Məhkəmə qərarları › İş №2(001)-8089/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8089/2021

07.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8089/2021 07.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olmuş 30.08.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan aliment məbləğinin artırılaraq, hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək, iddiaçının Bakı şəhəri Binəqədi rayonu üzrə pasport qeydiyyatında olmasına baxmayaraq, bir neçə ildir ki, qeydiyyat ünvanı üzrə deyil, Abşeron rayonu ərazisində yaşadığını, bu səbəbdən ona birgə nikahdan olmuş uşaqla ünsiyyət hüququ verən məhkəmə qətnaməsinə əsasən açılmış icra işinin də ərazi aidiyyəti üzrə Abşeron rayon İcra şöbəsinə göndərildiyini, özünün isə Sumqayıt şəhəri üzrə pasport qeydiyyatına alınmaqla hazırda Sumqayıt şəhərində yaşadığını bildirmiş və mülki işin ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının bu barədə ərizəsini nəzərə alıb, mülki işə, o cümlədən cavabdehin vəsatətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin vəsatətini nəzərdən keçirib, mülki işin materialarını araşdırıb, tərəflərin rəsmi qeydə alındığı ünvanı və faktiki yaşayış yerini nəzərə alıb, belə qənaətə gəlir ki, vəsatət təmin edilməli, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Məhkəmə, qeyd edir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X5 küçəsi, ev 2a, mənzil 67 ünvanı üzrə pasport qeydiyyatında olmasını əsas götürüb, hazırki iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, iddiaçılara alternativ aidiyyət imkanlarını yaradan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.3-cü maddəsi iddiaçılara bu qəbildən olan iddiaların onların yaşadığı yerə görə verilməsi imkanını nəzərdə tutmuşdur. Başqa sözlə, bu müddəa iddiaçıya rəsmi qeydə alındığı yerin məhkəməsində deyil, özünün faktiki yaşadığı yer üzrə müvafiq rayon (şəhər) məhkəməsində iddia qaldırmaq üçün hüquqi əsas yaradır. Lakin, iddiaçının Bakı şəhəri Binəqədi rayonu üzrə pasport qeydiyyatında olmasına baxmayaraq, faktiki olaraq Abşeron rayonu ərazisində yaşadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının 06.12.2021-ci il tarixdə məhkəməyə ünvanladığı teleqramın Mehdiabad qəsəbəsi, “Şok” marketin arxasında yerləşən evdən göndərildiyi göstərilmişdir. Bundan əlavə cavabdeh tərəfindən təqdim edilmiş Abşeron Rayon Məhkəməsinin 8(012)-747/2021 saylı, 18.10.2021-ci il tarixli qərardadına əsasən cavabdehə uşaqla ünsiyyətdə olmaq hüququ verən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-490/2021 saylı, 23.02.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçının Abşeron rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə Abşeron rayon İcra şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatı təmin edilmişdir. Bu da öz növbəsində həmin icra sənədi üzrə borclu qismində çıxış edən iddiaçının Bakı şəhəri Binəqədi rayonu üzrə pasport qeydiyyatında olmasına baxmayaraq, Abşeron rayonu ərazisində yaşamasını təsdiq edir. Bununla belə, hazırki işə məhkəmədə baxıldığı zaman onun ərazi aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilmişdir. Bu da öz növbəsində hazırki işə ərazi aidiyyəti qaydaları baxımından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmasını qeyri-mümkün edir. Beləliklə, məhkəmə, Cavabdeh pasport qeydiyyatına alındığı ünvan 4 ünvanında, İddiaçı isə faktiki olaraq Abşeron rayonu ərazisində yaşamasını və ona münasibətdə cavabdehin ünvanının dəqiq və aşkar olduğunu nəzərə alıb hesab edir ki, vəsatət təmin edilməli, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 31-ci, 35-ci, 44-cü və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar