Məhkəmə qərarları › İş №2(001)-851/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-851/2025

24.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-851/2025 24.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muxtarova Lamiyə Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduğu “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduğu “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən yaşayış kompleksinin 2-ci binasının 6-cı mərtəbəsində yerləşən 2 (iki) otaqdan ibarət, ümumi sahəsi 70.9 kv.metr olan 40 saylı mənzili "xxxx" MMC-dən 29 noyabr 2022-ci il tarixli ÇP/2-10 nömrəli alqı-satqı müqaviləsinə əsasən 97487.50 manata almışdır. Mənzilin ümumi dəyərinin 19587.50 manatını xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə nağd qaydada ödəmiş, elə həmin gün də "xxxx" ASC tərəfindən həmin məbləğ "xxxx" MMC-nin hesabına ödənilmişdir. Mənzilin dəyərinin yerdə qalan 77900 manatını isə xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Onunla "xxxx" ASC arasında 05 dekabr 2022-ci il tarixli, DKM/025Nİ4A01862622 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1.2-ci bəndində qeyd edilmişdir ki, kredit borcalana, "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli, ÇP/2-10 №-li yaşayış sahəsinin əldə edilməsinə dair müqaviləyə əsasən satış qiyməti 97487.50 manat olan ünvan 2 ünvanında inşa edilən yaşayış kompleksinin 2-ci binasının 6-cı mərtəbəsində yerləşən 2 (iki) otaqdan ibarət, ümumi sahəsi 70.9 kv. metr olan 40 nömrəli mənzilin qalıq dəyərinin ödənilməsi məqsədi ilə verilir. 77.900 manat pul vəsaitinin və 19587.50 manat pul vəsaitinin "xxxx" MMC-yə köçürülməsi barədə ona "xxxx" tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi sənəd verilmişdir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan “Çinarlı Park" MMC-dən yaşayış sahəsi əldə etdiyindən və ödənişi tam həyata keçirdiyindən ona ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılmalı olduğu halda, “Çinarlı Park" MMC-nin təqsiri ucbatından 30 faiz ƏDV-ni geri ala bilməmişdir. “Çinarlı Park" MMC elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürməmiş və həmin qaiməfakturanı çap edərək ona təqdim etməmişdir. O, dəfələrlə şifahi və yazılı formada Dövlət Vergi Xidmətinə yaşayış sahəsinə görə ödənilmiş pulun - ƏDV-in 30 faizinin ona geri qaytarılmasını bildirsə də, heç bir nəticəsi olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin 1-ci müavini, kiçik vergi xidməti müşaviri Ziya Məmmədov tərəfindən ərizəsinə cavab olaraq bildirilmişdir ki, onun nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması barədə xx.xx.2023-cü il tarixli müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Təsdiq edilmiş “Qayda”nın 2.0.3-cü bəndinə əsasən satıcı ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs və 4.1-ci bəndinə əsasən satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim etməlidir. Eyni zamanda vergi xidmətindən ona bildirmişlər ki, elektron qaiməfaktura 90 gün ərzində Vergi xidmətinə göndərilmədiyinə görə ƏDV-nin qaytarılması mümkünsüzdür. Bundan sonra o, "xxxx" MMC-nin direktoruna ərizə ilə müraciət edərək bildirmişdir ki, onlardan alqı-satqı müqaviləsinə əsasən 97487.50 manata yaşayış sahəsi almışdır. Lakin alqı-satqı olunduqdan sonra onlar elektron qaimə-fakturanı vergi idarəsinin portalına göndərməmişlər və bu səbəbdən də, o, ödənilmiş məbləğin 30 faiz ƏDV-ni geri ala bilməmişdir. Elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürülməsini və həmin qaimə fakturanın çap edilərək ona təqdim edilməsini xahiş etmişdir. "xxxx" MMC tərəfindən ərizəsinə xx.xx.2024-cü il tarixli, ÇP-M-050424-001 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, "xxxx" MMC xx.xx.2023cü il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativinə çevrilmişdir. Mənzil aldığı tarixdə tərəflərindən həmin mənzilin satışına dair Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsi ilə, 25 may 2022-ci il tarixli №1693 fərmanla təsdiq edilmiş qaydaların 4.1, 4.2-ci bəndlərində nəzərdə tutulan qaydada elektron qaiməni, sistemin aktiv olmaması səbəbindən sistemə daxil etmək mümkün olmadığından, həmin vaxt mənzilin dəyəri Bank vasitəsi ilə nağdsız qaydada MMC-nin hesabına ümumi qaydada ödənilmişdir. Ona görə də, aldığı mənzilə görə ödənilmiş vəsaitdən ona qaytarılmalı olan ƏDV məbləği, “Çinarlı Park" MTK-nın hesabına deyil Dövlət büdcəsinə ödənilmiş ƏDV məbləğindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına ödənilməli olduğundan ƏDV geri qaytarılması üçün "xxxx" MTK-ya deyil, Dövlət Vergi Xidməti orqanına müraciət etməlidir. Halbuki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli, 1693 nömrəli Fərmanının 4.1-ci bəndinə əsasən, Satıcı yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaiməfakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.6cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli, 1693 nömrəli Fərmanına və Qanunvericiliyin tələbinə görə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs yaşayış və qeyri-yaşayış sahəsinin təqdim edilməsi zamanı həmin yaşayış və ya qeyri yaşayış sahəsinin tam dəyərinə (ƏDV) daxil olmaqla “Qaydaya” əlavə olunmuş formada elektron qaimə fakturanın Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi Portalının elektron qaimə faktura sistemi vasitəsi ilə real vaxt rejimində vahid elektron məlumat bazasına ötürməli və çap edərək alıcıya təqdim etməli idi. Bina tikintisi ilə məşğul olan satıcı "xxxx" MTK (əvvəlki adı "xxxx" MMC) tərəfindən elektron qaimə-faktura 90 gün ərzində Vergi xidmətinə göndərilmədiyindən mənzilin alınmasına görə tərəfindən ödənilmiş 97487 manat pul vəsaitinin - ƏDV-nin 30 faizi ona geri qaytarılmamışdır. Dəfələrlə "xxxx" MTK-ya 97487 manat pul vəsaitinin ƏDV-nin 30 faizi olan 5264 manat pulun ona ödənilməsini bildirsə də, cavabdeh həmin pulun ona ödənilməsindən imtina etmişdir. O, da məcburiyyət qarşısında qalaraq vurulmuş ziyanın (əldən çıxmış faydanın) əvəzi olaraq 5264 manat pulun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, satıcı "xxxx" MTK (əvvəlki adı "xxxx" MMC) tərəfindən elektron qaimə-faktura 90 gün ərzində Vergi xidmətinə göndərilsə idi o, da mənzilin alınmasına görə ödədiyi 97487 manat pulun ƏDV-nin 30 faizi olan 5264 manat Dövlət Vergi Xidməti tərəfindən ona ödənilərdi. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh “Çinarlı Park'" MTK-nın hüquqi ünvanı ünvan 3 tərəfindən ödənilmiş 74 manat dövlət rüsumu cavabdeh "xxxx" MTK-ya aid edilərək ona ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən o, belə hesab edir ki, cavabdeh "xxxx" MTK-dan maddi zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 5264 manat pul vəsaitinin və ödənilmiş 74 manat dövlət rüsumu olmaqla, cəmi 5338 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh "xxxx" MTK-dan maddi zərərin (əldən çıxmış faydanın) əvəzi olaraq 5264 manat pul vəsaitinin və ödənilmiş 74 manat dövlət rüsumu olmaqla, cəmi 5338 manat məbləğində pul vəsaitinin alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, İddiaçı qanunla müəyyən edilmiş 90 gün müddəti "xxxx" MTKnın səhvinə görə ötürdüyünü bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə, həmçinin "xxxx" MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Vəkil hər biri ayrı-ayrılıqda cavabdeh MTK-ya qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda cavabdehin nümayəndəsi Nümayəndə iddiaçı tərəfindən ödənişlərin tam icra olunduğunu, ödənişlərin nağdsız qaydada ƏDV-yə daxil olduğunu, ƏDV-nin iddiaçının depozit hesabına deyil, "xxxx" MTK-nın bank hesabına köçürüldüyünü bildirməklə yanaşı, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 90 gün müddətin ötürüldüyünü bildirmişdir. Bundan başqa, nümayəndə bildirmişdir ki, MTK, ƏDV-nin qaytarılmamasında maraqlı deyil. MTK bundan heç nə qazanmır. Həmin dövrdə sistem işləmədiyindən elektron qaiməfaktura kəsmək mümkün olmamışdır. Bu halda MTK-nın heç bir təqsiri yoxdur, MTK ƏDV qaytaran qurum deyil, bu Vergilər Xidməti ilə vətəndaş arasında olan məsələdir. Əgər vətəndaş ƏDV qaytarılmasını istəyirdisə, bunu bəyan etməli idi. MTK keçmiş tarixə elektron qaimə-faktura verə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin, həmçinin cavabdehin nümayəndəsi və eyni zamanda vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İcraçı "xxxx" MMC ilə Sifarişçi İddiaçı arasında bağlanılmış ÇP/2-10 saylı 29 noyabr 2022-ci il tarixli mənzil alqı-satqısına dair müqavilədən görünür ki, tərəflər arasında həmin tarixdə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İcraçı özü tərəfindən ünvan 4 ünvanında inşa edilən yaşayış kompleksinin 2-ci Bina, 06-cı mərtəbəsində yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 70.9 kv. metr olan 40 saylı təmirsiz mənzilin tikintisini 24 ay ərzində hazırki müqavilə şərtlərinə uyğun olaraq tamamlayıb Sifarişçiyə təhvil verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış DKM/025N14A01862622 saylı 05 dekabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, tərəflər arasında həmin tarixdə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank Borcalana 264 ay müddətinə 77900 manat məbləğində kreditin istifadəyə görə illik 9% ödənilməsi şərtilə kredit verməyi, Borcalan isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit Borcalana, "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli ÇP/2-10 №-li yaşayış sahəsinin əldə edilməsinə dair müqaviləyə əsasən satış qiyməti 97487.50 manat olan ünvan 4 ünvanında inşa edilən yaşayış kompleksinin 2-ci binanın 6-cı mərtəbəsində yerləşən 70.9 kv.m. ümumi sahədən ibarət, 2 otaqlı 40 nömrəli mənzilin qalıq dəyərinin ödənilməsi məqsədi ilə verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış FCRAZN**********7001 saylı 05 dekabr 2022-ci il tarixli bank hesabı müqaviləsindən görünür ki, həmin tarixdə "xxxx" ASC tərəfindən İddiaçı adına AZ23HAJCFCRAZN**********7001 hesab açılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış ərizədən görünür ki, o, "xxxx" MMC-yə müraciət edərək, müraciətində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi 2 saylı binanın 40 saylı mənzilini xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-dən 97487.50 manat nağd şəkildə pul ödəyərək almışdır. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanına uyğun olaraq satıcı yaşayış sahəsinin tam dəyərinə (ƏDV daxil olmaqla) əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin internet vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə tərtib edilərək vahid məlumat bazasına ötürülməli və çap edilərək alıcıya təqdim edilməlidir. Lakin alqı-satqı olduqdan sonra elektron qaimə-faktura dövlət vergi xidmətinin internet vergi idarəsi portalına göndərilməmişdir. Ona görə də, tutulan verginin 30% ƏDV-sini ala bilməmişdir. Qeyd olunanlara əsasən elektron qaimə-fakturanın dövlət vergi xidmətinə və ona təqdim olunmamasının səbəbi barədə rəsmi məlumat verilməsini və elektron qaimə-fakturanın dövlət vergi xidmətinə və ona təqdim olunmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, MTK tərəfindən onun müraciətinə baxılmış və bildirilmişdir ki, ünvan 4 ünvanında çoxmənzilli yaşayış binalarının inşası, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilir. xx.xx.2023-cü il tarixdən etibarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati hüquqi formasını dəyişərək, "xxxx" Mənzil Tikinti Kooperativinə çevrilmişdir. Qeyd olunan müraciətdə mənzilə görə ödənilmiş vəsaitdən 5264 manat ƏDV məbləğinin 5 gün müddətində ödənilməsini tələb edərək, ƏDV məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə və digər orqanlara müraciət ediləcəyi bildirilmişdir. Bununla bağlı bildirilmişdir ki, onun mənzil aldığı xx.xx.2022-ci il tarixdə, tərəfindən həmin mənzilin satışına dair Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsi ilə, 25 may 2022-ci il tarixli № 1693 fərmanla təsdiq edilmiş Qaydaların 4.1, 4.2-ci bəndlərində nəzərdə tutulan qaydada elektron qaiməni, sistemin aktv olmaması səbəbindən sistemə daxil etmək mümkün olmadığından, həmin vaxtı mənzilin dəyəri Bank vasitəsi nağdsız qaydada MMC-nin hesabına ümumi qaydada ödənilmişdir. Mənzilin dəyərinin ödənilməsi üçün təqdim edilmiş hesab rekvizitlərinə, “Vahid ƏDV depozit hesabı”nın rekvizitləri də daxildir. "xxxx" MMC tərəfindən təqdim edilən mənzillərin dəyərinin ödənilməsi üzrə əməliyyatlar, birmənalı olaraq nağdsız qaydada aparıldığından (bank hesabına köçürməklə) həmin əməliyyatlara görə ƏDV-nin hesablanması və ödənilməsi hər ay üzrə mütəmadi olaraq icra edilir. ƏDVnin geri qaytarılması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 №li Fərmanının 2.2-ci bəndində qeyd olunur kı, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin. Həmin fərmanla təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydaları”-nın 3.1.1-ci bəndinə əsasən Operator, bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir. Həmin qaydaların 2.0.4-cü bəndinə əsasən operator - ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra - Dövlət Vergi Xidməti) orqanıdır. İstinad olunan normativ aktların tələbindən göründüyü kimi, aldığı mənzilə görə ödənilmiş vəsaitdən ona qaytarılmalı olan ƏDV-məbləğı, “Çinarlı Park’’ MTK (MMC)-nın hesabına deyil, Dövlət büdcəsinə ödənilmiş ƏDV məbləğindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına ödənilməli olduğundan ƏDV-nin geri qaytarılması üçün “Çinarlı Park“ MTK-ya deyil, Dövlət Vergi Xidməti orqanına müraciət etməli olduğu göstərilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı müraciətinə verilmiş cavabdan görünür ki, İdarə tərəfindən müraciətə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Təsdiq edilmiş “Qayda”nın 2.0.3-cü bəndinə əsasən, satıcı ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmalı və 4.1-ci bəndinə əsasən, satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) “Qayda”ya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin internet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürməli və çap edərək alıcıya təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»nda aşağıdakılar göstərilmişdir: “ ... 1.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. 1.7. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir. 2.1. ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: ... bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən ... 2.3. Nağdsız ödənişlərin aparılması zamanı tətbiq olunan “A” formatlı ödəniş tapşırığı ƏDV-nin ödənilməsi üçün istifadə edildikdə, “B1. Benefisiar (alan) bank” bölməsində DXAnın bank rekvizitləri əks etdirilməlidir. Həmin ödəniş tapşırığının “B2.Vəsaiti alan” bölməsinin “Adı” sətirində satıcının adı, “Hesab №-si” sətirində ƏDV-nin depozit hesabının nömrəsi, “VÖEN” sətirində isə satıcının VÖEN-i dəqiq qeyd olunmalıdır. Satıcı alıcıdan ƏDV-nin depozit hesabına ƏDV məbləğinin köçürülməsini təsdiq edən ödəniş sənədini tələb edə bilər”. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında 25 may 2022-ci il tarixli Fərmanın 1.1-ci bəndinə əsasən məlum olur ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. Həmin Fərmanın 4.1-ci bəndinə əsasən satıcı yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaiməfakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək, vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 4.2-ci bəndə əsasən Elektron qaimə-fakturada aşağıdakı məlumatlar göstərilir: ... təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin 1 (bir) kvadratmetrinin satış qiyməti, ƏDV-siz (manatla); binanın təqdim edilmiş tərkib hissəsinin dəyəri, ƏDV-siz (manatla); vergi tutulan əməliyyatlardan hesablanmış ƏDV (manatla); cəmi məbləğ (manatla); yekun; qaytarılacaq ƏDV-nin məbləği (manatla)... 5.1-ci bəndə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: ... ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ödənişi aparan alıcının soyadı, adı və atasının adı; ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; ödənişin təyinatı. 5.2-ci bəndə əsasən Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsi; ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş)”. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Həmin Məcəllənin 175.8-ci maddəsinə əsasən ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 7 və 7.3-cü bəndlərinə uyğun olaraq, “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısına daxildir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, "xxxx" MMC ilə İddiaçı arasında 29 noyabr 2022-ci il tarixdə ÇP/2-10 saylı mənzil alqı-satqısına dair müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında inşa edilən yaşayış kompleksinin 2-ci Bina, 6-cı mərtəbəsində yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 70.9 kv. metr olan 40 saylı təmirsiz mənzilin tikintisini 24 ay ərzində hazırki müqavilə şərtlərinə uyğun olaraq tamamlayıb, İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Daha sonra "xxxx" ASC ilə İddiaçı arasında DKM/025N14A01862622 saylı 05 dekabr 2022-ci il tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən Bank İddiaçı 264 ay müddətinə 77900 manat məbləğində kreditdən istifadəyə görə illik 9% ödənilməsi şərtilə kredit verməyi, İddiaçı isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit Borcalana, "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli ÇP/2-10 №-li yaşayış sahəsinin əldə edilməsinə dair müqaviləyə əsasən satış qiyməti 97487.50 manat olan ünvan 4 ünvanında inşa edilən yaşayış kompleksinin 2-ci binanın 6-cı mərtəbəsində yerləşən 70.9 kv.m. ümumi sahədən ibarət, 2 otaqlı 40 nömrəli mənzilin qalıq dəyərinin ödənilməsi məqsədi ilə verilmişdir. Beləliklə, İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi 2 saylı binanın 40 saylı mənzilin dəyəri 05 dekabr 2022-ci il tarixdə "xxxx" MMC-yə bank vasitəsilə ödənilmişdir. Lakin MTK tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında 25 may 2022-ci il tarixli Fərmanın 4.1-ci bəndinə əməl edilməmişdir. Belə ki, həmin Fərmanın 4.1-ci bəndinə əsasən satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) qeyd edilən Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürməsi və çap edərək alıcıya təqdim etməsi nəzərdə tutulsa da, satıcı - MTK tərəfindən qanunvericiliyin imperativ tələbinə əməl edilməmişdir. Cavabdeh MTK isə imperativ tələbə əməl edilməməsini “sistemin işləməməsi” və ya mexanizmin olmaması ilə əsaslandırmağa çalışsa da, məhkəmə həmin argumentləri ağlabatan hesab etmir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı müraciətinə verilmiş cavabdan görünür ki, həmin orqan iddiaçıya “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının” 4.1-ci bəndində nəzərdə tutulmuş cavabdeh tərəfindən icra edilməli olan şərt barədə məlumat verilmişdir. İlk növbəfə məhkəmə qeyd edir ki, ƏDV-nin mahiyyəti ondan ibarətdir ki, ƏDV dolayı vergi olmaqla məhsulun qiymətinə əlavə formasında çıxış edir. Əgər mənfəət vergisi müəssisənin sərəncamında qalan mənfəətin, gəlir vergisi işçilərə ödənilən əmək haqqının həcmini azalmasına səbəb olursa, ƏDV isə müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki o, məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində ödənilir. Əlavə dəyər vergisinin iqtisadi mənası ondan ibarətdir ki, o, istehsalın və dövriyyənin bütün mərhələlərində yaradılmış və satılmış malların, işlərin, xidmətlərin dəyəri ilə istehsal və dövriyyə xərclərinə aid edilmiş material xərcləri arasındakı fərq kimi müəyyən edilən əlavə edilmiş dəyərin bir hissəsindən tutulur. Bu vergi hüquqi və fiziki şəxslərin fəaliyyəti prosesində yaranan dəyər artımının qanunvericiliklə müəyyən olunmuş kəmiyyətinin dövlət büdcəsinə ayrılan hissəsidir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda istinad edilmiş 25 may 2022-ci il tarixli Fərmanının icrası ilə bağlı fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılmış və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilmişdir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürməli və çap edərək alıcıya təqdim etməlidir. Bundan sonra, alıcı 5.1-ci bəndə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və lazım olan sənədləri skan edərək portala göndərir. Qeyd edilməlidir ki, təqdim ediləcək sənədlər arasında alınmış yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və müvafiq məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi də göstərilmişdir. Göründüyü kimi ƏDV-nin qaytarılması məqsədilə iddiaçıdan tələb edilən əsas sənəd cavabdeh tərəfindən iddiaçıya təqdim edilməli olan alınmış yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədidir, işdə olan sübutlarla təsdiq edilmişdir ki, həmin sənəd iddiaçıya təqdim olunmamışdır. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına, habelə normativ aktlarda müəyyən edilmiş qayda və tələblərə əsaslanaraq, işin faktiki hallarını və işdə olan sübutları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürməli və çap edərək alıcıya təqdim etməlidir. ƏDV-nin qaytarılması məqsədilə iddiaçıdan tələb edilən əsas sənəd cavabdeh tərəfindən təqdim edilmədiyinə görə, iddiaçı tərəfindən ƏDV-nin qaytarılması üçün nəzərdə tutulmuş sonrakı addımların atılması mümkün olmamış, hazırki iş üzrə iddiaçı öz hüququndan istifadə edə bilməmiş, ƏDV-ni geri ala bilməmiş, geri almaq imkanını da itirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MTK ƏDV-nin qaytarılması üçün qanunla üzərinə qoyulan vəzifələri vaxtında və lazımi qaydada icra etmədiyindən, İddiaçı MM-in 21.2-ci maddəsinin mənasına görə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən (əldən çıxmış fayda) məhrum olunması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, iddia tələbi təmin olunmalı, cavabdeh "xxxx" MTK-dan dəymiş ziyana görə 5264 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MTK-dan dəymiş ziyana görə 5264 (beş min iki yüz altmış dörd) manat məbləğində pul vəsaiti və 74 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar