Məhkəmə qərarları › İş №2(001)-8010/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8010/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8010/2021 06.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı (MMC) Cavabdeh qarşı “müqavilə əsasında borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən icarə müqaviləsi üzrə ödənilməmiş 330 manat məbləğində pul vəsaitinin, 20 manat məbləğində pul vəsaitinin isə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi olmaqla ümumilikdə 350 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı MMC-nin direktoru Bünyat-zadə Emil Aydın oğlu ilə Cavabdeh arasında “X7” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin 28 iyul 2018-ci il tarixdən 11 avqust 2018-ci il tarixədək 1 günü 100 manat olmaq şərti ilə 14 gün müddətinə icarəyə verilməsinə dair 28 iyul 2018-ci il tarixli "xxxx" bağlanaraq yol vərəqəsi və təhvil-təslim aktı əsasında avtomobil cavabdehə verilmişdir. Cavabdeh icarəyə götürdüyü həmin avtomobili 14 gün müddətdə istifadə etmiş, əvəzində iddiaçıya cəmi 1070 manat pul ödəmiş, 330 manat borclu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə edilmiş rəsmi müraciətlər cavabsız qaldığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda E.T.Aşirov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. İş materiallarında olan: - İddiaçı MMC-nin direktoru X3 ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2018-ci il tarixli "xxxx"ndən görünür ki, MMC “X7” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili 1 günü 100 manata Cavabdeh icarəyə vermişdir. - Ödəniş qəbzindən görünür ki, gündəlik icarə haqqı 100 manat olan avtomobil üçün Cavabdeh tərəfindən 14 gün üçün 1070 manat ödəniş edilmiş, 330 manat ödənilməmiş qalmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “nəqliyyat vasitəsinin icarəyə verilməsi” barədə müqavilədə icarəyə götürülmüş avtomobil üçün 1 günlük icarə haqqı müəyyənləşdirildiyindən, cavabdeh həmin avtomobildən istifadə etdiyi hər gün üçün həmin məbləği ödəməyi öhdəsinə götürdüyündən və istifadə etdiyi 14 gün üçün ümumilikdə 1400 manat ödəməli olduğu halda 1070 manat ödəniş etdiyindən, ödənilməmiş 330 manatın ondan iddiaçının xeyrinə tutulması üçün əsaslar mövcuddur və buna görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 330 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar