Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-818/2023 01.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Led TV, Panasonic Tozsoran almış, müqavilə üzrə öhdəliklərini icra etmədiyindən iddiaçıya 215 manat borcu yaranmışdır. Ona görə də xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 195,2 manatın, cəriməyə görə 19,8 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı ABC Telecom MMC ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş alqı-satqı müqaviləsi üzrə borc məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01176215 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən müəyyən olunur ki, satıcı qiyməti 2077,2 manat olan Samsung Led TV, Panasonic Tozsoranı 18 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixinədək hər ay 115,4 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından müəyyən olunur ki, Tağıyev X1 Led TV və Panasonic Tozsoranı tam qüsursuz vəziyyətdə təhvil almışdır. ABC Telecom MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 195,2 manat, cəriməyə görə 19,8 manat olmaqla cəmi 215 manat borcu vardır. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, iddiaçı cavabdehə 3 iş günü ərzində müqavilə üzrə öhdəliklərini icra etmədiyi halda, aidiyyəti üzrə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, müqavilə bağlanmasından 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq iddiaçı onun yaşadığı ünvana cəmi bir dəfə pretenziya məktubu göndərərək ona müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsi bildirilmişdir. Pretenziya məktubu ona vaxtında çatrılmamış, həmin məktubu aldıqdan sonra o, iddiaçıya zəng etmiş, ona məhkəməyə müraciət edilməsi bildirilmişdir. Pretenziya məktubu ona 3 həftə sonra çatdırıldığından, onunla məhkəmədən kənar danışıqlar aparılmadığından iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, alqı-satqı müqaviləsi üzrə borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 195,2 manat, cəriməyə görə 19,8 manat olmaqla cəmi 215 manat borcunun olması öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə cavabdehin etirazına münasibət bildirib qeyd edir ki, cavabdeh müqavilə üzrə aldığı əşyaları təhvil aldığından, özünün də imzaladığı xx.xx.2019-cu il tarixli 01176215 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini xx.xx.2021-ci il tarixinədək icra etməli olduğunu bildiyindən, öhdəliklərini vaxtında icra etməyəcəyi halı üçün iddiaçıya cərimə ödəyəcəyini öhdəsinə götürdüyündən etirazda qeyd olunan hallar əsassızdır, ona görə də məhkəmə tərəfindən qəbul olunmur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 195,2 manat, cəriməyə görə 19,8 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 245 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-818/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-818/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver