Məhkəmə qərarları › İş №2(001)-830/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-830/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-830/2021 05.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı “xxxx” LTD MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor “xxxx” LTD MMC borclu Cavabdeh qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5972/2020 nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə əmri ilə borclu Cavabdeh kreditor “xxxx” LTD MMC-nin xeyrinə 1.000 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə yazılı etiraz təqdim edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5972/2020 nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsini və işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5972/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5972/2020 nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə əmri ləğv edilmiş, kreditor “xxxx” LTD MMC-nin borclu Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş iddia icraatına keçirilmişdir. İddiaçı “xxxx” LTD MMC-nin nümayəndəsi X3 məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçı tərəfin ərizəsini də nəzərə alıb, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə ərizəsini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əşyanın nisyə alğısatqısına dair müqaviləyə əsasən cavabdeh iddiaçıdan qiyməti 1.650 manat olan məişət avadanlığını nisyə almış, ilkin ödəniş olaraq 150 manat ödəmiş, qalan məbləği isə 12 ay müddətinə hər ay 125 manat ödəniş etməyi barədə öhdəlik görütmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və nəticədə borcu yaranmışdır. İddiaçı ilk olaraq ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin öhdəliyi icra etmədiyini və nəticədə 1.000 manat məbləğində borcunun yarandığını bildirmiş və həmin məbləğin tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5972/2020 nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə əmri ilə borclu Cavabdeh kreditor “xxxx” LTD MMC-nin xeyrinə 1.000 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Lakin sonradan həmin əmr cavabdehin ərizəsi əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5972/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı hazırda da cavabdehdən 1.000 manat məbləğində borcun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan məişət avadanlığını müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh müqavilənin predmeti olan əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmiş və bununla da bu müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh iddiaçı “xxxx” LTD MMC-nin xeyrinə 1.000 manat məbləğində əsas borc tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1.000 manat məbləğində əsas borc, habelə 20 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı “xxxx” LTD MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h AZ03NABZ********************, H/h AZ53İBAZ********************) ödənilməlidir. Dövlət rüsumunun çatışmayan hissəsində 10 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət mədaxilinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.000 (bir min) manat məbləğində əsas borc, habelə 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı “xxxx” LTD MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h AZ03NABZ********************, H/h AZ53İBAZ********************) ödənilsin. Dövlət rüsumunun çatışmayan hissəsində 10 (on) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət mədaxilinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar