Məhkəmə qərarları › İş №2(001)-850/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-850/2025

07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-850/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (əri) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanla bağlı pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən etibarnamə əsasında idarə etdiyi “Lexus ES 300” minik markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 2500 manat məbləğində zərəri, qiymətləndirilmənin aparılması və mütəxəssis rəyinin verilməsi üçün 200 manat xidmət haqqı, ümumilikdə 2700 manat məbləğində pulun və 47 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı buraxılış tarixi 2019-cu il olan “Lexus ES 300” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücü olaraq idarə edir. xx.xx.2024-cü il tarixdə, 12:30 radələrində etibarnamə əsasında idarə etdiyi "Lexus ES 300" minik markalı avtomobillə Cəfər Xəndan küçəsində yerləşən dalanda sürətlər qutusunu D-yə atıb hərəkət etmək istərkən, təxmini 8-10 saniyə dayanmışdı ki, geri-geriyə hərəkət edən X8 markalı **-LN-*** qeydiyyat nişanlı avtomaşını görüb səs siqnalından istifadə etsə də xanım sürücü məhəl qoymayıb nəticədə maşınının arxa sol yan hissəsi ilə toqquşmuşdur. Göstərilən yol-nəqliyyat hadisəsi "X8" minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Cavabdeh barəsində inzibati xəta haqqında iş üzrə inzibati tənbeh tətbiq edilməsinə dair İXP № ******* inzibati xəta haqqında protokol qanuni qüvvəyə minmişdir. Qəza nəticəsində avtomobilinə ziyan dəymişdir. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli "Qüsur Aktı"na əsasən müəyyən olunur ki, hadisə nəticəsində avtomobilə dəymiş zərər 2500 manat manat təşkil edir. Hal-hazırda avtomobili təmir olunmaqdadır. Ona faktiki olaraq avtomobilinin qəzaya uğraması nəticəsində 2500 manat real zərər dəymişdir. Dəymiş zərər Cavabdeh Yusasıf qızına məxsus X8 markalı **-LN-*** avtomobilin icbari tibbi sığortası olmadığından sığorta vasitəsilə ödənilməsi mümkün olmamışdır. Eyni zamanda cavabdeh avtomobilinə dəymiş zərəri ödəməkdən imtina edir. Bu səbəbdən həmin məbləğ məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan əlavə, "xxxx" MMC tərəfindən qiymətləndirmənin aparılması və mütəxəssis rəyinin verilməsi üçün 200 manat xidmət haqqı ödənilmişdir. Hesab edir ki, həmin xidmət haqqıda cavabdehdən tutularaq ona ödənilməlidir. Dəfələrlə cavabdehdən vurduğu ziyanın əvəzinin ödənilməsini tələb etsələr də, cavabdeh bundan imtina edir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh tərəf telefon danışığı zaman ona təklif etmişdir ki, materialı özü alsın, usta xərcini isə qarşı tərəf qarşılayacaq. Lakin heç bir günahı olmadığı təqdirdə, ona verilən təkliflə razılaşmamışdır. Maşının farası hələ də, düzəldilməyib. Faranın qırıqları içindədir və hazırda maşını elə sürür. Maşının üstündə öz orjinal farası olan halda vurulub, təklif edilən ucuz fara Tayvandan gətirilmə faradır. Bundan başqa təqdim etdiyi sənədə görə faranın qiyməti 1250 manatdır.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, hesabatla razı deyil. Müəyyən olunan qiymətlər çox aşağıdır. Həmin qiymət zərəri qarşılamır. 320 manata orjinal ön farasını almaq mümkün deyil. “Lexus” servisdə həmin ön faranın qiyməti 1000-1100 manatdır. O, hər zaman avtomobilini “Lexus” servisdə qulluq etdirmişdir. Maşını sürmək üçün qismən də olsa təmir etmişdir. Təmiri Biləcəri qəsəbəsində yerləşən "xxxx" MMC-də tamamlamağı düşünür. Belə ki, avtomobilin müəyyən hissələrini artıq orada təmir etmiş və avans olaraq müəyyən qədər ödəniş də, etmişdir. Avtomobilin arxa farası, polirovkası və digər işləri qalmışdır. Avtomobil təxminən 70000 km yol getmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçıya mübahisənin həlli üçün bir neçə təklif irəli sürsə də, aralarında razılıq olmamışdır. Özünün servisi var, avtomobili orada təmir edə bilər. Sığorta şirkəti belə hadisədən sonra zədələnən hissələrin dəyərini yenisinə münasibətdə hesablamır. Faraya 1100 manat tələb edilməsi düzgün deyil. Belə ki, faranı 320 manata tapmaq olar. Usta xərci isə 400-500 manatdan artıq deyildir. Dostununda eyni markalı maşınının qabaq farası vurulmuş və 700 manata tapmışdır.

6. Cavabdeh iddiaya dair etirazında göstərir: iddiaçı ondan 2050 manat pul istədiyi təqdirdə 1270 manat qiymətləndirib. Heç avtomobilin bazarda dəyəri o qədər deyil. Necə olur ki, iddiaçı ona bildirir ki, avtomobil çıxdaş olunmalıdır. Bəs onda vurulmuş avtomobil özü hardadır. Sənədlərin içində ona notarial qaydada verilmiş etibarnamə yoxdur. İddianı qəbul etmir. Hesab edir ki, həmin avtomobilə görə o, məsuliyyət daşımır. Ona iddiaçı tərəfindən notarial qaydada etibarnamə verilməmişdir.

7. Cavabdeh məhkəmənin elektron poçtuna xx.xx.2024-cü il tarixli ərizə ilə müaricət edərək bildirmişdir ki, iddiaçının iddiası tamamilə əsassızdır. Belə ki, barəsində tərtib edilmiş Binəqədi rayon X9 Şöbəsinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilmişdir. Yəni, artıq hazırki iş üzrə təqsirli hesab edilmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Lexus ES 300” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı avtomobil BB215620 qeydiyyat nömrəsinə əsasən xx.xx.2022-ci il tarixdən X1 mülkiyyətindədir.

9. Mülkiyyətçi X4 tərəfindən verilən xx.xx.2022-ci il tarixli, ƏN-Vİİ seriyalı, № 013262 saylı etibarnamədən görünür ki, “Lexus ES 300” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün 9 il 4 ay 3 gün müddətinə xx.xx.2033-cü il saat 23:59-dək İddiaçı etibar edilmişdir.

10. xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixində saat 12:30da Cəfər Xəndan küçəsində yerləşən dalanda “X8” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qanunla müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortacı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə Binəqədi rayon X9 şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3 maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və buna görə barəsində 50 manat məbləğində cərimə edilmə barədə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır.

11. Binəqədi RPİ DYP Şöbəsi tərəfindən tərtib edilən İnzibati xəta haqqında protokol üzrə inzibati tənbehvermə haqqında ******* saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Cavabdeh xx.xx.2024-cü il tarixində Binəqədi rayonu, C.Xəndan küçəsində “Range Rover” markalı 10-lN-101 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yol hərəkəti qaydasını pozub, yol nəqliyyat hadisəsi törətdiyinə görə Binəqədi RPİ DYP Şöbəsinin əməkdaşı tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələri üzrə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol üzrə TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-6290/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Binəqədi rayon X9 Şöbəsinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarınn ləğv edilməsi, inzibati xəta haqqında iş yenidən baxılmaq üçü səlahiyyətli orqana- Bakı şəhəri, Binəqədi Rayon Dövlət X6 göndərilməsi qərara alınmışdır.

13. "xxxx" tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli dəymiş ziyanın hesablanmasında dair aktdan görünür ki, zədələnmiş ehtiyat hissələrinin dəyəri 1100 manat, görüləcək təmir işlərinin dəyəri 1400 manat olmaqla, avtomobilin təmiri üçün cəmi 2050 manat vəsait tələb olunur.

14. "xxxx" MMC tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktından görünür ki, yenisi ilə əvəz edilməsi tələb olunan hissəsinə 1250 manat, görüləcək usta işinə 50 manat, yekun olaraq 1300 manat vəsait hesablanmışdır.

15. "xxxx" MMC tərəfindən avtomobilə baxış keçirilməklə, fotoşəkilləri əlavə edilməklə təqdim edilən xx.xx.2025-ci il tarixli, 0165 saylı hesabatdan görünür ki, toplanmış materiallar, aparılmış təhlil və hesablamalar nəticəsində “Lexus ES 300” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın manatla ifadədə müəyyən edilmiş dəyəri 1270 manat məbləğində müəyyən olunmuşdur. Rəydən görünür ki, avtomobilin yararsız vəziyyətə düşmüş və yeniləri ilə əvəz edilməsi tələb olunan hissələrinə 320 manat, görüləcək usta işlərinə 950 manat, yekun olaraq 1270 manat vəsait hesablanmışdır. Qiymətləndirmə xidmətinin göstərilməsinin dəyəri 250 manatdır.

16. İddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

17. “Lexus ES 300” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. Həmin avtomobilin idarə edilməsi üçün İddiaçı xx.xx.2022-ci il tarixində 9 il 4 ay 3 gün müddətinə (xx.xx.2033-cü il tarixinə kimi) etibarnamə verilmişdir. İddiaçı etibarnamə ilə idarə etdiyi “Lexus ES 300” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücü kimi fəaliyyət göstərərkən, xx.xx.2024-cü il tarixində saat 12:30-da Cəfər Xəndan küçəsində, X8 markalı **-LN-*** qeydiyyat nişanlı avtomaşını ilə arxa sol yan hissəsədən toqquşmuşdurlar.

18. Göstərilən yol-nəqliyyat hadisəsi zamanı "X8" minik markalı **-LN-*** dövlət qeydiyyat nişanlı xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh təqsirli hesab edilir. Həmin qərardan Cavabdeh tərəfindən şikayət verilir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-6290/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Binəqədi rayon X9 Şöbəsinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilir, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana- Bakı şəhəri, Binəqədi Rayon Dövlət X6 göndərilir.

19. Binəqədi Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna ünvanlanan cavab xarakterli materiallardan görünür ki, xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsə də, hadisə üzrə yenidən araşdırma aparılmış və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələri ilə təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilməsi qərara alınmışdır.

20. Göründüyü kimi, avtomobilin zədələnməsi ilə nəticələnən qəzanın baş verməsində cavabdehin təqsirli olması inzibati xəta haqqında qərarla sübut olunur.

21. İş üzrə mübahisələndirilən hal avtomobilə dəymiş zərərin məbləği ilə bağlıdır.

22. İşin məhkəmə araşdırması dövründə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və "xxxx" MMC-dən müvafiq rəy alınmışdır. Rəyə görə avtomobilin bərpası üçün yekun 1270 manat,pul tələb olunduğu müəyyən edilmişdir.

23. İddiaçı təqdim edilən rəylə razılaşmasa da, cavabdeh rəy üzrə hesablanan məbləği mübahisələndirmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

24. İddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

25. Bundan başqa ilk olaraq araşdırılmalı olan məqamlardan biri də, iddiaçının iddianın qaldırılması üçün subyektiv hüququnun olub-olmaması ilə bağlıdır.

26. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi iddiaçının qanuni istifadəsində olmuşdur və bu səbəbdən aşağıda göstərilənlərə əsasən onun vurulan zərəri tələb etməsi üçün subyektiv hüququ vardır.

27. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Belə ki, zərər vurulan nəqliyyat vasitəsi iddiaçının qanuni sahibliyində olmuşdur və onun Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hüquq nəzəriyyəsində sahibliyin müdafiə olunmasının iki üsulu fərqləndirilir:1) hüquq mənasında sahibliyin müdafiəsi; 2) fakt mənasında sahibliyin müdafiəsi. Hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir. Beləliklə, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

29. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

30. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

31. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

32. - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

33. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

34. 1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

35. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir

36. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.

37. Odur ki, Cavabdeh delikt törətməsi, bunun nəticəsində “Lexus ES 300” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi işin mübahisəsiz hallarıdır və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla da təsdiq olunur.

38. İşin cavabdeh tərəfindən mübahisələndirilən halları isə avtomobilə dəyən zərərin məbləği ilə bağlıdır.

39. Məhkəmə işin müəyyən edilmiş halları baxımından iddianı qismən əsaslı hesab edir. Belə ki, iddiaçı dəyişilməli olan ehtiyyat hissəsinə görə 1100 manat və işçilik xərcinə görə 1400 manat tələb edir. Ehtiyyat hissəsi ilə bağlı məhkəmə tələb edilən məbləği ağlabatan hesab edir, çünki rəsmi servis olan "xxxx" MMC tərəfindən tərtib edilən qiymətləndirmə aktına görə həmin model avtomobilin orijinal arxa farasının qiyməti 1250 manatdır, iddiaçı isə bundan aşağı məbləğdə vəsait tələb edir. Cavabdehin etirazı və mütəxəssis rəyi ilə məhkəmə ona görə razılaşmır ki, mübahisələndirilən məbləğ məişətdə görüntü və uyğunluq dərəcəsinə görə orijinal detala oxşar olan digər ölkə istehsalı olan (tayvan, çin) detalın qiymətidir.

40. İşçilik xərcinə görə tələb edilən məbləği isə məhkəmə qismən əsaslı hesab edir və mütəxəssis rəyini əsas götürərək o qənaətə gəlir ki, işçilik xərcinin qiyməti 950 manat müəyyən edilməlidir. Belə ki, iddiaçı onsuz da avtomobili rəsmi servisdə təmir elətdirmək niyyətində deyil və cavabdehin nümayəndəsi də mütəxəssisin hesabladığı qiymətə yaxın məbləğdə təmir üçün vəsait tələb edildiyi ilə razıdır. Bundan əlavə tədqiq edilən fotoşəkillərə görə də müəyyən edilən məbləğ ağlabatandır.

41. Bu səbəblə məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərərin həcmi dəyişilməli olan ehtiyyat hissəsinə görə 1100 manat, təmir xərcinə görə isə 950 manat olmaqla, 2050 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

45. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

46. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir.

47. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

48. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

49. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş ziyanın əvəzi qismində 2050 manat məbləğində pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə münasibətdə dövlət rüsumun əvəzi qismində 37 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iddia verilməsi üçün iddiaçı tərəfindən ödənilən digər məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

50. Məhkəmənin tapşırığı ilə alınan mütəxəssis rəyinin dəyəri qismində 250 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına (benefisiarın adı: Hüquqçu MMC, benefisiarın VÖEN-i:**********, hesab nömrəsi: AZ12PAHA40060AZNHC**********, müxbir bank: "xxxx" ASC, SWİFT: PAHAAZ22, bank kodu: 505141, valyuta: AZN, bank VÖEN-i: **********) ödənilməlidir.

51. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyanın əvəzi qismində 2050 (iki min əlli manat) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 (otuz yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmənin tapşırığı ilə alınan mütəxəssis rəyinin dəyəri qismində 250(iki yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına (benefisiarın adı: Hüquqçu MMC, benefisiarın VÖEN-i:**********, hesab nömrəsi: AZ12PAHA40060AZNHC**********, müxbir bank: "xxxx" ASC, SWİFT: PAHAAZ22, bank kodu: 505141, valyuta: AZN, bank VÖEN-i: **********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar