Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-841/2021 15.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1763,01 manat əsas, 948,05 manat faiz, 1516,16 manat cərimə, 258 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləğ olmaqla, cəmi 4485,22 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 02 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 3040 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı kredit və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyır. Lakin bunlara baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin banka ödənilməmiş 1763,01 manat əsas borcu, 948,05 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış 258 manat faiz borcu, 1516,16 manat cərimə olmaqla, cəmi 4485,22 manat məbləğində borcu vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etməklə yanaşı bildirmişdir ki, iddiaçı 2019-cu ildə eyni tələblə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında iddia ərizəsi yaranmış kredit borcunun restruktizasıyası məqsədilə baxılmamış saxlanılmışdır. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia müddətinin ötürüldüyünü bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci mаddəsinə əsаsən işə cavabdehlərin iştirakı оlmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2015-ci il tarixli 02 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-in Sənaye filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3040 manat kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 02 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 02 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əsasında borc alana verilmiş kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, xx xxxxxx 2015-ci il tarixli 02 saylı kredit müqaviləsi əsasında götürülmüş kreditin aylıq məbləği 161 manat olmaqla xx xxxxxx 2017-ci il tarixə kimi qaytarılması razılaşdırılmışdır. xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxx 2019-cu il tarixə 1763,01 manat əsas borcu, 948 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün hesablanmış 258 manat faiz borcu, 1516,16 manat cəriməsi olmaqla, cəmi 4485,22 manat borcu vardır. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli bildirişlərin surətindən və onların ünvan sahibi tərəfindən qəbul edilməsini təsdiq edən qəbzlərdən görünür ki, cavabdehlərə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3620/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərarından görünür ki, İddiaçı ASC məcburi ləğv edilərək, Əmanətlərin Sığortalanması Fondu xx xxxx 2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-7759/2019 saylı Qərardadından görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsi yaranmış kredit borcunun restruktizasıyasının mümkünlüyü səbəbindən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi tərəflər (İddiaçı ASC-in Sənaye filialı ilə Cavabdeh1) arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin (əsas borcun, faiz borcun və dəbbə pulunun) icrasının (ödənilməsini) təmin edilməsini tələb etməkdə haqlıdır. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinə görə isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunanlardan göründüyü kimi, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, özgəsinin pul vəsaiti qanunsuz saxlanıldıqda və onu qaytarmaqdan boyun qaçırıldıqda pulun sahibi ona dəymiş zərərin əvəzini ödəməyi tələb etmək hüququna malik olur. Konkret bu halda iddianın predmetini pul məbləği təşkil etdiyi üçün iddiaçı cavabdehdən həm pul məbləğini, həm də pul vəsaitini qanunsuz saxlamaqla və onu qaytarmaqdan boyun qaçırmaqla puldan faydalanmağa görə həmin vəsaitin məbləğindən hesablanan faizlərin ödənilməsini tələb edə bilər. Belə olan halda aydın olur ki, iddiaçı cavabdehdən vaxtında qaytarmadığı puldan (borcdan) hesablanan faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə Cavabdeh1 iddia müddətinin keçməsi ilə bağlı bildirdiklərini əsassız hesab etməklə qeyd edir ki, mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7759/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı 2019-cu ildə eyni tələblə həmin cavabdehlərə qarşı müəyyənləşdirilmiş qaydada iddia irəli sürmüş, həmin iddia ərizəsi xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun restrukturizasiyası məqsədilə baxılmamış saxlanımışdır. Mülki Məcəllənin 380.1-ci maddəsinin tələbinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. İşin hallarından göründüyü kimi, tərəflər arasında 02 saylı, xx xxxx 2015-ci il tarixdə bağlanmış Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilmiş, kreditin ödənilməli olan son tarixi xx xxxxxx 2017-ci il olaraq müəyyən edilmişdir. İcra müddəti xx xxxxxx 2017-ci il tarixdə bitmiş kredit müqaviləsi ilə bağlı iddia müddətinin axımı həmin tarixdən başlansa da, iddiaçı sözügedən iddia tələbilə bağlı 2019-cu ildə məhkəməyə müraciət etməklə iddia müddətinin axımını kəsmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanıldığından həmin tarixdən iddia müddətinin axımı yenidən başlamışdır ki, iddiaçı da müqavilə tələblərini qanunla müəyyən edilmiş 3 illik iddia müddəti keçmədən 2020-ci ilin oktyabr ayında yenidən irəli sürmüşdür. Belə olan halda mövcud mübahisəyə iddia müddəti tətbiq edilə və bu əsasla iddia rədd edilə bilməz. Digər cavabdeh – zamin Cavabdeh2 yönəlmiş tələblə, yəni kredit borcunun ondan da tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi borcun zamindən tutulmalı olmalı hissəsində əsaslı və qanuni olmadığından təmin edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli № 02 saylı kredit müqaviləsinin təminatı kimi bank Cavabdeh2 ilə xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitdiyindən, iddiaçı isə eyni tələblə ilk dəfə məhkəməyə xx.xx.2019-cu ildə müraciət etdiyindən zaminin iddiaçı bank qarşısında öhdəliklərinə Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinə əsasən xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Digər tərəfdən, iddiaçı xx xxxxxx 2015-ci il tarixli, 02 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1516,16 manat məbləğində dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu əsasla məhkəmə, xx xxxxxx 2015-ci il tarixli, 02 saylı kredit müqaviləsi üzrə 1516,16 manat məbləğində hesablanmış cərimənin 150 (yüz əlli) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan 1763,01 manat əsas borc, 948,05 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün 258 manat faiz borcu, 150 manat cərimə borcu, cəmi 3119,06 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 21 (on doqquz) manatı cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eyni Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 1763,01 manat əsas borc, 948,05 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün 258 manat faiz 5(%) borcu, 150 manat cərimə borcu, cəmi 3119,06 (üç min yüz on doqquz manat 06 qəpik) manat məbləğində borc və 21 (iyirmi bir) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-841/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-841/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver