Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8489/2021 13.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1112,50 manat əsas, 239,69 manat faiz, 76,22 manat cərimə, KM-nin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 % olmaqla 37,09 manat, cəmi 1465,50 manat və 35 manat ödənilən dövlət rüsumunun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması və həmin borcun istilik sistemi Kombi İtaltherm 24 kv-a yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 19 avqust 2019-cu il tarixli 05308 saylı kredit müqaviləsinə əsasən, 18 ay müddətli, 2100 manat məbləğində aylıq 3 faiz olmaqla, kredit verilmişdir. Kredit müqaviləsi ilə yanaşı 19 avqust 2019-cu il tarixli girov müqaviləsinə əsasən istifadədə olan Kombi İtaltherm 32kv markalı kombi girov qoyulmuşdu. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi, o cümlədən 23.08.2021-ci il tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. Hazırda cavabdehin 1112,50 manat əsas, 239,69 manat faiz, 76,22 manat cərimə olmaqla, cəmi 1465,50 manat borcu vardır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh ona qarşı qaldırılan iddiaya münasibət bildirməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19.08.2019cu il tarixli, №05308 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Bank Olmayan Kredit Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyəti borcalana 18 ay müddətinə illik 36%, aylıq 152,69 manat ödəmək şərti ilə 2100 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. İlkin ödəniş tarixi 19.09.2019-cu il, sonuncu ödəniş tarixi 19.02.2021-ci il olaraq müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2019-cu il tarixli, 05308 saylı girov müqaviləsindən görünür ki, bu müqavilə 19 avqust 2019-cu il tarixində "xxxx" MMC-nin Cavabdeh 18 ay müdətinə vermiş olduğu 2100 manat məbləğində kreditin və kredit faizlərinin ödənilməsinə əminlik yaratmaq üçün Cavabdeh məxsus Kombi İtaltherm 32 kv girov qoyulmuşdur. "xxxx" MMC-nin 05 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh №03489 saylı kredit müqaviləsi üzrə 1112,50 manat əsas, 239,69 manat faiz borcu, 76,22 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra 37,09 manat faiz borcu olmaqla, cəmi 1465,50 manat borcu vardır. "xxxx" MMC tərəfindən təqdim edilən ödənişlər üzrə çıxarışdan görünür ki, Cavabdeh sonuncu dəfə 22.06.2021-ci il tarixində 100 manat manat ödəniş etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh ünvanlanan 23 avqust 2021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə borcunu 3 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 19.08.2019-cu il tarixli, №05308 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən MMC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 36%, aylıq 152,69 manat ödəmək şərti ilə 2100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi MMC ilə Cavabdeh arasında 19.08.2019-cu il tarixli girov müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etməmiş, nəticədə banka maliyyə arayışında göstərilən məbləğdə borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən yaranmış borc məbləğini tələb edir və tələbin girov predmetinə yönəldiməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İş materiallarında olan maliyyə arayışı ilə də sübut olunur ki, cavabdehin borcu mövcuddur. Tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, 19 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 76,22 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu azaldılmalı və 35 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə tələbin girov predmeti olan Cavabdeh məxsus Kombi İtaltherm 32 kv-a yönəldilməsi hissəsində iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 279-cu maddəsinə əsasən Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. 280.2-ci maddəsinə əsasən girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 281.1-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 298.1-ci maddəsinə əsasən Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: - girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; - “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; - girov saxlayanın tələblərinin ödənilməsinə; 299.1-ci maddəsinə əsasən tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Tərəflər arasında bağlanmış 19 avqust 2019-cu il tarixli, 05308 saylı girov müqaviləsi ilə Cavabdeh Kombi İtaltherm 32 kv avadanlığı girov qoymuşdur. Girov müqaviləsi ilə təmin edilən öhdəliyi isə icra etməmişdir. Odur ki, iddiaçı tələbin girov predmeti olan avadanlığa yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 19.08.2019-cu il tarixli, №05308 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1112,50 manat, faiz borcuna görə 239,69 manat, cərimə borcuna görə 35 manat, gecikdirilmiş faiz borcuna görə 37,09 manat olmaqla, cəmi 1424,28 manat məbləğində pul vəsaiti və 35 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, tutma Cavabdeh məxsus girov ilə yüklü edilmiş Kombi İtaltherm 32 kv-a yönəldilməli, Kombi İtaltherm 32 kv açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 1424,28 manat məbləğində vəsait iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, qalan məbləğ Cavabdeh qaytarılmalı, əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. 19.08.2019-cu il tarixli, №05308 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1112,50 (bir min yüz on iki manat, əlli qəpik) manat, faiz borcuna görə 239,69 (iki yüz otuz doqquz manat, altmış doqquz qəpik) manat, cərimə borcuna görə 35 (otuz beş) manat, gecikdirilmiş faiz borcuna görə 37,09 (otuz yeddi manat, doqquz qəpik) manat olmaqla, cəmi 1424,28 (min dörd yüz iyirmi dörd manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 35 (otuz beş) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma girov predmeti olan Cavabdeh məxsus Kombi İtaltherm 32 kv-a yönəldilsin, Kombi İtaltherm 32 kv açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 1424,28 (min dörd yüz iyirmi dörd manat, iyirmi səkkiz qəpik) manat məbləğində vəsait iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin, qalan məbləğ Cavabdeh qaytarılsın. Əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-8489/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8489/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver