Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-814/2021 08.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.04.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən 7527.76 manat əsas, 750.65 manat faiz borcu olmaqla, cəmi 8278.41 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Nikoyl” İKB ASC arasında 05.04.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 24 (iyirmi dörd)% olmaqla, 24 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 05.04.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 05.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7527.76 manat əsas, 1794.5 manat faiz borcu olmaqla, cəmi 9322.26 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.04.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - kredit müqaviləsindən görünür ki, Cavabdeh1 05.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 (iyirmi dörd)% olmaqla, 24 ay müddətinə 12000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 götürdüyü krediti 05.05.2019-cu il tarixdən 05.04.2021-ci il tarixədək hər ay 634.45 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - 05.04.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 banka 7527.76 manat əsas, 750.65 manat faiz borcu olmaqla, cəmi 8278.41 manat borcu yaranmışdır. - xəbərdarlıq məktubundan görünür ki, 04.08.2020-ci il tarixdə Cavabdeh1 rəsmi məktub göndərilərək, kredit borcunu 5 gün müddətində ödənilməsi bildirilmiş, əks halda hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 28.01.2021-ci il tarixli, 9/6059 nömrəli ekspert rəyindən görünür ki, 05.04.2019-cu il tarixli 24-BİZ-1-0-8-19 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 06.10.2020-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə 7585,34 manat əsas, 1006,32 manat faiz borcu təşkil edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, digər cavabdehlər də (zaminlər) iddiaçı (kreditor) qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 iddiaçı-kreditor qarşısında cavabdeh-borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilədən irəli gələn öhdəliyin icrasından başqa, həm də tərəflərin bağladıqları kredit müqaviləsinin ləğvini də tələb etmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh – borc alan öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən, kreditin verilməsi müqabilində almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Məhkəmə həmçinin iddianın faizin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi ekspert rəyinə əsasən müəyyən edilməlidir. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 7527,76 manat məbləğində əsas borc, 1006,32 manat məbləğində faiz borcu cavabdehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" İKB ASC (İddiaçı) ASC ilə Cavabdeh1 oğu arasında bağlanmış 05.04.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7527,76 manat məbləğində əsas borc, 1006,32 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8534,08 manat (səkkiz min beş yüz otuz dörd manat səkkiz qəpik) və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərci müştərək qaydada olmaqla, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-814/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-814/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver