isə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə ilk növbədə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2 və 157.4-cü maddələrinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkələrə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə həmçinin nəzərə alır ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Belə ki, mübahisəli mənzilə yerli baxış keçirən zaman müəyyən edilmişdir ki, həmin ünvanda 2 mənzil mövcuddur. Mənzillərdən birinin mülkiyyətçisi İddiaçı, digərinin mülkiyyətçisi isə X23r. X26 məhkəməyə yazılı şəkildə iddia tələbinə etiraz etmədiyini və cavabdehlərin mənzildən çıxarılmasına razılığını bildirmişdir. Eləcə də iddiaçı izahatında bildirmişdir ki, qeydiyyat vəsiqəsində adları çəkilən digər paylı mülkiyyətçilərin doğum və ölüm tarixlərinə dair heç bir məlumat yoxdur. Bu fakt iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş məlumatla da təsdiq olunur. AR MM-nin 157.1-ci maddəsinə əsasən mülkiyyətçi öz mülkiyyət hüququnun tanınmasını tələb etməkdə azaddır və yaşayış sahəsindən qanuni əsas olmadan istifadə edən şəxslərin çıxarılmasını tələb edə bilər. İş materialları sübut edir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə hər hansı hüquqi əsas – nə kirayə müqaviləsi, nə ailə münasibəti, nə də digər mülkiyyət və ya istifadəyə dair əsas olmadan illərdir yaşayırlar. Tərəflərin izahatlarından da görünür ki, cavabdehlərin mülkiyyət və ya istifadə hüququnu təsdiq edən hər hansı sənəd mövcud deyil. Cavabdehlərin mənzildə faktiki yaşaması qanunsuz faktiki istifadədir və mülkiyyətçinin iradəsinə zidd olduğundan onların mənzildən çıxarılması tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin “mənzildən istifadə hüququna xitam verilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad edilməklə cavabdehlərin mənzildən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi tələb olunmuşdur. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehlər barəsində mənzilə dair heç vaxt istifadə hüququ yaranmayıb, onlar iddiaçının ailə üzvləri deyil və aralarında istifadə hüququnun yaranması üçün müqavilə mövcud olmayıb. Bu səbəbdən istifadə hüququ yaranmamış şəxslərin hüququna xitam verilməsi hüquqi baxımdan mümkün deyil. MM-in 228.2-ci maddəsi yalnız mövcud və qanuni şəkildə formalaşmış istifadə hüququnun məhdudlaşdırılmasına və ya xitamına tətbiq edilə bilər. Belə hüquq mövcud olmadığından həmin maddənin tətbiqi üçün hüquqi əsas yoxdur. Bu baxımdan iddianın “istifadə hüququna xitam verilməsi” hissəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər tutmaqla, iddiaçının öz istəyi ilə cavabdehlərə kompensasiya ödəməsi ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 228.2-ci maddəsindən göründüyü kimi mülkiyyətçinin bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yalnız tərəflər arasında istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa xitam verilməsi halında mümkündür. Lakin hazırki iş üzrə cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun mövcud olmadığı müəyyən edildiyindən, istifadə hüququna xitam verilmə hissəsi əsassız hesab edilmişdir. Yəni hazırki iş üzrə istifadə hüququna xitam verilməsi halı mövcud deyildir. Buna baxmayaraq iddiaçı həm izahatında, həm də iddia tələbində cavabdehlərə kompensasiya ödəmək istədiyini bildirdiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən məhkəmə iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin məhkəmə kompensasiyanın məbləğinə münasibət bildirərək qeyd edir ki, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Belə ki, İddiaçı məhkəmə iclasında hakimin sualına cavab olaraq, qiymətləndirmə ekspertizasının rəyi əsasında orta aylıq kirayə haqqının 320 manat hesablanması ilə 3 illik 11550 manat kompensasiya ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı tərəfindən 11550 (on bir min beş yüz əlli) manat kompensasiya verilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalı, İddiaçı müvafiq kompensasiya məbləğinin alınıb cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 verilməsi ilə onların mübahisəli mənzildən çıxarılmaları eyni vaxtda icra olunmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə 07 noyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vəsaiti İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən 11550 (on bir min beş yüz əlli) manat kompensasiya verilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsınlar. İddiaçı müvafiq kompensasiya məbləğinin alınıb cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 verilməsi ilə onların mübahisəli mənzildən çıxarılmaları eyni vaxtda icra olunsun. Bu Qətnamə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 07 noyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vəsaiti İddiaçı aid edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3872/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3872/2025
13.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver