Məhkəmə qərarları › İş №2(001)-820/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-820/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-820/2023 11.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Dell komputer, yeni qızıl zəmanət (rəqəmsal) 2 il üçün 271 (iki yüz yetmiş bir) manat ödənilməmiş hissə, 27 manat cərimə, 28 mart 2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 30 mart 2021-ci il tarixli müqaviləyə əsasən, Mİ TV üçün 38,2 (otuz səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 3,8 (üç manat, səksən qəpik) manat cərimə olmaqla, ümumilikdə 340 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC-dən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən Dell Kompüter və Mİ TV almışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləsi xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 340 (üç yüz qırx) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1.058,4 (min əlli səkkiz manat, qırx qəpik) manat (12 ay 88,2 manat + 0 manat ilkin ödəniş) Dell Kompüter üçün ümumilikdə, 298 (iki yüz doxsan səkkiz) manat olmaqla ondan 271 (iki yüz yetmiş bir) manat ödənilməmiş hissə, güzəşt olunaraq 27 (iyirmi yeddi) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 128,6 (yüz iyirmi səkkiz manat, altmış qəpik) manat (9 ay x 12,86 manat + 12,86 manat ilkin ödəniş) Mİ TV üçün ümumilikdə, 42 (qırx iki) manat olmaqla ondan 38,2 (otuz səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 3,8 (üç manat, səksən qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Dell Kompüter, Yeni qızıl zəmanət (Rəqəmsal) 2 ildən, xx.xx.2021-ci il tarixində imtina etmiş və məhsul 434 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 353,4 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 434 manat, ümumilikdə, 787,4 manat təşkil edir. Digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 90,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, cavabdeh ünvanda olmadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20040656 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, qiyməti 1.058,4 manat olan Dell İnspiron adlı məhsul yeni qızıl zəmanətlə sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20040656 saylı müqavilədə qeyd olunan məhsulu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20207827 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, qiyməti 248,4 manat olan Mİ TV Box EU adlı məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 9 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20207827 saylı müqavilədə qeyd olunan məhsulu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. xx.xx.2020-ci il tarixli, 20207827 saylı müqavilə üzrə bağlanmış 30 mart 2021-ci il tarixli 1 saylı Əlavə Sazişə görə əvvəlki ödəniş cədvəli ləğv edilmiş, yeni ödəniş cədvəli tərtib edilmişdir. Həmin cədvələ əsasən Cavabdeh aldığı məhsula görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər İddiaçınə hər ay 12,86 manat məbləğində ödəniş etməlidir. xx.xx.2021 və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 271 manat, cərimə 27 manat olmaqla, cəmi 298 manat məbləğində borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə əsas borcu 38,2 manat, cərimə 3,8 manat olmaqla cəmi 42 manat borcu var. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020ci il tarixli müqavilə üzrə 271 (iki yüz yetmiş bir) manat əsas borc, 27 (iyirmi yeddi) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 38,2 (otuz səkkiz manat, iyirmi qəpik) əsas borc, 3,8 (üç manat səksən qəpik) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 370 (üç yüz yetmiş) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 271 (iki yüz yetmiş bir) manat əsas borc, 27 (iyirmi yeddi) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 38,2 (otuz səkkiz manat, iyirmi qəpik) əsas borc, 3,8 (üç manat, səksən qəpik) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 370 (üç yüz yetmiş) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar