Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-789/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı suyun axıdılması nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı suyun axıdılması nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3/33, mənzil 45 iddiaçının şəxsi mülkiyyətindədir. Yaşadığı mənzil 3/33 saylı binanın 2-ci mərtəbəsində yerləşir, iddiaçıdan yuxarıda, yəni 4-cü mərtəbədə - ünvan 1 ünvanında cavabdeh X5 yaşayır. 2018-ci ilin may-iyun aylarından etibarən 2019-cü ilə qədər ona məxsus olan mənzilndən suyun sızması səbəbinə görə iddiaçının mənzilinə çox böyük zərər vurulmuş: işıq sistemi sıradan çıxmış, mətbəxdə və qonaq otağında divar kağızlarıqopmuş, mətbəxdə, qonaq otağında tavanın ağartması şişmiş və saralmış, parketlər isə qaralaraq bir neçə yerdə tamamilə qalxmışdır. Həmin vaxtdan indiyə kimi iddiaçının mənzilində nəmişlik iyi qalıb. Zərərin aradan qaldırılması ilə bağlı dəfələrlə iddiaçının müraciətlərinə baxmayaraq cavabdeh tərəfindən heç bir tədbirlər görülməmişvə eyni zamanda mənzilə su axıdaılması nəticəsində dəymiş maddi ziyanı ödəməkdə imtina edir. Cavabdeh tərəfindən iddiaçının mənzilinə su axıdılması ilə əlaqədar qonşular tərəfindən akt tərtib edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı cavabdeh X5 tərəfindən mənzilə su axıdılması nəticəsində dəymiş 5000 manat məbləğində maddi zərərin, 2000 manat məbləğində mənəvi zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun, eyni zamanda vəkil xidməti üçün ödənilmiş 210 manat məbləğində pulun, cəmi 7240 manat məbləğində vəsaitin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2018-ci ilin ortalarında iddiaçı cavabdehə bildirdi ki, onun mənzilin mətbəxindən su sızıntısı var və o su sızıntısı cavabdehlə onun mənzili arasındakı bir mərtəbəni keçərək onun mətbəxinə qədər gəlir və onun mətbəxinin təmirinə zərər vurur. Ayidə xanımla eyni sözü bölüşən üçüncü mərtəbədəki qonşunun mətbəxində isə hər hansı ziyanı yox idi. Cavabdeh həmin binaya yeni köçdüyü üçün qonşularla münasibətində narahatlıq olmasın deyə, onların sözləri ilə razlaşdı və usta dəvət edib mətbəxində ola biləcək bütün su sızıntısının və sair halların hamısını aradan qaldırdı. Bu hadisədən bir neçə ay keçdikdən sonra Ayidə xanım cavabdehə bildirdi ki, o, iddiaçının evinə maddi ziyan vurmuş və onun pulunu ödəməlidir. Cavabdeh yenə də məsələyə həlim yanaşmış və xəsarət dəyən yerin ona göstərilməsini xahiş etmişdir. İddiaçının mənzilinə baxış keçirildikdə cavabdeh ümumilikdə mənzilin təmirinin köhnə (təqribən 10 ildən əvvəl) olduğunu müşahidə etdi. Mətbəxdə tavanda üzlük qatı (boya) qabarmış və saralmışdır. Mətbəxin bir hissəsində isə divar kağızı kleyindən qopmuşdur. Bundan başqa iddiaçı cavabdehə mətbəxdə və qonaq otağında olan 2 işıq açarının işləmədiyini, qonaq otağında divardan qopmuş divar kağızını, qonaq otağının tavanının boya qabarmasını və qonaq otağının parketlərinin qaralmasım da “su sızması”nın fəsadı kimi göstərdi və cavabdehdən 450 manat pul tələb etdi. Cavabdeh qonşuluq münasibətlərinə xələl gəlməsin deyə 100 və ya 150 manat ödəyə biləcəyini iddiaçıya bildirdi. Belə ki, mətbəxdə bir işıq açarının dəyişdirilməsinin, divar kağızının məlum hissəsinin yenidən bərpa edilməsinin və tavan boyasının yenidən sürtülməsinin usta haqqı ilə birlikdə real bazar dəyəri 100 manatdan baha deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, onun mənzilindən su sızmasının olmasını inkar etmir. Su sızması olub, o, hətta evinə sızıntının mənbəyini müəyyən etmək üçün mütəxəssis dəvət etmiş və həmin mütəxəssisin xidmətini ödəmək üçün 100 manat ödəniş etmişdir. Mütəxəssis tərəfindən sızıntının onun evindən olması müəyyən ediləndə o, iddiaçıya 300 manat pul təklif etmiş, lakin iddiaçı razılaşmamış və ondan 450 manat tələb etmişdir. Halhazırda isə iddiaçı ümumiyyətlə ağlasığmaz məbləğ tələb edir. 5000 manata iddiaçının evini tam təmir etmək olar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat X1 görünür ki, Bakı şəhəri, 7-ci mikrorayon, ev 3/33 saylı evin 45 saylı mənzili xx.xx.2003-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, 7ci mikrorayon, ev 3/33 saylı evin 51 nömrəli mənzilinin mülkiyyətçisi Cavabdeh 2018-ci ilin yaz aylarından etibarən 2019-cu ilə qədər həmin ünvanda 48 nömrəli mənzildə yaşayan Elxan Hüseynova və 45 nömrəli mənzildə yaşayan İddiaçı məxsus mənzillərə dəfələrlə su axıdılmışdır. Nəticədə İddiaçı məxsus olan mənzildə işıq sistemi sıradan çıxmış, mətbəxdə və qonaq otağlarına divar kağızları qopmuş, mətbəxdə, qonaq otağında tavanın emulsiyası şişmiş və çatlamış, dəhlizdə və qonaq otağında parket xarab olmuşdur. Həmin aktı E.H.Hüseynov, S.R.Qocayeva və R.B.Qəribov imzalamış və akt Mənzil-tikinti kooperativin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli, 743 nömrəli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3/33 saylı evin 45 saylı mənzilində susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2054 manat məbləğində olduğu müəyyən edilmiş, lakin susızmanın konkret olaraq hansı texniki səbəblərdən baş verməsi və suyun hansı mənzildən axıdıldığını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, o, 48-ci mənzildə yaşayır və onun mənzili iddiaçı ilə cavabdehin mənzilləri arasında yerləşir. Cavabdeh özünə məxsus mənzili aldıqdan sonra, həmin mənzili təmir etmiş və göründüyü kimi, təmir zamanı mənzilin boru sistemində tıxanma baş vermişdir. Bunun nəticəsində onun mənzilini tamamilə su basmış və həmin su aşağı mərtəbələrə, hətta bloka və yan qonşunun evinə də sızmışdır. Hadisə baş verən zaman cavabdeh evində olmamış və kooperativin sədri vasitəsilə binaya təcili olaraq çağırılmışdır. Cavabdeh hadisə yerinə gələndən sonra ondan dönə-dönə üzr istəmişdir. Onun evi təmirsiz olduğuna görə dəymiş ziyan o qədər də gözə çarpan olmamış, lakin İddiaçı evi hənin vaxt nisbətən təzə təmir edilmiş və ona külli miqdarda ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, o, kooperativin sədridir. Ona görə də, məlum hadisə baş verən zaman sakinlər ilk növbədə onu çağırmışlar. O, da Cavabdeh zəng etmiş və ona təcili olaraq hadisə yerinə gəlməli olmasını bildirmişdir. Cavabdeh gələndən sonra demişdir ki, mütəxəssis çağıracaq və su sızması onun evindən baş veribsə - pulunu ödəyəcək. Mütəxəssis gəlmiş və su sızmanın Elvin Şıxəliyevin evindən baş verməsi təsdiq olunmuşdur. Elvin Şıxəliyev mütəxəssisin xidmətinə görə 100 manat ödəmişdir. Hadisə nəticəsində İddiaçı evinə çox ciddi ziyan dəymiş, evin təmiri tamamilə pozulmuş, hətta mənzilin elektrik sistemi də sıradan çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1098.2-ci maddəsinə müvafiq olaraq, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, Məhkəmə cavabdehin hazırkı mülki iş çərçivəsində iştirak etdiyi bütün məhkəmə iclaslarında su sızmasının onun mənzilindən olmasını qəbul etməsini və yalnız ondan tələb olunan məbləği mübahisələndirməsini nəzərə alaraq hesab edir ki, su sızmasının mənbəyi işin mübahisəsiz hallarındandır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, ekspert tərəfindən su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2054 manat olması müəyyən edildiyindən, iddiaçının 5000 manat maddi ziyan tələbi əsaslı hesab edilə bilməz və həmin hissədə iddia tələbi qismən - 2054 manat hissəsində təmin edilməlidir. Eyni zamanda Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona mənəvi zərər vurulmasını bildirsə də, ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X7 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən ınəhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materialları və işin müəyyən edilmiş halları ilə cavabdeh tərəfindən iddiaçıya mənəvi ziyanın vurulması halları öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 210 manat məbləğində pulun cavabdehdən tələb edilməsinə hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməli, hüquqi yardıma görə ödəmilmiş 100 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 29,34% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 8,80 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Dəymiş maddi ziyanın əvəzi olaraq 2054 (iki min əlli dörd) manat məbləğində pul, hüquqi yardıma görə iddiaçı təfəfindən vəkilə ödənilmiş pulun 100 (yüz) manat hissəsi və ödənilmiş dövlət rüsumunun 8,80 (səkkiz manat səksən qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun 21,20 manat və vəkilə ödənilmiş pul vəsaitinin 110 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-789/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-789/2020
24.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver