Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-848/2021 09.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tutmanın ipoteka predmetinə yönəldiməsi, əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-5978/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə 93.356,09 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmeti olan və Cavabdeh2 mülkiyyətində olan Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən 0.16 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, Bərdə rayonu Kətəlparaq kəndində yerləşən 0.16 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəsatətlə məhkəməyə müraciət edərək, ipoteka müqaviləsinə hər hansı imza etmədiyini, bu halın araşdırılması üçün mülki iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xəttşünaslıq və əmlakın qiymətləndirilməsi ekpertizaları təyin edilmiş və ekspert rəyləri daxil olanadək iş üzrə icraat dayandırılmışdır. Ekspert rəyləri məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş, lakin məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdilər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən tərəflər razılaşmışlar ki, İddiaçı QSC Cavabdeh1 120 ay müddətinə 300.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır və ayrıca razılaşma əsasında ona kredit verir. Həmin uzunmüddətli kredit müqaviləsi çərçivəsində iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə aylıq 2,0833 faiz dərəcəsi ilə faiz hesablamaq və borcu ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən kredit razılaşması ilə müəyyən edilmiş məbləği iddiaçıdan qəbul etmiş və bu kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faizləri və gecikmələrə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 iddiaçı qarşısında yaranmış öhdəlikləri üçün zamin durmuşdur. Lakin Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və nəticədə tərəflər arasında məhkəmə mübahisəsi başlamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-5978/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə ümumilikdə 93.356,09 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutulmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya və kasassiya şikayətləri təmin edilməmişdir. Eyni zamanda, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olmaqla Bərdə rayonu, Kətəlparaq kəndində olan 0.16 ha torpaq sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsində ipoteka predmeti 60.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair “xxxx” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyində ipoteka predmetinin ilkin (likvid) satış qiyməti 45.000 manat məbləğində göstərilmişdir. Hazırda da cavabdeh məhkəmə qətnaməsi ilə tutulmuş məbləğin ipoteka predmetinə yönəldilməsini tələb edir. Cavabdeh2 ipoteka müqaviləsində olan imzanın ona məxsus olmamasını da mübahisələndirmiş və bununla bağlı təyin edilmiş məhkəmə-xəttşünaslıq ekpertizasına əsasən aparılmış ekspert tədqiqatı ilə “xxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış 061L**********49 nömrəli, xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin sonuncu səhifəsində “Cavabdeh1 Xəyyam oğlu” sözlərinin qarşısındakı imzanın Cavabdeh1 Xəyyam oğlu tərəfindən icra olunduğu müəyyən edilmiş və bu barədə rəy verilmişdir (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/1147 nömrəli ekspert rəyi). Ekspert tədqiqatının dəyəri 127 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bəzi müddəalar xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (əvvəlki redaksiyada). İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun (bəzi müddəaları xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): xx.xx.2018-ci il tarixədək qüvvədə olan 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, iddiaçının tələbin ipoteka predmetinə yönəldilməsi hüququ yaranmışdır. İddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi proseduruna başlanması barədə məlumat verilmiş, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında əmlakın yerləşdiyi yer əsas götürülməklə X6 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyəti ərazi İdarəsində qeydə alınmışdır. Hüquqi nəticə etibarı ilə iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir və hazırda (ipoteka saxlayan) ipoteka predmetinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və cavabdehə məxsus əmlaka yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin boşaldılması” tələbi ilə bağlı qeyd edir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Belə ki, ipoteka predmetinin boşaldılması özündə həmin əmlakda yaşayan şəxslərin bütün əşyaların çıxarılmasını ehtiva edir. Qanunverici də bu vəziyyətdə “məcburi qaydada çıxarılma” ifadəsini təsbit etməklə, bu şəxslərin ipoteka predmetindən onlara məxsus əşyaları ilə birlikdə çıxarılmasını nəzərdə tutmuşdur. Belə ki, əsas məqsəd ipoteka predmeti satıldıqdan sonra onun maneəsiz şəkildə alıcı tərəfindən təhvil alınmasını təmin etməkdən ibarətdir. Bu da öz növbəsində əmlak satıldıqdan sonra həmin əmlakda ipoteka qoyana və onun ailə üzvlərinə, habelə əmlaka aidiyyəti olan digər şəxslərə məxsus olan hər hansı əşyanın olmasını istisna edir və onların ipoteka predmetindən məcburi qaydada məhz əşyalarla birlikdə çıxarılmasını şərtləndirir. Bu səbəbdən məhkəmə qanunvericilikdə təsbit edilmiş ifadəni yetərli hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh Cavabdeh2 ipoteka predmetindən çıxmazsa, o məcburi qaydada çıxarılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ilə bağlı belə qənaətə gəlir ki, bu əmlak hərraca çıxarılan zaman onun ilkin satış qiyməti müəyyən edilərkən ipoteka müqaviləsində göstərilmiş qiymət deyil, məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə işi əsasında tərtib edilmiş hesabatda göstərilmiş qiymət əsas götürülməlidir. Bununla belə məhkəmə qeyd edilən hesabatı əsas götürüb hesab edir ki, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 45.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)-5978/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 93.356,09 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən 0.16 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borc məbləği ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 45.000 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 həmin əmlakdan çıxmazsa, məcburi qaydada çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 127 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)- 5978/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 93.356,09 (doxsan üç min üç yüz əlli altı manat, doqquz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən 0.16 ha torpaq sahəsinə yönəldilsin. Həmin əmlak açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borc məbləği ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 45.000 (qırx beş min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh2 həmin əmlakdan çıxmazsa, məcburi qaydada çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-848/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-848/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver