Məhkəmə qərarları › İş №2(001)-800/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-800/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-800/2021 12.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2014-cü il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 32 % olmaqla 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanan xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 7682,7 ABŞ dolları təşkil edir və müddəti xx.xx.2020-ci il tarixə təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixədək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-yə 2518,55 ABŞ dolları əsas, 673,17 ABŞ dolları faiz, 3811,61 ABŞ dolları cərimə olmaqla cəmi 7003,33 ABŞ dolları borcu vardır. Bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Borcalan iddiaçıya müraciət etmədiyindən onunla yeni şərtlərlə kredit müqaviləsi bağlanmamışdır. Ona görə də Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borca görə 2518,55 ABŞ dolları, kreditin bitmə tarixinə hesablanan faiz borcuna görə 673,17 ABŞ dolları, cərimə borcuna görə 3811,61 ABŞ dolları olmaqla cəmi 7003,33 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə xx.xx.2020-ci il tarixinə təyin olunan məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, xx.xx.2014-cu il tarixdə onunla bank arasında bağlanmış kredit müqaviləsinin icra müddəti ərzində devalivasiya hadisəsi baş verdiyindən onun maddi vəziyyəti pisləşdiyindən, iddiaçı onunla kreditlərin restrukturizasiyasını aparmalı olduğu halda, iddiaçı əksinə olaraq onu daha da çətin maliyyə vəziyyətinə salan xx.xx.2017-ci il tarixdə 7682,7 ABŞ dolları qalıq kredit borcu üzrə əlavə saziş bağlamışdır. Beləliklə iddiaçı qalıq kredit borcu üzrə istər Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına qədər, istərsə Fərmanın tələbinə icrasına əsasən restrukturizasiya aparmayaraq, əksinə onun ziyanına olan əlavə saziş, yəni öz xeyrinə uyğun adi kredit müqaviləsi bağlayaraq, habelə iki qat faiz hesablayaraq, onun əsassız maliyyə yükünü artırmışdır. İddiaçı onunla xx.xx.2017-ci il tarixdə əlavə saziş bağladığı zaman birinci müqavilə, yəni xx.xx.2014-cu il tarixli müqavilə üzrə olan kredit borcuna görə hesablanmış faiz borcu çıxılmadan, bu faiz də əsas borcun üzərinə əlavə edilərək cəmlənmiş və yenidən faiz hesablamışdır, bir sözlə faizdən faiz hesablanmışdır. Azərbaycan Respublikası MM-nin 445-ci maddəsinə əsasən faizdən faiz ödənilməsi yolverilməzdir. Habelə banklar borcalanın maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar kreditlərin restrukturizasiyasını aparır. Borcun restrukturizasiyası kreditin qaytarılmasında çətinliyin yaranması zamanı kredit müqaviləsinin şərtlərinin yumşaldılmasıdır. Bu zaman müştəriyə müəyyən güzəştlər nəzərdə tutulur, ya müddət uzadılır və əsas borcun qaytarılması daha uzun müddətə təxirə salınmaqla sadəcə faiz ödənir, ya da faiz azaldılır. Əsas borcun uzun müddətə təxirə salınması ilə faizin daim ödənməsi müştəri üçün sərfəli deyil, çünki bu zaman müddət artdıqca ödəniş də çoxalır. Təcrübədə banklar əsas məbləğdən güzəştə getmək istəmir, amma hesablanan əlavə faiz və cərimələrdən imtina edə bilirlər. Bank tərəfindən borclu üçün bu tədbirin görülməsi borclunun ağır maddi vəziyyətinin yüngülləşdirilməsi məqsədi ilə aparılır, nəyinki ağırlaşdırılması. Belə ki, bank tərəfindən faizlərin belə yüksək rəqəmlərlə hesablanması Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Prezidentin xx.xx.2014-cü il tarixli Fərmanının 11-ci bəndinə ziddir. Orada deyilir: Azərbaycan Respublikasının Mərkəzi Bankı kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görsün və görülən işlər barədə altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Yəni prezident Mərkəzi Banka tapşırıb ki, faiz dərəcələrinin aşağı salınmasını təmin etsin. Lakin iddiaçı bank faiz dərəcələrini azaltmaq əvəzinə ona krediti ən yüksək faizlə 32%-lə vermişdir. Bundan əlavə baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı da iddiaçı ona münasibətdə tətbiq etməmişdir. Başqa sözlə iddiaçı, əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə kreditlərin verilməsi, habelə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi kimi tədbirlər aparmamışdır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli və xarici valyutada götürülmüş kreditlər ödəniş edilən günə olan kurs ilə ödənilməsinə, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarları dolayısı ilə qüvvədən düşdüyündən, Azərbaycan Respublikası MM-nin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilməli və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürmədiyini nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməlidir. Bu səbəblərdən hesab edir ki, İddiaçı ASC-nin məhkəməyə təqdim etdiyi iddia tələbinin hal-hazırda hüquqi əsası yoxdur. Habelə iddia tələbinin zaminlərə qarşı irəli sürülməsinin də hüquqi əsasları mövcud deyildir. Ona görə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tətbiqindən sonra zaminlik müqavilələrinə xitam verilməli və Cavabdeh1 və Cavabdeh2 zaminlikdən çıxarılmalıdırlar. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətini, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 439.2.-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7.-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № ********* saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 24 ay müddətinə qaytarmaq illik 32 % ödəmək şərti ilə şəxsi istehlak məqsədilə 6350 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndindən müəyyən olunur ki, gecikdirilən borc məbləğinə cərimə kimi illik 64 % dərəcəsilə, aylıq isə 5,33 % dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli № ********* saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində əsas borca görə 6350 ABŞ dolları, faiz borcuna görə 2331,83 ABŞ dolları olmaqla cəmi 8681,83 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli 1/46/70812390 saylı kassa məxaric orderindən müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 4973,96 manat ödənilmişdir. Borcverən İddiaçı ASC, borcalan Cavabdeh3 və zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 430004221/ZM saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zaminlər xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə borcalanın borcverən qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hisə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Zaminlik müqaviləsinin 3.1.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə öhdəliyini icra etmədikdə kreditorun dəymiş zərərin əvəzini borcalan və ya zaminlərdən tələb etmək hüququ vardır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 5.1-ci bəndinə əsasən zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminlərin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və ya dəyişdirilmə onun məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürülmədiyi halda xitam verilir. Zaminlik müqaviləsinin 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 1 saylı əlavə sazişdən müəyyən olunur ki, tərəflər xx.xx.2014-cü il tarixli № ********* saylı kredit müqaviləsi üzrə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. Əlavə sazişin 1-ci bəndinə əsasən müqaviləyə əsasən borcverənin borcalana verdiyi kreditin qalıq məbləği 5094 ABŞ dolları təşkil edir, kreditin müddəti 26 ay təyin edilir. Əlavə saziş üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində əsas borca görə 5094 ABŞ dolları, faiz borcuna görə 2028,72 ABŞ dolları olmaqla cəmi 7122,72 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən İddiaçı ASC, borcalan Cavabdeh3, zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 430004221/ZM saylı zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 1 saylı əlavə sazişdən müəyyən olunur ki, tərəflər xx.xx.2014-cü il tarixli № ********* saylı zaminlik müqaviləsi üzrə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. Əlavə sazişin 1-ci bəndinə əsasən müqaviləyə əsasən borcverənin borcalana verdiyi kreditin qalıq məbləği 5094 ABŞ dolları təşkil edir, kreditin müddəti 26 ay təyin edilir. Əlavə sazişin 2-ci bəndinə əsasən əlavə saziş tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin öhdəliklərini yerinə yetirənədək qüvvədə qalır. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə sazişdən müəyyən olunur ki, tərəflər xx.xx.2014-cü il tarixli № ********* saylı kredit müqaviləsi üzrə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. Əlavə sazişin 1.1-ci bəndinə əsasən borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 7682,7 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4000,93 ABŞ dolları əsas borc, 2394,32 ABŞ dolları faiz borcu və 1287,45 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir. Əlavə sazişin 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilir. Əlavə sazişin 1.3-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 20 % dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Əlavə saziş üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində əsas borca görə 4000,93 ABŞ dolları, faiz borcuna görə 646,6 ABŞ dolları olmaqla cəmi 4647,53 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən İddiaçı ASC, borcalan Cavabdeh3, zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 430004221/ZM saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə sazişdən müəyyən olunur ki, tərəflər xx.xx.2014-cü il tarixli № ********* saylı zaminlik müqaviləsi üzrə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. Əlavə sazişin 1-ci bəndinə əsasən müqaviləyə əsasən borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 7682,7 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4000,93 ABŞ dolları əsas borc, 2394,32 ABŞ dolları faiz borcu və 1287,45 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 20 % dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Əlavə sazişin 2.2-ci bəndinə əsasən zamin bu əlavə sazişi imzalamaqla xx.xx.2014cü il tarixli ********* saylı kredit müqaviləsi həmin müqaviləyə edilmiş əlavələr o cümlədən 02 saylı xx.xx.2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılşadığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. Borcverən İddiaçı ASC, borcalan Cavabdeh3, zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 430004221/ZM saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə sazişdən müəyyən olunur ki, tərəflər xx.xx.2014-cü il tarixli № ********* saylı zaminlik müqaviləsi üzrə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. Əlavə sazişin 1-ci bəndinə əsasən müqaviləyə əsasən borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 7682,7 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4000,93 ABŞ dolları əsas borc, 2394,32 ABŞ dolları faiz borcu və 1287,45 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 20 % dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Əlavə sazişin 2.2-ci bəndinə əsasən zamin bu əlavə sazişi imzalamaqla xx.xx.2014cü il tarixli ********* saylı kredit müqaviləsi həmin müqaviləyə edilmiş əlavələr o cümlədən 02 saylı xx.xx.2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. İddiaçı ASC-nin borcalan Cavabdeh3, zaminlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2017-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana və zaminlərə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun ödənilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh3 xx.xx.2020-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə əsas borca görə 2518,55 ABŞ dolları, faiz borcuna görə 673,17 ABŞ dolları, cəriməyə görə 3811,61 ABŞ dolları olmaqla, cəmi 7003,33 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/5756 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları xx.xx.2014-cü il tarixli ********* saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 İddiaçı ASC-yə əsas borcu 2518,55 ABŞ dolları, faiz borcu 673,17 ABŞ dolları təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışından müəyyən olunur ki, Cavabdeh3 LPO İddiaçı ASC-yə əsas kredit borcu 4281,54 manat (2518,55 ABŞ dolları) təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanan xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşdüyündən Fərmanın qüvvəyə mindiyi tarixə borcalanın borcverənə olan 2518,55 ABŞ dolları əsas borcunun restrukturizasiya edilməsi nəzərdə tutulsa da, borcverən borcalanla, istinad olunan Fərmanın tələblərinə əsasən, güzəştli kredit müqaviləsinin bağlanması üçün heç bir tədbir görməmişdir. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 5.1,-5.3-cü bəndlərinə əsasən kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir: kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə; kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda –kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla. Kredit təşkilatları bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, SMS) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada Palataya təqdim edir. Həmin Qaydaların 6.1-6.16-cı bəndlərinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1dək bağlanmalıdır; fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Fiziki şəxslə kredit təşkilatı arasında bağlanan yeni güzəştli kredit müqaviləsində ən azı aşağıdakılar nəzərə alınmalıdır: kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur; kreditin müddəti 5 il (1 il güzəşt müddəti ilə) müəyyən olunur və güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur; kreditin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir; kredit müqaviləsi milli valyutada rəsmiləşdirilir; müqavilənin rəsmiləşdirilməsi ilə bağlı komisyon haqq tutulmur; kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı əlavə ödəniş alınmır; kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır; kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtlərdən daha ağır şərtlər müəyyən edilə bilməz. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Kredit təşkilatları bu Qaydaya uyğun olaraq, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edir. Palata bu Qaydanın 6.10-cu bəndinə əsasən məlumatı əldə etdikdən sonra 5 iş günü müddətində kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılması məqsədilə Mərkəzi Banka müraciət edir.Bu Qaydanın 6.11-ci bəndində nəzərdə tutulan müraciət daxil olduqdan sonra Mərkəzi Bank 5 iş günü ərzində “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rəsmiləşdirməklə kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılmasını və həmin kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Palata kredit təşkilatlarının xarici valyutada olan kreditlərin manatla verilən kreditlərlə əvəzlənməsi nəticəsində yaranan valyuta mövqeyi barədə məlumatı Mərkəzi Banka təqdim edir. X3 5.2-ci bəndinə və bu Qaydanın 6.13-cü bəndinə əsasən təqdim olunmuş məlumat nəzərə alınmaqla, banklara onların müraciəti əsasında ABŞ dollarında ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edir. Həmin qiymətli kağızlar Fərmanın 5.1-ci bəndinə əsasən banklara ayrılan vəsait hesabına əldə edilir. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. İstinad olunanlardan müəyyən olunur ki, Qaydaların tələblərini nəzərə almaqla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını təklif etmək hüququ birbaşa kredit təşkilatlarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə iddiaçının faiz, cərimə tələbi ilə bağlı qeyd edir ki, vaxtında öz hüquqlarından istifadə edib cavabdehlərlə güzəştli kredit müqaviləsi bağlamayan iddiaçının hazırda cavabdehlərə qarşı faiz, cərimə tələbi irəli sürməsi hüquqdan suistifadə olduğundan iddia tələbləri bu hissədə təmin edilə bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının cavabdehlərdən əsas borca görə 2518,55 ABŞ dolları tələbi əsaslı olduğundan iddia ərizəsi bu hissədə təmin, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən əsas borca görə 2518,55 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, dövlət rüsumuna görə 30 manat ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar