Məhkəmə qərarları › İş №2(001)-81/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-81/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-81/2020 22.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Elxan Şərbət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilin satışı üçün ona ödənilməli 40000 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyət hüququ əsasında ona məxsus olmuşdur. 2015-ci ildə həyat yoldaşı X4 öz şəxsi biznesini qurmaq üçün pul vəsaiti lazım olduğundan, borc pul axtarmağa başlamışdır. X5 Cavabdeh ilə tanış etdi və Tamillanın banklarda tanışının olduğunu, evi girov qoymaqla kredit götürə biləcəyini bildirmişdir. Beləliklə, Cavabdeh ilə görüşmüş və evi giov qoymaqla, aylıq 4% ilə borc götürəcəyi ilə razılaşmışdır. Beləliklə, onlar notariat kontoruna gələrək, onun mülkiyyətində olan mənzili girov qoymaq məqsədi ilə müaviləyə qol çəkdirmişlər. Lakin sonradan məlum olmuşdur ki, onu aldadaraq, məzilə dair alğı-satqı müqaviləsini imzalatdırmışlar. O, mənzilə görə bankdan 1 manat belə olsun pul vəsaiti çıxarmamışdır. Cavabdeh ona məxsus imzanı saxtalaşdıraraq yalandan onun yerinə qol çəkərək yenidən pulu özü götürmüş və müqavilədə olan 40000 manat ona çatmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia ərizəsində göstərilənləri təsdiq edir. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2018-ci ildə məhkəməyə daxil olmuş etiraz ərizəsində Cavabdeh bildirmişdir ki, İddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən həmin mənzildə qeydiyyatda olan şəxslərin razılıqları notarial qaydada alınmış və mənzilin dəyəri olan 40000 manat pul vəsaiti notariusun depozit hesabına ödənilmişdir. Qeyd olunan məhkəmə qərarları ilə aralarında bağlanan alqı-satqı müqaviləsinin qanuni olması və tərəfindən müqavilədə qeyd olunan məbləğin tam şəkildə ödənilməsi müəyyən edilmişdir və bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddianın mahiyyəti ondan ibarətdir ki, iddiaçı iddia edir ki, onunla cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi formal olaraq bağlanmış, əslində girov müqaviləsinin pərdələnməsi məqsədilə bağlanmış etibarsız müqavilə olmuşdur. Lakin müqavilənin etibarsız hesab edilməsi tələbi təmin edilməmiş, alqı-satqı müqaviləsinin etibarlı müqavilə olduğu təsdiqlənmişdir. Bundan dolayı iddiaçı hesab edir ki, nə qədər ki alqı-satqı müqaviləsi etibarlı əqddir cavabdeh müqavilə öhdəliyini icra etmədiyinə görə o, cavabdehdən müqavilədən irəli gələn öhdəliyin icra edilməsini, yəni müqavilə üzrə ödənilməli olan pul məbləğinin ona ödənilməsini tələb etməkdə haqlıdır. Mülki iş materiallarında olan xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinin predmeti satıcı İddiaçı onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzili alıcı Cavabdeh 40000 manata satmaq olmuşdur. Həmin müqavilənin 4-cü bəndində qeyd edilmişdir ki, Satıcı daşınmaz əmlakı 40000 manat qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı. Alıcı Cavabdeh satıcı İddiaçı satdığı tam hissəni ondan 40000 manat qiymətinə aldı. Həmin müqavilənin 5-ci bəndinə əsasən tərəflər arasında daşınmaz əmlakın qiyməti ilə əlaqədar hesablaşma qaydası: Alıcı əmlakın bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği Satıcıya nəğd ödəyir. Satıcı iddia edir ki, alıcı müqavilənin qiymətini ona ödəməmişdir. Mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3664/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı, X4, X3, Əsgərov Orxan Dövlət oğlu və X1 Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 15, 6 saylı mənzildən istifadə hüquqlarının itirilməsi, İddiaçı, X4, X3, Əsgərov Orxan Dövlət oğlu və X1 Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 15, 6 saylı mənzildən çıxarılmaları, İddiaçı, X4, X3, Əsgərov Orxan Dövlət oğlu və X1 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı ilkin iddianın rədd edilmsi, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 15, 6 saylı mənzilə dair Bakı şəhəri 9 saylı Notariat Kontorunda 4Ə-146 nömrəli reyestrdə qeydə alınmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Həmin mübahisəyə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli,2(103)-4822/2017 saylı qətnaməsində müəyyən edilmişdir ki, “Beləliklə tərəflər arasında mənzilin alğı-satqısına dair notariat kontorunda təsdiq edilmiş bir müqavilə mövcuddur. Alğı-satqı müqaviləsində mənzilin dəyəri kimi nəzərdə tutulan 40000 manat pulun notariusun depozit hesabına keçirilməsi ilə bağlı mübahisə yoxdur. Məhkəmə sorğusu əsasında cavabdeh tərəf mənzilə görə ödənilmiş 40.000 manat pulun götürülməsinə dair kassa məxaric orderinin surətini məhkəməyə təqdim etmişdir. Həmin sənəddə vəsaitin İddiaçı tərəfindən götürülməsi qeyd edilmişdir. Eyni zamanda notariat işində olan və depozit hesabının götürülməsi üçün əsas olan çekin təsdiq edilmiş surətindən görünür ki, depozit məbləğini götürmək üçün həmin sənəd notarius tərəfindən satıcı İddiaçı verilmişdir. Sonuncu həmin çekdəki imzanın ona məxsus olmasını mübahisələndirməmişdir. Cavabdeh İddiaçı mənzilin dəyəri olaraq depozitə yerləşdirilmiş pulun onun tərəfindən götürülmədiyini bildirir və kassa məxaric orderindəki imzanın ona məxsus olmadığını israr edir. Məhkəmə kollegiyası hesab edir ki, məxaric orderində olan imzanın İddiaçı məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmənin xətt ekspertizası keçirməsinə zərurət yoxdur. Çünki imzanın cavabdeh tərəfindən deyil digər şəxs tərəfindən icra edilməsi təsdiq olunsa belə, bu hal əqdin etibarsızlığına səbəb olmur. Alıcı mənzilin razılaşdırılmış dəyərini depozit hesabına köçürmüş, bu hal mübahisəli deyil, notarius həmin vəsaiti götürmək üçün çeki satıcıya vermiş, bu hal da mübahisəli deyil. Pul vəsaitini satıcı deyil, digər şəxs götürmüşdürsə, cavabdeh məlum olmayan digər şəxsdən pulunu tələb edə bilər.” Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(102)-7203/17 saylı qərarı ilə İddiaçı Əmiraslan qızının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bu fakt əsasında məhkəmə qeyd edir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016cı il tarixli Qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarı) Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə 40000 manat pulu tələb edərkən yuxarıda qeyd olunan preyudisial əhəmiyyət daşıyan məhkəmə aktlarının olmasını nəzərə almamışdır. Belə ki, yuxarıda qeyd olunan məhkəmə aktında (Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(103)-4822/2017 saylı qətnaməsində) hazırki iş üzrə cavabdeh olan Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməsi təsdiq olunmuşdur. Odur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.2-ci maddəsinə əsasən alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 441.5-ci maddəsinə əsasən bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi sübut edilmədiyindən iddia rədd edilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar