Məhkəmə qərarları › İş №2(001)-826/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-826/2025

09.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-826/2025 09.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh övladının saxlanması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin miqdarının 400 manata dəyişdirilməsi və hər ay 500 manat uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixində rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü Rzazadə Uğur İkram oğlu doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən onların nikahı 2017-ci il tarixində pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh övladının saxlanması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi qət edilmişdir. Qətnamə ilə uşağın saxlanılması üçün qət edilən aliment məbləği bugünki günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Qiymətlərin qalxması, uşağın 7 yaşına çatması onun maddi təminatının artmasına səbəb olmuşdur. Uşağın maddi təminatını bir valideyn kimi təmin etməyə çalışsa da, bu həm də, cavabdehin vəzifə borcudur. Digər tərəfdən cavabdehin aylıq gəliri 1000 manatdan artıqdır. Övladı xx.xx.2014-cü il təvəllüdlü Rzazadə Uğur İkram oğlu uşaq autizmi sindromundan əziyyət çəkir. Onun ekspressiv nitq pozğunluğu və hipekinetik davranışı mövcuddur. Sağlamlıq imkanları məhdud uşaqdır və əlilliyi var. Onun aylıq müalicə xərcləri həddindən artıq çoxdur. Normal uşaq kimi inkişaf etməsi üçün bir neçə həkimə, psixoloqa və xüsusi hazırlığa ehtiyacı var. Lakin bunları tək təmin etməyə maddi imkanı artıq çatmır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir . Əlavə olaarq bildirmişdir ki, cavabdeh uşaqla maraqlanmır və normal ünsiyyət saxlamır. 500 manat uşağın müalicəsinə sərf edilmiş vəsaitə münasibətdə kifayət qədər humanist məbləğdir. Bundan başqa cavabdeh 10000 manat birdəfəlik aliment ödənişi etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayənədəsi və vəkili izahatında bildirmişdir ki, cavabdeh alimenti 10 il ərzində ödəməmişdir. Müvafiq qurumlara şikayət etdikdən sonra cavabdeh yığılmış borcunu ödəmişdir. Hazırda cavabdehin alimenti ödəməsi barədə məlumatı yoxdur. Hesab edir ki, iddia əsaslıdır.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, aliment məbləğinin artırılmasına qismən də olsa, etiraz etməsə də, müalicə xərci kimi tələb edilən məbləği ödəmək imkanı yoxdur. Uşağın sahib olduğu autizm sindromu xəstəlik sayılmır və demək olar ki, tam olaraq müalicəsi mümkün deyildir. Uşağı müalicə etdirdikləri zaman bir valideyn kimi onunla məsləhətləşmiş olsaydılar, öz büdcəsini nəzərə alaraq, bu fəaliyyətdə iştirak etmək istəyərdi. Uşağa əlillik verilmişdirsə, yüksək ehtimal ona pensiya da, ödənilir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaya etirazı müdafiə edir. Qanunla müəyyən edilmiş məbləğdə aliment ödəməyə razıdır. İddiaçı tərəfindən tələb edilən aliment məbləğini ödəyə bilməyəcək. Belə ki, o, ikinci dəfə nikaha daxil olmuşavə ikinci nikahdan iki azyaşlı uşaqları vard. İddiaçı iddia ərizəsində əmək haqqının 1000 manatdan yuxarı olduğunu bildirsə də, heç bir sübut təqdim etməmişdir. Özü Milli Onkologiya Mərkəzində işləyir və əmək haqqı cəmi 894 manat təşkil edir. Bundan başqa iddiaçıya alimenti ödəmişdir. Lakin ödənişləri əlbəəl və öz adına olan kart hesabına ödədiyi üçün sübut edə bilməmişdir. Hətta etdiyi ödənişləri sübut etməyə belə zərurət görməmişdir. Belə ki, nəticə etibarı ilə söhbət onun övladından gedir. Bugünə aliment borcu yoxdur. Hətta noyabr ayında iddiaçıya 150 manat aliment ödənişi etmişdir. İddiaçı ilə birgə nikahda olan dövrdə uşağı müalicə etmiş, kurslara aparmışlar. Lakin özü tibb sahəsində çalışır və bildir ki, autizm xəstəlik yox fərqlilikdir. Nikah pozulandan sonra iddiaçının uşağı müalicə edib-etməməsi, eyni zamanda kurslara aparıb-aparmaması barədə məlumatı yoxdur. Autizm xəstəlik yox fərqlilik hesab olunur və autizmin müalicəsi yoxdur. Statistikaya görə, dünya üzrə 10 uşaqdan 7-si autizm xəstəliyindən əziyyət çəkir. Auztizm xəstəliyi hər bir uşaqda ayrı formada olur. Autizm olan uşaqlar var ki, həddindən artıq zəka üstünlüytünə malikdir, uşaq da vardır ki, əqli geridir. İddiaçı ilə nikahda olan zaman uşağı demək olar ki, Bakı şəhərinin bütün mərkəzlərində, eyni zamanda Türkiyə Respublikasında müalicə etmişlər. Lakin autizmin müalicəsi yoxdur. Buna baxmayaraq ümid edir ki, tibb sahəsi inkişaf edir və gələcəkdə autizmin müalicəsi tapılacaqdır. Bundan başqa uşaq hazırda 268 nömrəli xüsusi məktəbdə oxuyur. Həmin məktəbdə hər bir şərait vardır. Cavabdeh uşağın müalicəsi ilə bağlı onunla məsləhətləşməmişdir. Onun da borcudur ki, uşağın müalicəsi ilə bağlı iddiaçıya kömək etsin. Lakin özü ikinci dəfə nikaha daxil olmuş və ikinci nikahdan iki azyaşlı uşaqları var. Özü Milli Onkologiya Mərkəzində işləyir və əmək haqqı cəmi 894 manat təşkil edir. Mən qanunla müəyyən edilmiş məbləğdə aliment ödəməyə razıdır. Uşağın əlavə xərclərinə görə isə 50-60 manat ödəniş edə bilər. Gəliri artığı təqdirdə isə daha artıq ödəniş edə bilər. İddiaçı hazırda Türkiyə Respublikasında işləyir və orada yaşayır. Uşağa hazırda iddiaçının anası baxır və səhv etmirsə, iddiaçının anası uşağa baxdığına görə dövlətdən müavinət alır. Uşağın əlavə xərclərinə görə isə 50-60 manat ödəniş edə bilər.

7. Cavabdeh həmçinin iddiaya dair yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etirazını belə əsaslandırmışdır ki, o, ikinci dəfə xx.xx.2021-ci il tarixdə X12 qızı ilə nikaha daxil olmuşdur, həmin nikahdan xx.xx.2022-ci il tarixli və xx.xx.2024-cü il tarixli uşaqları vardır. İddianın təmin olunması zamanı alimentin qanunvericiliyə uyğun olaraq tutulmasını, ailəli olduğunu və himayəsində 2 azyaşlı övladının olduğunu, aylıq gəlirinin 892 manat olduğunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8555/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində bağlanmış və 941 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü Rzazadə Uğur İkram oğlunun iddiaçı X1 yanında qalması, xx.xx.2014-cü il təvəllüdlü Rzazadə Uğur İkram oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2017-ci il tarixindən başlayaraq, cavabdehdən hər ay 136 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir.

9. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 295366 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixində 212 № ilə qeyd edilmişdir. Nikah pozulandan sonra qadına “Hacıyeva” soyadı verilmişdir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Rzazadə Uğur İkram oğluna sağlamlıq imkanları məhdud uşaq kimi F84.0 uşaq autizmi, Kanner sindromu ağırlaşma, F80.1 Ekspressiv nitq pozğunluğu yanaşı xəstəliklər, f80.2 Reseptiv nitq pozğunluğu, yanaşı xəstəliklər, F 90.1 Hiperkinetik davranış pozğunluğu diaqnozu qoyulmuşdur.

11. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 423648 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2021-ci il tarixində nikah bağlanmş və bu barədə akt qeydləri kitabında 59 № ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Rzayeva” soyadı verilmişdir.

12. 1 saylı Bakı “ASAN Xidmət “ Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilə AZ-İV seriyalı 727870 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixində Bakı şəhərində doğulmuş, atası X8 anası X2r.

13. 7 saylı Bakı “ASAN Xidmət “ Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilə AZ-İV seriyalı, 961144 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixində Bakı şəhərində doğulmuş, atası X8 anası X2r.

14. Milli Onkologiya Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində xx.xx.2020-ci il tarixdə nüvə təbabəti və radionuklid terapoya şöbəsində mühəndis vəzifəsində işləyir. Əmək haqqı 571,55 manatdır. Hesablanan əmək haqqından vergilər tutulduqdan sonra 470,94 manat məbləğ əldə edilir.

15. X6 (**********) tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən marketinq şöbəsində marketinq üzrə mütəxəssis vəzifəsində işləyir və aylıq vəzifə maaşı 468 manatdır.

16. “Aquasport” İdman və Sağlamlıq Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 6/2024 saylı ərizədən görünür ki, Rzazadə Uğur İkram oğlu 2023-cü ilin yanvar ayının 1-dən bugünki tarixə kimi kompleksdə üzgüçülük dərslərində iştirak etmişdir. Sağlamlıq cəhətdən 1-ci qrup əlil olması nəzərə alınaraq, kompleksin üzgüçülük üzrə məşqçisi Anton Suvorov ilə həftədə 3 dəfə aylıq ödənişi 200 manat olmaqla, fərdi şəkildə dərslər almışdır. Sağlamlığı nəzərə alınaraq, bu dərslərin davam etdirilməsi zəruridir.

17. “Şərq-Qərb” Tibb Mərkəzi tərəfindən verilən arayışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Rzazadə Uğur İkram oğlu “Şərq-Qərb” Tibb Mərkəzində xx.xx.2024-cü il tarixində nevropatoloq həkim müayinəsindən keçmişdir. Umumi məbləğ 40 manat təşkil etmişdir.

18. xx.xx.2014-cü il təvəllüdlü Rzazadə Uğur İkram oğlu xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Rusiya Federasiyasında dəyəri 179800 rubl (2974 azn) olan müalicə kursundan (AVA-terapiya, Sensorlu İnteqrasiya, Loqoped, Loqomassaj, Sosial pedaqoq, massaj) keçmişdir.

19. “Azemis” Elektron Məhkəmə Sistemindən İddiaçı gəlir məlumatları sorğulandıqda 100 manat pensiya alması müəyyən edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8555/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X4 ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulmuş, tərəflərin birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü Rzazadə Uğur İkram oğlunun X1 yanında qalması, xx.xx.2014-cü il təvəllüdlü Rzazadə Uğur İkram oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2017-ci il tarixindən başlayaraq, cavabdehdən hər ay 136 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir.

21. xx.xx.2014-cü il təvəllüdlü Rzazadə Uğur İkram oğluna sağlamlıq imkanları məhdud uşaq kimi F84.0 uşaq autizmi, Kanner sindromu ağırlaşma, F80.1 Ekspressiv nitq pozğunluğu yanaşı xəstəliklər, f80.2 Reseptiv nitq pozğunluğu, yanaşı xəstəliklər, F 90.1 Hiperkinetik davranış pozğunluğu diaqnozu qoyulmuşdur.

22. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8555/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin uşağın saxlanılması üçün kifayət etmədiyini, uşağın səhhətində olan problemlərin həlli üçün cavabdehin əlavə xərclərdə iştirakının təmin edilməsi məqsədilə aliment məbləğinin artırılaraq 400 manat olmasını və cavabdehdən hər ay əlavə xərclərə görə 500 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.

23. Cavabdeh isə xx.xx.2021-ci il tarixində artıq 2-ci dəfə nikaha daxil olmuşdur. Həmin nikahdan tərəflərin xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur.

24. Cavabdeh iddianı qismən qəbul edərək, iddiaya qarşı etirazını onunla əsalandırır ki, iddia edildiyi həcmdə əmək haqqı yoxdur. İkinci dəfə nikaha daxil olub və həmin nikahdan da, iki uşağı var. Alimenti qanunvericilikdə müəyyən edilmiş həcmdə ödəməyə razıdır. Uşağın müalicəsi üçün tələb edilən vəsait çoxdur. Təqribən 50-60 manat ödəməyə imkanı vardır. Müalicə üçün vəsait xərclənəndə valideyn kimi ondan da, məsləhət alınmasını istəyir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

25. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinə ayrı-ayırılıqda münasibət bildirilməlidir.

26. İddia tələbinin birinci hissəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasında tutulan alimentin məbləğinin artırılmasıdır. Məhkəmə bu tələbə Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbi baxımından və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu haqqında tələblərə uyğun qiymət verilməli olması qənaətinə gəlir.

27. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

29. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

30. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

31. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

32. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

33. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

34. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

35. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

36. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

37. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

38. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2017-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını, cavabdehin gəlirlərini və himayəsində 2 azyaşlı uşağın olmasını nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 235 manat məbləğində müəyyən edilməlidir.

39. Məhkəmə iddia tələbinin cavabdehdən əlavə xərc kimi uşağın müalicəsi üçün 500 manat pul vəsaitinin tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

40. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

41. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

42. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

43. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

44. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

45. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 yanvar 2015-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları birbirindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıbgətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.

46. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında “göstərilən kənar xidmət” və “digər hallarda” müddəlarını şərh edərkən yetkinlik yaşına çatmış övladlara münasibətdə hüquqi qiymət verilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan uşaqlar üçün həmin halların şamil edilməsini istisna etməmişdir.

47. Belə ki, AM-nin 81.1-ci maddəsində qeyd edilmişdir ki, Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

48. Göründüyü kimi qanunvericilik aliment tutulması barədə valideynlər arasında sazişin olduğu halda belə, əlavə xərclərin tutulmasını müstəsna hallar olduqda mümkün hesab etmişdir. Burdan o nəticəyə gəlmək olar ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün məhkəmə qaydasında aliment tutulduqda da, məhkəmə müstəsna hallarla bağlı digər valideyni çəkilmiş və gələcəkdə çəkilməli olan əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.

49. Müstəsna hallarla bağlı isə Konstitusiya Məhkəməsinin sözügedən qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.

50. Bu normanın yetkinlik yaşına çatmayan uşaqlar üçün şamil edilməsi istisna olunmadığından, həmin halların mövcudluğu yetkinlik yaşına çatmayan uşaqlar üçün də müstəsna hal hesab edilə bilər.

51. Bu baxımdan işin hallarından da göründüyü kimi tərəflərin yetkinlik yaşına çatmayan uşağı xx.xx.2014-cü il təvəllüdlü Rzazadə Uğur İkram oğlu körpə vaxtlarından xəstədir. Ona sağlamlıq imkanları məhdud uşaq kimi F84.0 uşaq autizmi, Kanner sindromu ağırlaşma, F80.1 Ekspressiv nitq pozğunluğu yanaşı xəstəliklər, f80.2 Reseptiv nitq pozğunluğu, yanaşı xəstəliklər, F 90.1 Hiperkinetik davranış pozğunluğu diaqnozu qoyulmuşdur. Ona xüsusi diqqət, xüsusi yanaşma, xüsusi proqram tələb edildiyi xəstəliyin xarakterindən aşkardır.

52. Belə ki, autizm spektr pozuntusu dedikdə bir neçə xəstəlik nəzərdə tutulur ki, uşaq autizmi bu qrupa daxil olanlardandır. Autizm spektr pozuntulardan əziyyət çəkən uşaqlar xüsusi diqqət və qayğı tələb edilən qrupdur. Nəzərə alınmalıdır ki, autizm xəstəliyinin tam olaraq müalicə oluna bilən xəstəlik hesab edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan da göründüyü kimi, iddiaçı tərəfindən uşağın mütəmadi olaraq müalicəsi aparılır və kifayət qədər vəsait xərclənir. Hətta dövlət tərəfindən uşağın valideyni olan anasına uşağın sağlamlıq imkanlarının məhdud olması səbəbindən 100 manat pensiya ödənişi edilir.

53. Bununla belə, məhkəmə birgə nikahdan olan uşağa vəsait tələb edən xüsusi yanaşmanın labüdlüyünü(individual idman, tədris və.s), cavabdehin maddi vəziyyətini(əmək haqqı təxminən 900 manat), himayəsində iki azyaşlı uşağının olmasını, uşaqları saxlamağın hər iki valideynin borcu olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əlavə xərclərin tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü Rzazadə Uğur İkram oğlunun müalicəsi ilə bağlı əlavə xərclərə görə cavabdehdən tutulmalı olan vəsait 100 manat məbləğində müəyyən edilməlidir.

54. Bundan əlavə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olduğundan, hazırki qətnamə ilə tutulmalı olan məbləğ xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Tətbiq edilən prosessual normalar:

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

56. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

57. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

58. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;

59. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

60. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

61. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

63. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir;

64. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Nəticə:

65. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8555/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2014-cü il təvəllüdlü Rzazadə Uğur İkram oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment və xx.xx.2014-cü il təvəllüdlü Rzazadə Uğur İkram oğlunun xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin və əlavə xərclərin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.

66. Məhkəmə həmçinin hesab edir ki, ödənilməli olan dövlət rüsumunun məbləği, mediasiya mərhələsində ödənilmiş vəsaitlə əhatə olduğundan, cavabdehdən dövlət rüsumun əvəzinin tutulmasına əsas yoxdur.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8555/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2014-cü il təvəllüdlü Rzazadə Uğur İkram oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. xx.xx.2014-cü il təvəllüdlü Rzazadə Uğur İkram oğlunun xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay 100(yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin və əlavə xərclərin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə(Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar