Məhkəmə qərarları › İş №2(001)-810/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-810/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-810/2022 17.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin, dəbbə pulunun və digər xərclərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin, dəbbə pulunun və digər xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 341 manat əsas borcun, 30 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 05 iyul 2017-ci il tarixli, STN01- 2687 nömrəli alqı-satqı müqaviləsi əsasında “Texnoplus” mağazından 422 azn dəyərində “Samsung SM-J320 black” markalı mobil telefon almışdır. Eyni zamanda alqı-satqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 50 manat həcmində ilkin ödəniş edilmişdir. Cavabdeh əşyanı müqavilə bağladığı gün təhvil almışdır. Bunu müqaviləyə əlavə edilən təhvil-təslim aktından da görmək mümkündür. Müqaviləyə əsasən 422 manat ümumi məbləğdən 50 manat ilkin ödəniş etdikdən sonra qalıq məbləğ 372 manat etmişdir. Bu isə 12 aylıq ödəmə şərti ilə aylıq 31 manat ödəniş edir. Cavabdeh isə yalnız 05 avqust 2017-ci il tarixdə 31 azn ödəniş etmiş, 341 manat qalıq məbləğ qalmışdır. Gecikdirmə ilə əlaqədar 05 iyul 2018-ci il tarixinə qədər yaranan dəbbə pulu (faiz borcu) isə 30 manatdır. Daha əvvəllər borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq borclu heç bir ödəniş etməmişdir. Sonuncu dəfə isə cavabdehə ödənişlə əlaqədar 13 avuqst 2021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün 3 günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də ödəniş etməmişdir. Deməli, satıcı öz vəzifəsini müəyyənləşdirilmiş müddətdə əşyanı təhvil versə də, alıcı əşyanın dəyərini ödəməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, onun Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabineti olmadığı üçün etiraz ərizəsini elektron qaydada məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən şifahi qaydada bildirmişdir ki, o, iddiaya etiraz edir və iddianı ümumiyyətlə qəbul etmir. Belə ki, o, həmin telefonu aldıqdan bir neçə gün sonra telefonun enerji yığımında problemlər yaşamışdır. Bu barədə dəfələrlə iddiaçıya müraciət etmişdir. İki dəfə təmir etdirmiş, lakin problem aradan qalxmamışdır. Sonda telefonu elə iddiaçının ofisində sındırıb çıxmışdır. Həmçinin bildirir ki, o, dəfələrlə həmin mağazadan müxtəlif məhsullar almış və hər birinin ödənişini də gecikdirmədən ödəmişdir. Telefonu aldığı vaxtdan sonrakı 3-4 ayadək də vaxtı-vaxtında ödənişlərini etmişdir. Hazırda iddiaçı 5 ildən sonra hazırki əsassız iddianı qaldırmışdır. Ona görə də bundan sonrakı məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: X1 (Texnoplus mağazası) ilə Cavabdeh (alıcı) arasında bağlanan 05 iyul 2017-ci il tarixli, STN01-2687 nömrəli alqı-satqı müqaviləsinə və ödəniş cədvəlinə əsasən satıcı alıcıya dəyəri 422 manat (ilkin ödəniş 50 manat olmaqla) məbləğində olan “Samsung SM- J320 Black” markalı telefonu satmağı, alıcı isə satıcıya məhsulun dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.3-cü bəndinə əsasən ödəniş cədvəlindəki gecikmələrə görə alıcı hər gecikdirilən gün üçün aylıq ödənişin 1%-i həcmində əlavə cərimə ödəyir. 05 iyul 2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh alqı-satqı müqaviləsinə əsasən məhsulu Texnoplus mağazasından təhvil almışdır. İddiaçı Cavabdeh ünvanlanmış 13 avqust 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, sonuncudan 05 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə barəsində məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İddiaçı 21 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 341 manat əsas, 30 manat cərimə borcu vardır. X1 ilə İddiaçı arasında bağlanmış 10 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən birinci tərəf sonuncuya əvəzsiz olaraq 05 iyul 2017-ci il tarixində 12 aylıq bağlanılan STN01-2687 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını vermişdir. 01 iyul 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırki iddianın məhkəmədə qaldırılması üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər; 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). İşdən göründüyü kimi, X1 ilə cavabdeh arasında bağlanmış 05 iyul 2017-ci tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 05 iyul 2018-ci il tarixdə bitmişdir. Həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımının 05 iyul 2018-ci il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 il müddət ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüş, məhkəməyə 02 dekabr 2021-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin, dəbbə pulunun və digər xərclərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin, dəbbə pulunun və digər xərclərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar