Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7973/2021 03.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8 avqust 2019-cu il, 29 sentyabr 2019-cu il, 29 sentyabr 2019-cu il, 10 mart 2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 11178 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq özünə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 8 avqust 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı kuxna mebelinə görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 40 manat, 29 sentyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Telefon Samsung A50 və Telefon Samsung A20-yə görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 395 manat, bağlanmış 29 sentyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı kuxna mebeli və spalni mebelinə görə 24 ay ərzində ödəniş cədvəli üzrə hər ay 354 manat, 29 sentybar 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı ət çəkən Eouroluksa görə 6 ay ərzində ödəniş cədvəli üzrə hər ay 24 manat, 10 mart 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Uşaq qravatına görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla müqavilələr üzrə cəmi 14340 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələr üzrə 4 sentyabr 2019-cu il tarixində 265 manat,4 oktyabr 2019-cu il tarixində 265 manat, 6 noyabr 2019-cu il tarixində 395 manat, 6 dekabr 2019-cu il tarixində 173 manat, 5 yanvar 2020-ci il tarixində 300 manat, 5 mart 2020-ci il tarixində 300 manat, 6 aprel 2020-ci il tarixində 300 manat, 4 iyun 2020-ci il tarixində 464 manat, 7 iyul 2020-ci il tarixində 300 manat, 8 sentyabr 2020-ci il tarixində ödəniş edərək növbəti aylarda ödənişi dayandırmışdır. Beləliklə, cavabdeh 8 avqust 2019-cu il, 29 sentyabr 2019-cu il, 29 sentyabr 2019-cu il, 10 mart 2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 11178 manat borcu qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçıdan hər hansı mal almamışdır ki, ona görə ödəniş etmiş olsun. Eyni zamanda iddiaçının sübut kimi təqdim etdiyi bir hissəsi əl yazısı, digər hissəsi isə elektron yazı ilə olan kağızlardakı imzalar da ona aid deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi isə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddiaçı bir hissəsi kompüter vasitəsi ilə yazılmış, digər hissəsi isə əllə doldurulmuş nisyə alqı-satqı müqaviləsi adlandırılan hər biri 1 vərəqdən ibarət sənədlərə istinad etməklə hazırkı iddia tələbini irəli sürmüş, cavabdeh isə iddiaçıdan hər hansı mal almadığı, həmin sənədlərdəki imzaların ona aid olmadığı, digər tərəfdən imzaların vizual olaraq da biri-birindən fərqləndiyi arqumentlərinə əsaslanmaqla iddiaya etiraz etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin arqumentləri əsaslıdır. Belə ki, məhkəmənin qənaətinə görə, iddiaçının sübut qismində təqdim etdiyi sənədlərin “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilməsi mümkün deyildir. Ən azından ona görə ki, həmin sənədlərdə həkk olunan imzaların qarşısında ad-soyad yazılmamış, başqa sözlə kimə aid olduğu aydın və konkret şəkildə göstərilməmişdir. Digər tərəfdən, həmin sənədlərdəki imzalar vizual olaraq da biri digərindən açıqca fərqlənməkdədir. Bundan başqa, tərəflər arasında müqavilənin mövcudluğunun qəbul edilməsi belə, özü-özlüyündə iddianın əsaslı olduğu qənaətinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 614.1-ci maddəsinə görə, pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Maddənin mənasından göründüyü kimi, alıcının malın dəyərini ödəmək öhdəliyi yalnız malın satıcı tərəfindən ona verilməsindən sonra yaranır. İndiki halda da iddiaçı tərəfindən cavabdehə iddia edilən malların verilmiş olduğu müəyyən edilmir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədləri də həmin malların təhvil verilməsinin sübutu kimi qəbul etmək mümkün deyildir. Belə ki, iddiadan da göründüyü kimi, iddiaçı satıcı olmaqla sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-cı il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"na əsasən malların fiziki olaraq təhvili və qəbulu müvafiq sənədlərlə rəsmiləşdirilməlidir. Həmin qaydalara görə, malın alınmasını sübut edən sənəd kimi “Malların təhvil-qəbul aktı” olan ciddi hesabat blankı əsas götürülür. Şərh edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığından onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-7973/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7973/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver