Məhkəmə qərarları › İş №2(001)-804/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-804/2023

05.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-804/2023 05.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1 qarşı Bakı şəhəri Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi döngə 11-də yerləşən faktiki istifadəsində olan fərdi yaşayış evinə çəkilmiş qaz xəttinin əvvəlki vəziyyətinə bərpa edilməsinə və qazdan istifadəsinə yaradılan maneənin qadağan edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh1 qarşı Bakı şəhəri Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi döngə 11-də yerləşən faktiki istifadəsində olan fərdi yaşayış evinə çəkilmiş qaz xəttinin əvvəlki vəziyyətinə bərpa edilməsinə və qazdan istifadəsinə yaradılan maneənin qadağan edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi döngə 11-də yerləşən fərdi yaşayış evində İddiaçı 2013-cü ildən yaşayır. İddiaçının evinə çəkilmiş qaz xətti fərdi yaşayış evinə gələn yolun, yəni darvazadan içəri hissəsinin sağ tərəfində Cavabdeh1 məxsus fərdi yaşayış evinin daş hasarının digər hissəsində yerləşmişdir. Bir müddət əvvəl Cavabdeh1 ev tikməsini bildirib iddiaçıdan onun hissəsində hasardan həyətə giriş açaraq darvaza qoyması üçün icazə istəmişdir. Qazpaylayıcı ilə iddiaçı arasında sayğacın quraşdırılması barədə xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmış, əvvəl iddiaçıya məxsus fərdi yaşayış evinə gələn qaz xəttinin turbası hasarla 1,5 metr hündürlükdən çəkilmişdir. Razılığa əsasən cavabdeh öz hesabına iddiaçıya aid qaz xəttinin turbasını hündürə qaldırıb evin divarından keçirməyi öhdəsinə götürmüşdür. Cavabdeh fərdi yaşayış evini tikdikdən sonra iddiaçıya məxsus qaz xəttini hündürə qaldıraraq evin divarı ilə keçirmişdir. Lakin heç bir səbəb olmadan xx.xx.2022-ci il tarixdə cavabdeh qaz xəttinin turbasını kəsərək iddiaçıya məxsus fərdi yaşayış evinə verilən qazı dayandırmış, iddiaçının tələblərinə baxmayaraq qaz xəttinin onun evinin divarından keçməsinə icazə verməyəcəyini bildirmişdir. Həmin vaxtdan iddiaçının fərdi yaşayış evində qaz yoxdur və iddiaçı ciddi çətinliklərlə üzləşmişdir. İddiaçı bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən gələrək onların izahatı alınmış, lakin heç bir tədbir görülməmiş, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi bildirilmişdir. İddiaçının evində qazdan istifadə edilməsi mümkün olmadığı üçün artıq fərdi yaşayış evinin otaqlarında nəmişlik yaranmış, nəticədə iddiaçı əlavə maddi xərclər çəkməli olur. Fərdi yaşayış evi idiaçının daimi yaşayış yeridir. İddiaçı qanuni əsaslarla fərdi yaşayış evinə qaz xətti çəkdirmiş, onun qazdan istifadə etməsi heç bir halda məhdudlaşdırıla bilməz. Ona görə də Bakı şəhəri Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi döngə 11-də yerləşən və iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinə çəkilmiş qaz xəttinin əvvəlki vəziyyətinə bərpa edilməsinə və qazdan istifadəyə yaradılan maneənin Cavabdeh1 qadağan edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, evini inşa etdikdən sonra evinə qaz xətti çəkdirmiş, Azəriqaz İB həmin qaz xəttini təhvil alaraq evinə qaz sayğacı quraşdırmışdır. Bir müddət sonra qonşusu Cavabdeh1 ona müraciət edərək öz evində apardığı tikinti işlərinə görə ona məxsus qaz xəttinin yerini öz vəsaiti hesabına dəyişdirməyi təklif etmiş və onlar razılaşmışlar. Bundan sonra cavabdeh öz evivnin divarına birləşdirməklə onun qaz xəttinin yerini dəyişdirmişdir. Müəyyən müddətdən sonra cavabdeh ona müraciət edərək niyə ona məxsus qaz xəttinin onun evinə birləşməsini deyib etiraz etmiş, qaz xəttinin kənarlaşdırılmasını tələb etmiş, o, isə qaz xəttinin cavabdehin özününü belə şəkildə çəkməsini cavabdehə bildirmişdir. Bundan sonra cavabdeh ona məxsus qaz xəttini kəsərək yerə atmışdır. 2022-ci ilin yanvar ayının əvvəlindən onun evində qaz yoxdur. Nəmişlik nəticəsində evinin otaqlarının divarları göyərmiş, divar kağızları qopmuşdur. Qaz olmadığından həyətində isti su qızdırmaq məcburiyyətindədir. Evində iki azyaşlı uşağı var, qaz olmadığından özləri də bu müddət ərzində xəstələnmişlər. Qaz olmadığından o, ailə üzvləri ilə birlikdə qohumunun hamamından istifadə etmək məcburiyyətində qalmışdır. Cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Ona görə də evinə gələn qaz xəttinin cavabdeh tərəfindən bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, nümayəndəsi X6 izahatını təsdiq etmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı ailəsi ilə məskunlaşdığı özbaşına tikili olan fərdi yaşayış evinin qaz xətti cavabdehə məxsus olan yaşayış sahəsinin hasarı üzərində yerləşmişdir. Təxminən 5-6 il əvvəl cavabdeh özünə məxsus olan yaşayış sahəsinin hasarının öz həyətinə doğru əyilmiş vəziyyətdə, uçmaq təhlükəsi altında olduğunu nəzərə alıb qonşuluqda yaşayan İddiaçı əri Almazxan Əsgərova həmin qaz xəttini düzəltməsini təklif etsə də, sonuncu buna heç bir cavab verməmişdir. Cavabdeh təklifinin cavabsız qaldığını görüb öz hesabına əlavə borular alaraq iddiaçının qaz xəttini müvəqqəti olaraq öz yaşayış sahəsindən keçirmiş və güman etmişdir ki, iddiaçı və onun əri bu məsələ ilə yaxın zamanda məşğul olacaqlar. 2021-ci ilin dekabr ayında cavabdeh yenidən Almazxan Əsgərova qaz xəttini düzəldəcəyi təqdirdə ona yardım edəcəyini təklif etsə də, onlar yenə də bu təklifə laqeyd yanaşmışlar. 2022-ci ilin yanvar ayının 2-də cavabdeh tərəfindən qaz xətti ona məxsus olan yaşayış sahəsinin hasarından ayrıldığından qaz borucu yerə sallanmağa başlamışdır. Bu isə qaz xəttinin cavabdehə məxsus olan yaşayış sahəsinin qapısının açılıb bağlanmasına və onun hər səhər işə gedib-gəlməsinə maneçilik törədir. Qonşunun bu məsələyə laqeyd yanaşdığını və iddiaçının qaz xəttinin cavabdehə məxsus olan yaşayış sahəsində yerləşən əsas qapının açılıb-bağlanmasına maneçilik törətdiyini nəzərə alaraq 2022-ci ilin yanvar ayının ortalarında cavabdeh iddiaçıya məxsus qaz xəttini tamamilə açmışdır. İddiaçı və oğlu qaz turbalarını cavabdehdən götürdükdən sonra cavabdeh barəsində DİN-in 102 xidmətinə məlumat vermiş, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən gələrək izahat alınmış və heç bir cinayət tərkibinin olmadığı bildirilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi qazın olmaması səbəbindən maddi xərclər çəkməsinə münasibətdə qeyd etmək lazımdır ki, İddiaçı və ailəsi hər axşam hazırda Almaniyada yaşayan qardaşı X8 evində qalırlar. Qanunvericiliyin tələblərinə əsasən İddiaçı cavabdehə məxsus olan yaşayış sahəsinin hasarı üzərindən keçən qaz xətti ilə bağlı heç bir servitut hüququ yoxdur. Ona görə də İddiaçı Cavabdeh1 qarşı fərdi yaşayış evinə çəkilmiş qaz xəttinin əvvəlki vəziyyətinə bərpa edilməsi və qazdan istifadəyə yaradılan maneənin qadağan edilməsi tələbinə dair iddiası əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, o, həyətinə qapı açarkən iddiaçının qaz borusunun yerini dəyişərək evinin divarına bərkidmiş, həmin vaxt iddiaçıya bir müddətdən sonra borunu onun evindən kənarlaşdırmağı demiş, lakin iddiaçı razılaşmamışdır. İki ildən sonra o, iddiaçıya qaz xəttinin onun evindən kənarlaşdırılmasını demişdir. Belə ki, qaz xətti ona külək əsasəndə manelər yaradırdı. Bundan başqa orada onun krosna antenası quraşdırılmışdır. 2022-ci il yanvar ayında o, evinə bərkidilmiş iddiaçıya məxsus qaz xəttini açaraq yerə atmış, daha sonra həmin xətt ona manelər yaratdığından qaz xəttini tamamilə açaraq iddiaçının evinə gələn qazı bağlamışdır. O, dəfələrlə iddiaçıya material almasını, qazı çəkəcəyini demiş, lakin iddiaçı razılaşmamışdır. O, hal-hazırda qaz xəttini bərpa etməyə hazırdır, bunun üçün iddiaçının ona dəstəyi lazımdır. Qaz xəttinin bərpa edilməsi üçün heç bir çətinlik yoxdur və çox vəsait tələb olunmur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azəriqaz İB-nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, 3-cü şəxs Azəriqaz İB məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə 3-cü şəxs Azəriqaz İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin xx.xx.2022-ci il tarixli 064-192 saylı məktubunun surətindən müəyyən olunur ki, X7 102 xidmətinə daxil olmuş müraciəti ilə bağlı Məhkəməyə və Azəriqaz İB-yə müraciət etməsi məsləhət görülmüşdür. Azəriqaz Layihə İnşaat QSC-nin qaz kəmərlərinin yoxlanması və istismara qəbuluna dair xx.xx.2018-ci il tarixli aktının surətindən müəyyən olunur ki, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən X3 aid fərdi yaşayış evində qaz kəməri layihəyə uyğun olaraq Azərqaz Layihə İnşaat QSC tərəfindən 44/TŞ-2018-021639/Ş saylı işçi layihəyə daxil edilmiş, razılaşdırılmış dəyişiklik və kənarlaşdırmaları nəzərə alaraq TN və qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə uyğun olaraq quraşdırılmışdır. X4 Birliyi ilə istehlakçı Əskərova Hicran Hüseyin qızı arasında bağlanmış xx.xx.2017ci il tarixli № 15/590 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilənin surətindən müəyyən olur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. X2 əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu barədə xx.xx.2013-cü il tarixli ******* saylı aktdan müəyyən olunur ki, İddiaçı istifadəsində olan 1302AZ**********41 zavod nömrəli sayğaca baxış zamanı qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təyziq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verdiyindən abonentə təhvil verilmişdir. Azəriqaz İB-nin ünvan 1 ünvanında yaşayan Almaz Əsgərova ünvanladığı müraciətə baxılmasına dair məktubundan müəyyən olunur ki, A.Əsgərovun müraciəti araşdırılaraq zərurət olduğu halda tədbirlər görülərək vətəndaşa və birliyə məlumat verilməsi Bakı Regional Qaz İstismarı Departamentinə tapşırılmışdır. Bakı Regional Qaz İstismarı Departamentinin ünvan 1 ünvanında yaşayan Almaz Əsgərova ünvanladığı müraciətə baxılmasına dair məktubundan müəyyən olunur ki, A.Əsgərovun yaşadığı fərdi yaşayış evinə qaz xəttinin bərpa olunması ilə bağlı xx.xx.2022ci il tarixli müraciətinə baxılaraq qaz sayğacından sonra fərdi yaşayış evinə çəkilməli olan qaz xəttini lisenziyası olan ixtisaslaşdırılmış tikinti təşkilatı tərəfindən Tikinti Norma və qaydalarına uyğun olaraq öz vəsaiti hesabına həyata keçirə bilməsi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-ci il tarixli 10/1075 saylı rəyindən müəyyən olunur ki, ekspertin iştirakı ilə Bakı şəhəri Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi döngə 11-də yerləşən fərdi yaşayış evinin həyətinin giriş darvazası avtomobil yolundan 27 metr məsafədə yerləşir. Avtomobil yoluna paralel Azəriqaz İB-yə məxsus əsas daşıyıcı qaz xətti vardır. İddiaçı yaşadığı fərdi yaşayış evinə qaz xətti həmin ümumi qaz xəttindən çəkilmişdir. Sayğac yolun kənarında 160 sm hündürlükdə hasarın üzərinə bərkidilmişdir. Sayğac ümumi paylayıcı qaz xəttinə qoşulmuş, lakin çıxış xətti 50 sm uzunluğunda sonluğu açıq halda qalmışdır. Sayğac ilə İddiaçı yaşadığı fərdi yaşayış evinin aralığında cavabdehə məxsus fərdi yaşayış evinin küçəyə tərəfə divarı və həyətinin darvazası vardır. Cavabdehə məxsus fərdi yaşayış evinin küçə divarı boyunca qaz xətti yoxdur. Divardan sonra həyətin hasarının üzərində yer səthinə doğru sallanmış halda sonluğu açıq olan 15 mm-lik polad qaz borusu vardır. Baxış zamanı həmin borunun İddiaçı yaşadığı fərdi yaşayış evinə daxil olduğu müəyyən edildi. Həmin xətt evdə olan qaz cihazlarına qoşulu olmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, baxış zamanı Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi döngə 11-də İddiaçı yaşadığı fərdi yaşayış evinə qaz xəttinin tam şəkildə çəkilmədiyi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, İddiaçı yaşadığı Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi döngə 11-də yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edilmir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(072)-33/2021 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər X5 və X1 ayrı-ayrılıqda hər birindən 5000 manat mənəvi zərərin tutulması və cavabdehlərin ondan ailəsinin, övladlarının və qonşularının yanında onun barəsində həqiqətə uyğun omayan yalan məlumat yaydıqları üçün üzr istəmələri barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1.törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2.əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3.törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4.zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı fərdi yaşayış evi Azəriqaz İB tərəfindən qazla təmin edildikdən sonra cavabdeh öz evində apardığı tikinti işləri nəticəsində iddiaçının evinə çəkilən qaz xəttinin yerini dəyişmiş, bir müddətdən sonra isə cavabdeh həmin qaz xəttini çıxarmış nəticədə İddiaçı yaşadığı Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi döngə 11-də yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının yaşadığı fərdi yaşayış evində qazdan istifadə edə bilməməsi öz təsdiqini tapdığından, cavabdehin öz evində apardığı tikinti işləri nəticəsində iddiaçıya məxusus qaz xəttinin əvvəlki vəziyyətinin bərpa olunması mümkün olmadığından iddia ərizəsi qismən təmin edilərək Cavabdeh1 İddiaçı sonuncunun yaşadığı fərdi yaşayış evində təbii qazdan istifadə etməsində yaratdığı maneləri aradan qaldıraraq Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi döngə 11-də yerləşən fərdi yaşayış evinə çəkilmiş qaz xəttinin bərpa etməsi vəzifəsi həvalə edilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi döngə 11-də yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə etməsində yaratdığı maneləri aradan qaldıraraq Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi döngə 11-də yerləşən fərdi yaşayış evinə çəkilmiş qaz xəttinin bərpa etməsi vəzifəsi Cavabdeh1 həvalə edilsin. Cavabdeh1 ekspertiza tədqiqatının dəyərinə görə 102 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar