Məhkəmə qərarları › İş №2(3-8)-353/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-353/2026

07.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-353/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh İsmayıl qızına qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh İsmayıl qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İsmayıl qızına qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci iltarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İsmayıl qızı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X3 Şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 16, ** saylı mənzil üzərində mülkiyyət hüququ İddiaçı adına ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh İsmayıl qızı arasında ## #### 2014-cü il tarixində bağlanmış və Sumqayıt şəhər Nikah evi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 162 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İsmayıl qızına qarşı iddia qaldıraraq, cavabdeh Cavabdeh İsmayıl qızının ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, cavabdehin və onunla birgə himayəsində olan ##.##.2015-ci il təvəllüdlü X5 və ##.##.2017-ci il təvəllüdlü X9 qeyd olunan ünvandakı yaşayış sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X1 1-ci Qarabağ müharibəsi zamanı ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bununla əlaqədar 2005ci ilin avqust ayında şəxsən cənab Prezident İlham Əliyev tərəfindən Sumqayıt şəhəri, məhəllə 47, ev 16, ** saylı mənzil şəhid ailəsi olaraq ona təqdim edilmişdir. Həmin vaxtdan da mərhum həyat yoldaşı ilə birgə nikahdan olan övladı X4 ilə birlikdə qeyd olunan ünvanda yaşamağa başlamışdır. 2014-cü ildə oğlu X7 cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra ona məxsus qeyd olunan ünvana gəlin köçərək orada yaşamağa başladılar. Artıq xeyli müddətdir ki, cavabdehlə oğlu arasındakı ailə münasibərtləri gərginləşmiş və onların nikahı Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Buna baxmayaraq cavabdeh hal-hazıra kimi ona məxsus mənzildə yaşayır və bu hal onu və oğlunu ciddi narahat edir. Belə ki, cavabdehlə oğlu arasındakı münasibətlər həddindən artıq kəskinləşmişdir. Hətta cavabdehin yalan və əsassız məlumatları əsasında Sumqayıt şəhər məhkməsinin qərarı ilə oğlu barəsində inzibati həbs tətbiq edilmiş. Cavabdeh ona və övladına qarşı münaqişəyə təhrikedici hərəkətlərə davam etməkdədir. Hazırda özünü və oğlu Sahili cavabdehlə münaqişədən qorumaq üçün öz evindən didərgin düşüb müxtəlif qohumların evində gecələməli olura. Hesab edir ki, bu hal daha da çox davam edə bilməz. Cavabdehdən artıq keçmiş ailə üzü olduğunu və mənzilini tərk etməsini dəfələrlə tələb etsə də, o, mənzilini tərk etməkdən boyun qaçırdır. Bu hal da xüsusi mülkiyyətindən sərbəst istifadə hüququnu məhdudlaşdırır. Hesab edir ki, hazırki məsələyə ##.##.2009-cü il tarixdən qüvvədə olan Azərbaycan Respubliasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməklə, cavabdehin ünvan 1 ünvanında yerləşən ona məxsus yaşayış sahəsindən istifadə hüququna xitam verilməli və o, həmin yaşayış sahəsindən çıxarılmalıdır.

5. Cavabdeh Cavabdeh İsmayıl qızı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı İddiaçı, X2 ona qarşı "Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair" iddia ərizəsi əsassız, qanunsuz və ədalətsiz olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ona qarşı "Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Sumqayıt şəhəri, 47-ci məhəllə, ** saylı evin 23-cü mənzilinə olan istifadə hüququna xitam verilməsi və azyaşlı uşaqları ilə birlikdə həmin mənzildən çıxarılmaqları barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsini aşağıdakı əsaslara görə qanunsuz, əsassız hesab edir və etirazını bildirir. Belə ki, iddiaçının oğlu X4 ilə ##.##.2014-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və mübahisəli mənzilə gəlin köçmüşdür. Valideynlərinin ona cehiz şəklində verdikləri əmlakları mənzilin hər iki otağına yerləşdirilmişdir. Birgə nikahdan ##.##.2015-ci il təvəllüdlü X8 və ##.##.2017- ci il təvəllüdlü X9 adlı iki uşaqları anadan olmuşdur. Mübahisəli mənzil Sumqayıt şəhəri, 47-ci məhəllə, ** saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən iki otaqlı 23-cü mənzildən ibarətdir. Mənzil ** saylı, ##.##.2005-ci il tarixli orderlə dövlət mənzil fonduna aid olmuş və onların -- mənzildə qeydiyyatda olub yaşayan şəxslərin razılıq ərizələri əsasında iddiaçı İddiaçı adına qeydiyyata alınaraq dövlət reyestrindən ##.##.2023-cü il tarixli, 142301 **** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sumqayıt şəhər məhkəməsinin e*(***)-****/**** saylı, ##.##.2025-ci i! tarixli qətnaməsi ilə iddiaçı X4 ilə ##.##.2014-cü il tarixdə Sumqayıt şəhər Nikah evində aralarında bağlanmış (qeydiyyat nömrəsi 162) rəsmi nikah qeydinin pozulması qət edilmişdir. Hazırda iddiaçı İddiaçı məhkəmədə ona qarşı "Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair" iddia qaldırmış və onun azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxarılmağını tələb edir. Qanunverici yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən, bu prosedurun həyata keçirilməsi üçün belə bir şərt irəli sürmüşdür ki, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış tələblərinə mütənasib olmalı, istiladəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Kompensasiya məbləği müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetəri illik baxımından müəyyən edilməlidir.

6. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci iltarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh İsmayıl qızının Sumqayıt şəhəri, məhəllə 47, ev 16, ** saylı mənzilə istifadə hüququna xitam verilməsi, cavabdeh Cavabdeh İsmayıl qızının övladları - ##.##.2015-ci il təvəllüdlü X5 və ##.##.2017-ci il təvəllüdlü X9 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 16-da yerləşən ** saylı mənzildən çıxarılması qət edilmişdir (hakim Vəfa Şirəliyeva).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, , iş materialları ilə müəyyən olunur ki, hal-hazırda Sumqayıt şəhəri, 47- ci məhəllə, ev 16, ** saylı mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olan sənəd Sumqayıt şəhər İcra hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş ##.##.2005-ci il tarixli order olmuşdur. Yəni həmin ev sözügedən order əsasında iddiaçının istifadəsində olmuş, daha sonra İddiaçı mülkiyyətinə keçmişdir. Hazırda İddiaçı ona məxsus mənzildə yaşayan Cavabdeh İsmayıl qızının sözügedən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və iki azyaşlı övladları ilə birlikdə həmin mənzildən çıxarılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olubolmaması) məsələsinin araşdırılmasını zəruri hesab etmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, ilk növbədə hazırki işə tətbiq edilməli olan hüquq norması müəyyən edilməlidir. Buna görə də tərəflər arasında sözügedən mənzilə dair hüquq münasibətinin hansı dövrdə yaranmasının müəyyən edilməsi zəruridir. İş materiallarından görünür ki, iddiaçının oğlu ilə cavabdeh arasında ## #### 2014-cü il tarixdə nikah bağlanmışdır. Beləliklə tərəflər arasındakı mübahisəli hüquq münasibəti 2009-cu ildən sonra yaranmışdır. Tərəflər arasında mənzildən istifadə ilə bağlı münasibətlərin 2014-cü ildə yarandığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırki münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin maddənin 1-ci bəndinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Hazırki halda cavabdehin iddiaçının ailə üzvü olmadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, onun Sumqayıt şəhəri, məhəllə 47, ev 16, ** saylı mənzilə istifadə hüququna xitam verilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Qeyd olunan qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə yaşaması və maneələr yaratması sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir. İddiaçının tələb hüququ, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının mübahisəli mənzilə dair qüvvədə olan çıxarışının mövcudluğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, cavabdehin əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının, o cümlədən onunla iddiaçı arasında bağlanmış kirayə və sair müqavilənin olması müəyyən edilməmişdir. Cavabdehin hazırda iddiaçıya məxsus mənzildən istifadə etməsi iddiaçının, mülkiyyətçi olmasına baxmayaraq, əmlakdan istifadə etmək və ona sahib olmaq hüquqlarını məhdudlaşdırır. Mövcud vəziyyətdə cavabdehin bu hərəkətləri iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur. İddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun mövcudluğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, artıq qeyd olunduğu kimi, mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğu halda, o, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur və cavabdehin faktiki sahibliyindədir, onun isə mübahisəli əşyaya sahiblik hüququ yoxdur. Cavabdehin mübahisəli mənzildə məskunlaşmalası həmin mənzilin mülkiyyətçisi olan iddiaçının hüquqlarınının pozulmasına səbəb olur. Məhkəmə iddiaçının nəvələri X5 və X9 mənzildən çıxarılmasına dair tələbinə münasibətdə qeyd etmişdir ki, yuxarıda göstərilən nikahın pozulmasına dair məhkəmə qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların cavabdehin himayəsinə qalması qət edildiyindən və iddia Cavabdeh İsmayıl qızının mənzildən çıxarılması hissəsində təmin edildiyindən iddia həmin hissədə də təmin edilməlidir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinin, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 178.1-ci maddələrinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh İsmayıl qızı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci iltarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Cavabdeh Cavabdeh İsmayıl qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən ##.##.2009-cu il tarixdə qüvvəyə minmiş AR Mənzil Məcəlləsinin 30.4 və 30.5-ci maddələrinin tələbləri pozmuşdur. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, ətraflı və obyektiv araşdırmadan ədalətsiz qərar qəbul etmişdir. Mübahisəli məhkəmə qətnaməsində ##.##.2009-cu il tarixdə qüvvəyə minmiş AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edilmişdir. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsinə istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.

Apellyasiya şikayətinə qarşı etiraz

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh İsmayıl qızı apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlilərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu:

1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzil iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir və həmin mənzil üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh İsmayıl qızı həmin yaşayış sahəsinə yalnız iddiaçının oğlu ilə ailə münasibətləri əsasında istifadə hüququ əldə etmişdir. Tərəflər arasında nikah münasibətlərinə Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə xitam verilmişdir. Bu səbəbdən cavabdehin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün hüquqi əsas mövcud deyildir.

22. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh iddiaçının ailə üzvü deyildir və onunla qohumluq münasibəti yoxdur.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Cavabdeh İsmayıl qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci iltarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar