Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-830/2024 16.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən yaşıllığa vurulmuş 900 manat məbləğində ziyan məbləğinin X3 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 10 fevral 2022-ci il tarixdə Cavabdeh tərəfindən ünvan 1 ünvanında 1 (bir) ədəd diametri 32 (otuz iki) sm olan keçibuynuzu ağacı qanunsuz olaraq kəsilərək məhv edilmişdir.Həmin ağacın qanunsuz kəsilərək, məhv edilməsi nəticəsində yaşıllığa 900(doqquz yüz) manat məbləğində ziyan vurulmuşdur. Vurulmuş ziyanın qanunvericiliyə əsasən X3 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. xx.xx.2022-ci il tarixində barəsində inzibati tənbeh vermə haqqında qərara çıxarılan Cavabdeh tərəfindən 900(doqquz yüz) manat məbləğində ziyan məbləğinin X3 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiyini, ağacın quru hissəsini kəsdiyini, dəfələrlə yaşıllaşdırma idarəsinə zəng etdiyini, amma ona cavab verən olmadığını və o da budağın təhlükə yaradacağını görüb, kəsmək qərarına gəldiyini, həmin məbləği ödəməi imkanının olmadığını bildirmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 73558 №-li aktdan görünür ki, X5 Nazirliyinin Binəqədi Rayon X2 rayonu 9-cu mikrorayon, Mir Cəlal küçəsi 141 ünvanında 1(bir) ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın hesablanması barədə daxil olmuş müraciəti tərəflərindən araşdırılmışdır. Araşdırma ilə əlaqədar sözügedən ünvanda baxış keçirilərkən yaş köküstə bioloji inkişafda olan 1(bir) ədəd keçibuynuzu (d=32 sm) ağacının 1,3-1,4 metr hündürlükdən kəsilərək məhv edildiyi, ərazidə hər hansı tikinti və ya abadlaşdırma işlərinin aparılmadığı məlum olmuşdur. Ərazidə çəkilmiş fotoşəkillər akta əlavə olunmuşdur. Akt iki nüsxədən ibarət tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixli, 73558 №-li aktın əsasında yaşıllıqlara dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, dəymiş ziyanın ümumi məbləği 900 manat təşkil edir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh 10 ferval 2022-ci il tarixdə ünvan 1 ünvanında 1(bir) ədəd 32 (otuz iki) sm diametrli keçibuynuzlu ağacını kəsmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 2000 (iki min) manat cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 3(001)- 2229/2022 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN1066223 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsi barədə verilmiş vəsatət təmin edilməmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, Cavabdeh dəymiş ziyanın ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının əmlakına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti tutularaq X3 üzrə Dövlət Fonduna ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göründüyü kimi, iddiaçı qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat dəymiş ziyan alınaraq X3 üzrə Dövlət Fonduna ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-830/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-830/2024
16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver