Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-81/2022 23.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əhmədiyyə qızına qarşı (Bakı şəhəri Binəqədi rayonu X7 və "xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əhmədiyyə qızı tərəfindən Bakı şəhəri X2 31 oktyabr 2005-ci il tarixli, 1644/1 saylı sərəncamı ilə onun sahibliyinə və istifadəsinə verilmiş 400 kv.m torpaq sahəsindən sahiblik və istifadə hüquqularının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə "xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-474/2021 saylı, 01 iyun 2021-ci il tarixli qərardadına əsasən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 vəsatəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-1779/2021 saylı iş üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minənə qədər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əhmədiyyə qızına qarşı (Bakı şəhəri Binəqədi rayonu X7 və "xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair 2(001)- 474/2021 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Bundan sonra Cavabdeh2 vəkili Vəkil3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1779/2021 saylı, 16 may 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 iddiasının mümkün sayılmadığını, həmin qərardaddan verilmiş şikayətin isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmədiyini, bununla da hazırki iş üzrə icraatın dayandırılmasına əsas olmuş halın aradan qalxdığını bildirmiş və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2(001)-81/2022 saylı qərardadı ilə Cavabdeh2 vəkili Vəkil3 ərizəsi təmin edilmiş, mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X4 31 oktyabr 2005-ci il tarixli, 1644/1 saylı sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu X2 ərazi hüdudları daxilində 400 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. Mütəxəssis tərəfindən torpaq sahəsinin eskizi tərtib edilməklə təsdiq edilmişdir. Lakin iddiaçı hazırda ona məxsus olan həmin torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, cavabdehlər hər hansı əsas olmadan iddiaçıya həmin torpaq sahəsindən istifadə etməyə imkan vermirlər. Halbuki, qeyd edilən torpaq sahəsinin sahibi məhz iddiaçıdır. Bu səbəbdən torpaq sahəsinin istifadə və ona sahiblik etməklə bağlı cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil3 iddianı qəbul etməyərək və iddiaya qarşı verilmiş yazılı etirazı müdafiə edərək, bildirmişdir ki, iddia tələbinin əsasını təşkil edən yeganə sənəd Bakı şəhəri Binəqədi rayonu X2 31 oktyabr 2005-ci il tarixli, 1644/1 saylı sərəncamıdır. Lakin həmin Sərəncamda göstərilən torpaq sahəsi ilə iddia edilən torpaq sahəsinin yerləşmə yeri barədə mötəbər sübutlar mövcud deyil. Digər tərəfdən Bakı şəhəri Binəqədi rayonu X5 torpaq sahəsinin ayrılması barədə hər hansı sənəd təqdim edilməmişdir. Bu hal mülki işin materialları ilə də təsdiq edilir. Belə ki, "xxxx" QSC-nin məktubuna əsasən mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə dəmir yolunun təhkim zolağının eni 21 metr təşkil edir və həmin torpaq sahəsi dəmir yolunun təhkim zolağında yerləşir. Başqa sözlə, mübahisəli torpaq sahəsinin qeyd edilən Bələdiyyəyə aid olmaması açıq və aydın müəyyən olunur. Belə olan halda, həmin bələdiyyənin hər hansı şəxsə torpaq sahəsi ayırması əsassızdır. Bu baxımdan iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüququ yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1, habelə üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayonu X4 və "xxxx" QSCnin nümayəndələri əvvəlki məhkəmə iclaslarında iştirak etmişlər və həmin məhkəmə iclasları aidiyyəti prosessual hərəkətlərin yerinə yetirilməsi nəticəsində təxirə salınmışdır. Lakin sonradan məhkəmə iclaslarının yeri və vaxtı barədə onlara, habelə digər Cavabdeh3 Əhmədiyyə qızına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən bu cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər, üçüncü şəxslər isə nümayəndələrinin iştirakını təmin etməmişdilər. Məhkəmə işə bu cavabdehlərin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” Bakı şəhəri Binəqədi rayonu X2 31 oktyabr 2005-ci il tarixli, 1644/1 saylı Sərəncamına əsasən Bakı şəhəri Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisindən 400 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında vətəndaş İddiaçı mülkiyyətinə ayrılmışdır. Hazırda iddiaçı cavabdehlərə qarşı iddia qaldıraraq, Bakı şəhəri Binəqədi rayonu X2 31 oktyabr 2005-ci il tarixli, 1644/1 saylı Sərəncamına əsasən onun istifadə və sahibliyinə verilmiş torpaq sahəsindən cavabdehlərin yaratdığı maneələrə görə istifadə edə bilmədiyini iddia edir və torpaq sahəsinə münasibətdə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını tələb edir. Cavabdeh2 iddianı qəbul etmir, Bakı şəhəri Binəqədi rayonu X5 torpaq sahəsinin ayrılması barədə hər hansı sənədin mövcud olmadığını, "xxxx" QSC-nin məktubunda mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə dəmir yolunun təhkim zolağının eninin 21 metr təşkil etdiyinin və həmin torpaq sahəsinin dəmir yolunun təhkim zolağında yerləşdiyinin göstərildiyini, bununla da mübahisəli torpaq sahəsinin qeyd edilən Bələdiyyəyə aid olmamasının açıq və aydın şəkildə müəyyən olunduğunu və həmin bələdiyyənin hər hansı şəxsə torpaq sahəsinin ayırması səlahiyyətinin olmadığını, bu baxımdan iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir. "xxxx" QSC-nin məktubuna əsasən mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə dəmir yolunun təhkim zolağının eni 21 metr təşkil edir və həmin torpaq sahəsi dəmir yolunun təhkim zolağında yerləşir. Bakı şəhəri Binəqədi rayonu X2 məktubuna əsasən 31 oktyabr 2005-ci il tarixli, 1644/1 saylı Sərəncamı ilə iddiaçıya ayrılmış 400 kv.m. torpaq sahəsi Binəqədi- Biləcəri şossesinin Binəqədi ərazisinə aid hissəsində Binəqədi-Biləcəri şossesini kəsən dəmir yol körpüsünün Binəqədi qəsəbəsindən Biləsəri istiqamətində gedən yolda dəmir yol körpüsünü keçən anda sağ tərəf hissədə Binəqədi Biləcəri şossesinin 50 m-lik məsafəsində yerləşir. Həmin torpaq sahəsi dəmir yol xəttinə yaxın olsa da qeyd olunan dəmir yol xətti yer səthindən 8-10 m hündürlükdən keçdiyindən, həmçinin, ayrılmış torpaq sahəsi ilə dəmir yol xətti arasında 6-8 m eni olan avtomobil yolu, eyni zamanda avtomobil yolu ilə dəmir yol xətti arasında dəmir kollektor, 500 mm həcmli su və qaz xətləri keçir. Ərazi DSK massivi adlanır. Qeyd edilən ərazidə iddiaçıya aid torpaq sahəsindən başqa ətraf ərazilərdə şəxsi evlər tikilmişdir. Bu sahənin dəmir yol xəttinə aid edilməsi yanlışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əhmədiyyə qızının adına Bakı şəhəri Binəqədi rayonu X3 bu və ya digər formada hər hansı sənədləşmə aparılmamışdır. Məhkəmənin müvafiq qərardadının icrası qaydasında aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/811 saylı, 31 mart 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri Binəqədi rayonu X2 31 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə iddiaçıya verilmiş 400 kv.m. torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, həmin şəxsə ayrılmış torpaq sahəsini də müəyyən etmək mümkün olmur. Bu səbəbdən hansı bələdiyyə ərazisinin hüdudları daxilində yerləşməsini də müəyyən etmək olmur. İddiaçıya verilmiş torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, Azərbaycan Dövlət Dəmiryolu idarəsinin 19 dekabr 1997-ci il tarixli qərarı ilə X6 verilmiş torpaq sahəsinin sərəncamı və yerləşmə sxemi təqdim edilmədiyindən, iddiaçıya verilmiş torpaq sahəsi ilə Azərbaycan Dövlət Dəmiryolu idarəsinin 19 dekabr 1997-ci il tarixli qərarı ilə X6 verilmiş torpaq sahələrinin biri digərinə münasibətdə hansı qaydada yerləşməsini də müəyyən etmək mümkün olmur. Ölçülən mübahisəli torpaq sahəsinin faktiki ölçüsü 407 kv.m. təşkil edir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinin birinci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 66-cı maddənin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 67-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmə, mülki işin materiallarını, o cümlədən üçüncü şəxslər tərəfindən təqdim edilmiş məktubları araşdırıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/811 saylı, 31 mart 2021-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırda mübahisələndirdiyi torpaq sahəsinin məhz Bakı şəhəri Binəqədi rayonu X2 31 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə iddiaçıya verilmiş torpaq sahəsi olması müəyyən edilmir. Hüquqi nəticə etibarı ilə mövcud vəziyyətdə iddiaçı ona aid olmayan torpaq sahəsini mübahisələndirir. Bununla bağlı məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə göstərilənləri nəzərə alıb, hesab edir ki, mövcud vəziyyətdə (yəni iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu X2 31 oktyabr 2005-ci il tarixli, 1644/1 saylı Sərəncamında göstərilən torpaq sahəsi olması sübuta yetirilmədiyindən) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əhmədiyyə qızına qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Bu hal da öz növbəsində onun iddiasının rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əhmədiyyə qızına qarşı “torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əhmədiyyə qızına qarşı “torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-81/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-81/2022
23.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver