Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7913/2021 11.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.01.2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə fərdi mikro kredit məqsədilə 36 ay müddətinə illik 12% dərəcəsi ilə 5844 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 25 yanvar 2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********704 saylı 24.05.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 19.05.2021-ci il tarixə kredit üzrə cəmi borcu 3386.55 ABŞ dolları təşkil edir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən xahiş etmişdir ki, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etmədikdə işə baxılması təmin edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, devalvasiyaya qədər borcunun vaxtı-vaxtında ödənilməsini təmin edirdi. Hətta devalvasiyadan sonra da ödənişlərini dayandırmamışdır. Sonuncu ödənişini 2019-cu ilin fevral ayında, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın qəbul edilməsindən bir neçə gün əvvəl etmişdir. Ondan sonra o, ödəniş etmək istəyəndə ona bankdan bildirildi ki, hələ Fərman üzrə müvafiq hesablamalar gedir, bir az gözləsin. Bir müddət keçdikdən sonra onunla bankın əməkdaşı əlaqə saxladı və bildirdi ki, onu təbirk edir, belə ki, ona kompensasiya məbləği ayrılıb. O, banka yaxınlaşıb kartı götürdü və ona ayrılmış kompensasiyanı qəbul etdi. Bundan sonra onunla bankdan ümumiyyətlə əlaqə saxlayan olmamışdır və o əmin idi ki, banka olan borcu artıq bağlanıb. Belə ki, bağlanmasa idi 3874 manat məbləğində pul ona ödənilməzdir. Bilir ki, sonuncu ödənişini edəndən sonra onun banka 1950 ABŞ dolları məbləğində borcu qalmışdır. İndi də, borcu qaldığı təqdirdə, ödəməkdən boyun qaçırmır. Lakin hal-hazırda o artıq işləmir, təqaüdçüdür və borc məbləğini tam olaraq birdəfəyə ödəməsi mümkün deyil. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin zahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25.01.2017-ci il tarixli, 25012017/130292 saylı Müqavilədən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə illik 12% ödəmək şərtilə 5844 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 01.06.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 19.05.2021-ci il tarixə banka əsas borc 1950,97 ABŞ dolları, faiz borcu 522,86 ABŞ dolları, cərimə borcu 784,74 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanmış faiz 127,98 ABŞ dolları olmaqla, cəmi 3386,55 ABŞ dolları məbləğində borcu mövcuddur. İş materiallarında olan məhkəmənin sorğusuna verilmiş 10.11.2021-ci il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı ASC-nin Həzi Aslanov filialının müştərisi Cavabdeh2 ayrılmış 25 yanvar 2017-ci il tarixli, 25012017/130292 №-li kredit müqaviləsi üzrə 5844 ABŞ dollar kredit məbləği 25.01.2017-ci il tarixində bankdaxili restrukturizasiya olunmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq müştərilərə ödəniləcək kompensasiyalar 500 manatdan yuxarı məbləğdə olduğu halda plastik kartlarla verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən Cavabdeh2 25012017/130292 saylı 25.01.2017 tarixli krediti üzrə 24.04.2019 tarixində 3874.46 manat məbləğində kompensasiya məbləği ona verilmiş plastik kart hesabına köçürülmüş və 26.04.2019-cu il tarixində isə həmin məbləğ cavabdeh tərəfindən kart hesabından çıxarılmışdır. Əlavə olaraq bildiririk ki, kompensasiya məbləği vətəndaşın şəxsi kart hesabına köçürülmüş pul məbləği olduğundan həmin məbləğin nağdlaşdırılmasından sonra kredit borcuna ödənilməsi borclunun birbaşa seçim hüququna bağlıdır. Nəticə etibarilə, həmin məbləğ vətəndaş tərəfindən kredit borcunun ödənilməsinə yönəldilməmiş və plastik kart hesabına köçürülmüş 3874,46 manat nağd şəkildə çıxarılaraq şəxsi məqsədlər üçün istifadə olunmuşdur. Cavabdeh2 25012017/130292 saylı 25.01.2017 tarixli krediti üzrə sonuncu ödənişi 200 ABŞ dolları məbləğində 25.02.2019 tarixində olmuşdur. Hal-hazırda, həmin kredit müqaviləsi üzrə 19.05.2021 tarixli maliyyə arayışına əsasən Cavabdeh1 LPO Amrahbank ASC-yə 1950,97 ABŞ dolları əsas, 522,86 ABŞ dolları faiz, 784,74 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 127,98 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə cəmi 3386,55 ABŞ dolları təşkil edir”. Məhkəmə sorğuya cavabda göstərilənlərlə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı 28 fevral 2019-cu il tarixdə qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara ********* manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini ... təmin edən tədbirlər görməlidir. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank Fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, Fərmanda tövsiyə xarakteri daşıyan müddəaların onun üçün məcburidir. Məhkəmə cavabdehin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsinin işin mübahisəsiz halı olmasını nəzərə alaraq hesab edir ki, cavabdehin əsas borcu faktiki olaraq 1950,97 ABŞ dolları olduğu halda, cavabdeh(lər)dən məhkəmə qaydasında əlavə olaraq 522,86 ABŞ dolları faiz, 784,74 ABŞ dolları cərimə borcunun və gecikdirilmiş vaxt üçün illik 5% - 127,98 ABŞ dolları olmaqla, cəmi 3386,55 ABŞ dolları məbləğində borcun tələb edilməsi Fərmanın ruhuna ziddir. Belə ki, qeyd olunan Fərman vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədi ilə qəbul olunmuş, bu dəstəyin reallaşdırılması üçün dövlət tərəfindən banklara kifayət qədər şərait yaradılmış və banklar vətəndaşlarla olan kredit münasibətlərində daha güclü və məlumatlı tərəf olmaqla, üzərlərinə düşən vəzifələri daha ədalətli və humanist şəkildə icra etməli idilər. Məhkəmə iddiaçının zaminə qarşı tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 25.01.2017ci il tarixli, 25012017/130292 saylı Zaminlik müqaviləsinin 6.1-ci bəndindən görünür ki, həmin müqavilə 36 ay müddətinə bağlanmış, iddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 30.09.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Müki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 1950,97 ABŞ dolları məbləğində kredit borcu ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 57,61% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 17,28 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 1950,97 (min doqquz yüz əlli dollar doxsan yeddi sent) ABŞ dolları məbləğində kredit borcu ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun 17,28 (on yeddi manat iyirmi səkkiz qəpik) manat hissəsi tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 12,72 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-7913/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7913/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver