Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-805/2021 05.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 1675 manat, dövlət rüsumuna görə 30 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 1675 manat, dövlət rüsumuna görə 30 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 27.08.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində X2 məxsus Lexus RX 300 markalı dövlət nömrə nişanı ** BX *** olan avtomobili etibarnamə əsasında idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, ara məsafəsi saxlamadan iddiaçının idarə etdiyi və ona məxsus olan ** XE *** dövlət nömrə nişanı olan Ford Edge markalı minik maşınının yanından keçərkən iddiaçının avtomobilinə ziyan vurmuş, ön sol güzgünü sıradan çıxarmış, maşının buferini və sol krılosunu zədələmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh günahını boynuna alsa da, lakin hadisə yerindən qaçıb getmişdir. Həm yol hərəkəti qaydalarının pozuntusu, həm iddiaçının maşınına dəyən zədələr, həm də cavabdehin hadisədən yayınması faktı hadisə yerinə gələn Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon X4 Şöbəsinin əməkdaşları tərəfindən qeydə alınmış, bu barədə 02.09.2020-ci il tarixdə İXP ******* saylı protokol və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında TP ******* saylı 14.09.2020-ci il tarixli qərar qəbul edilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə inzibati tənbeh tətbiq edilərək 100 manat cərimə edilmiş və bu qərar artıq qanuni qüvvəsini almışdır. İddiaçının avtomobilinin zədələnməsi faktı Binəqədi rayon X4 Şöbəsinin verdiyi 025184 saylı arayışla və eləcə də iddiaçının Ford avtomobillərinin rəsmi servisini həyata keçirən FNC Motorsa müraciəti əsasında verilən 01.09.2020-ci il tarixli qüsur aktı ilə də təsdiq olunur. FNC Motorsun verdiyi qüsur aktına görə iddiaçıya 2005 manat ziyan dəymişdir. Lakin iddiaçı sol güzgünü 1260 manata almış, qüsur aktında olan məbləğdən 290 manat az xərc çəkmişdir. Ona görə də Cavabdeh vurduğu ziyana görə 1675 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1705 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə 18.11.2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, atası X2 məxsus Lexus RX 300 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, ara məsafəsi saxlamadan iddiaçının idarə etdiyi və ona məxsus olan ** XE *** dövlət nömrə nişanlı Ford Edge markalı minik maşınının yanından keçərkən iddiaçının avtomobilinə ziyan vurmuş, ön sol güzgünü sıradan çıxarmış, maşının buferini və sol krılosunu zədələmişdir. Hadisə vaxtı atası R.M.Nəbiyev infarkt keçirdiyindən o, polisə məlumat vermədən hadisə yerindən getmişdir. İddiaçı ondan vurduğu ziyana görə 700 manat, daha sonra isə 1000 manat pul tələb etmişdir. O, ziyanın məbləğinin şişirdildiyini hesab edir, iddiaçının işlərin görülməsi xərcinə görə 1705 manat tələbi ilə razılaşmır. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Binəqədi RPİ X4 Şöbəsinin çıxarışından müəyyən olunur ki, X1 mülkiyyətində olan 2000-ci il buraxılışlı ağ mirvari rəngli JTJHF10U410194945 ban nömrəli Lexus RX 300 minik markalı ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 14.05.2013-ci ildən 29.01.2023-cü ilədək Cavabdeh etibarnamə üzrə istifadəsinə verilmişdir. AC 475677 saylı 23.06.2015-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Ford Edge minik markalı **-XE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Binəqədi rayon X4 Şöbəsinin 02.09.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan müəyyən olunur ki, 27.08.2020-ci il tarixində saat 17:45-də Cavabdeh idarə etdiyi **-BX-*** dövlət qeydiyyat nişanlı Lexus RX 300 minik markalı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Binəqədi rayon X4 Şöbəsinin 14.09.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh 27.08.2020-ci il tarixdə saat 17:45-də Binəqədi rayonu Sulutəpə qəsəbəsində Lexus RX 300 minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi, yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Binəqədi RPİ X4 Şöbəsinin nəqliyyat vasitələrinin zədələnməsi barədə 025184 saylı arayışından müəyyən olunur ki, 27.08.2020-ci il tarixdə saat 18:00-da Binəqədi rayonu Sulutəpə qəsəbəsində yol nəqliyyat hadisəsində Ford markalı ** XE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol güzgü və sol qabaq buferi zədələnmiş, Lexus markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən yayınmışdır. FNC Motorsun 01.09.2020-ci il tarixli qüsur aktından müəyyən olunur ki, İddiaçı məxsus Ford Edge minik markalı ** XE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələri üzrə ön sol güzgüsü 1550 manat, rəngsaz işi 300 manat, dəmirçi işi 100 manat, armatur işi 55 manat olmaqla cəmi iş haqqı 455 manat, ehtiyat hissələrinin qiyməti 1550 manat olmaqla cəmi təmir xərci 2005 manat təşkil edir. İddiaçı məhkəməyə təqdim etdiyi 05.10.2020-ci il tarixli qəbzin surətindən müəyyən olunur ki, ehtiyat hissəsinə görə 1260 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.02.2021-ci il tarixli 9/5716 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə FNC Motors şirkəti tərəfindən təqdim edilmiş 01.09.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı Ford Edge markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1668 manat müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, nəzəri hesablama yolu ilə FNC Motors şirkəti tərəfindən təqdim edilmiş 01.09.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı Ford Edge markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə dəyişilməli hissələrin qiymətinə görə 1550 manat, təmir-bərpa işlərinin qiymətinə görə 455 manat olmaqla təxminən 2005 manat müəyyən edilmiş, Ekspertiza Mərkəzi tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 4% (2-6%) aşınma nəzərə alınmaqla 6 il (2014-2020) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 1213 manat (1550 - 4% / x 6 dəfə) müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin istifadəsində olan nəqliyyat vasitəsi ilə iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə ziyan vurması, vurulmuş ziyanın məbləğinin 1668 manat olması öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini bu hissədə əsaslı hesab edib iddia ərizəsini qismən təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 1668 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1698 manat İddiaçınun xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-805/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-805/2021
05.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver