Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-815/2021 01.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış 18524,96 USD borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli 502 saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2020-ci il tarixə hesablanmış kreditin əsas məbləğindən 10000 USD, əsas məbləğə hesablanmış faiz borcu 4066,51 USD, əsas məbləğə hesablanmış cərimə faiz borcu 1518,17 USD, dəbbə pulu 2940,28 USD olmaqla, cəmi 18524,96 USD məbləğində borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun cavabehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında xx xxxxxxxx 2017-ci il tarixli 502 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən dövriyyə vəsaitinin alınması məqsədilə 10000 ABŞ dollar məbləğində pul ayrılmışdır. Borclu Cavabdeh illiçk 14 % olmaqla, 48 ay müddətinə kreditin əsas məbləğini və ona hesbalanmış faizləri kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq ödəniş 273,26 ABŞ dolları ödəməli olduğu halda qrafikə əməl etməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesblanır. Bu səbəbdən, məhkəmənin qnauni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya borcalanın digr daşınar və daşınmaz əmlaklarına yönəldilir. Müavilənin 2.4-cü bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borc verən bankın hesabına ödəməklə həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilən gün üzrə aylıq ödəniş məbləğinin 1 % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə iki qat olmaqla faiz ödəyir. xx.xx.2014-cü il tarixli 158 saylı kredi müqaviləsinin 2.4-cü bəndinə əsasən borclu əsas məbləğə hesablanacaq faizlərin və cərimələrin ödənilməsinə razılıq vermişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, borclu Azərbaycan Respublikasının vətəndaşıdır. Təxminən 1 həftə əvvəl Bankda olmuşdur. Kreditin ödəniş qrafikindən kənara çıxdığından borc məbləğinin üzərinə faizlər gəlmişdir. Lazimi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya dair mülahizəsini və etirazını məhkəməyə göndərməmiş və ya məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı” BOKT MMC ilə kredit alan Raxamimov Vadim Şalmiyeviç arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli 502 saylı kredit müqaviləsinə və ödəniş planına əsasən bank kredit alana 48 ay müddətinə, aylıq ödəniş 273,26 ABŞ dolları, illik 14 % olmaqla 10000 ABŞ dolları məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi xx xxxxxxx 2017-ci il, sonuncu ödəniş tarixi xx xxxxxxxx 2021-ci il olaraq müəyyən edilmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesblanır. Müavilənin 2.4-cü bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borc verən bankın hesabına ödəməklə həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilən gün üzrə aylıq ödəniş məbləğinin 1 % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə iki qat olmaqla faiz ödəyir. Raxamimov Vadim Şalmiyeviç tərəfindən İddiaçı BOKT MMC-nin Quba flialının müdirinə yazılan ərizədən görünür ki, o, MMC- rəhbərliyindən ona dövriyyə vəsaitinin alınması və cari xərclər üçün illik 14 % dərəcəsi ilə 48 ay müddətinə 10000 ABŞ dolları məbləğində kreditin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. xx xxxxxxxx 2017-ci il tarixli İddiaçı BOKT MMC tərəfindən verilən ödəniş forması ilə bağlı razılıqdan görünür ki, tərəflər 10000 ABŞ dolları məbləğində kreditin nəğd ödənilməsi barədə razılıq əldə etmişlər. İddiaçı BOKT MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxxx 2020-ci il tarixinə İddiaçı BOKT MMC-nin Quba filialına 10000 ABŞ dolları əsas, 4066,51 ABŞ dolları faiz borcu, əsas məbləğə hesablanmış cərimə faiz borcu 1518,17 ABŞ dolları, dəbbə pulu 2940,28 ABŞ dolları olmaqla, cəmi 18524,96 ABŞ dolları borcu vardır. İddiaçı BOKT MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixli 502 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(001)-5937/2020 saylı müraciətina cavab olaraq verilən xx xxxxxx 2020-ci il tarixli №16- 04724-2020 saylı məktubundan görünür ki, Cavabdeh Şalmiyeviç ilə İddiaçı BOKT MMC arasında 10000 ABŞ dolları dəyərində bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 saylı fərmanının təsir dairəsinə düşməmişdir. xx xxxxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli 502 saylı kredit müqaviləsinə əsasən ödəniş planına əsasən bank kredit alana 48 ay müddətinə, aylıq ödəniş 273,26 ABŞ dolları, illik 14 % olmaqla 10000 ABŞ dolları məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi xx xxxxxxx 2017-ci il, sonuncu ödəniş tarixi xx xxxxxxxx 2021-ci il olaraq müəyyən edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona xx xxx 2017-ci il tarixli 502 saylı kredit müqaviləsi üzrə ümumilikdə 18524,96 ABŞ dolları borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. İş materiallarından və mötəbər sübut olan maliyyə arayışından görünür ki, cavabdeh götürdüyü kreditdən əsas borc üzrə hər hansı ödəniş etməmişdir. Bu baxımdan iddia tələb olunan əsas və faiz borcu üzrə tam təmin olunmalıdır. Odur ki, xx xxx 2017-ci il tarixli 502 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh əsas borc üzrə 10000 ABŞ dolları, faiz borcu üzrə isə 4066,51 manat məbləğində pul vəsaiti İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalıdır. Cərimə borcu ilə bağlı isə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, xx xxx 2017-ci il tarixli 502 saylı kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 2940,28 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir və bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaradır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 3 Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Qeyd edilən normanın mənasına görə zərər dedikdə, hüquqi pozulmuş (zərər çəkmiş) şəxsin düşdüyü və düçar olduğu elə maddi itki başa düşülür ki, bunun nəticəsində onun əmlakı və ya şəxsi qeyri-maddi nemətləri azalır. Zərər (zərərvurulması faktı) yoxdursa, mülki hüquq məsuliyyəti də yoxdur. Bu, onu söyləməyə əsas verir ki, zərər mülki hüquq məsuliyyətinin məcburi, zəruri və labüd əsasıdır. Borclu (zərərvuran) özünün davranışı ilə (hərəkət və ya hərəkətsizliyi ilə) kreditorun (zərərçəkənin) əmlak sahəsində mənfi nəticələr yaradır. Məsələn borc alan aldığı borc məbləğini qaytarmır və bununla da kreditorun (zərərçəkənin) gəlirinin azalmasına və ya itirilməsinə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməklə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etmədikdə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun 4 növünü fərqləndirir. Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi alternativ ödənilən dəbbə pulu, yəni, borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü müstəsna dəbbə pulu, yəni, borclu zərərin əvəzini ödəmir, o təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.3cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Mülki Məcəllənin 467-ci maddəsində məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu endirilməli və 1000 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin əsas məbləğə hesablanmış cərimə faiz borcu olan 1518,17 ABŞ dollarına münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 445.7-ci maddəsinə əsasən faizdən faiz ödənilməsi yolverilməzdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndində qeyd edilmişdir ki, borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 28 % olmaqla faiz hesablana bilər. Müqavilənin həmin bəndində qeyd olunan məbləğin(vaxtı keçmiş kredit üzrə illik 28 % olmaqla faiz) təyinatı ehtimal edilir ki, dəbbənin növlərindən biri olan penya deyildir. Belə ki, həmin bənddə dəbbə pulu xüsusi olaraq vurğulanmışdır. Cərimə faizi anlayışı isə mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Müqavilənin standart şərti kimi isə həmin hissə etibarsız hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 420-ci maddəsində qeyd edilmişdir ki, təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar; zərərin miqdarından çox olan məbləğin tələb edilməsinə dair razılaşma (zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələb), əgər təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində qeyd edilmişdirsə etibarsız sayılır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Bununla bağlı məhkəmə o qənaətə gəlir ki, ABŞ dolları ilə olan kredit borcu ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanan xx xxxxxxxx 2017-ci il tarixli 502 saylı kredit müqaviləsi ləğv edilməli, xx.xx.2017ci il tarixli, 502 saylı kredit kartı müqaviləsi üzrə 10000 ABŞ dolları əsas borc, 4066,51 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 15066,51 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manat valyutası ilə Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 24 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanan xx xxxxxxxx 2017-ci il tarixli 502 saylı kredit müqaviləsi ləğv edilsin. xx.xx.2017-ci il tarixli, 502 saylı kredit kartı müqaviləsi üzrə 10000 ABŞ dolları əsas borc, 4066,51 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 15066,51 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla manat valyutası ilə Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 24 (iyirmi dörd) manat hissəsi Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-815/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-815/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver