Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-853/2021 22.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Nağıyeva Məhbubə Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada “xxxx” ASC-nin xeyrinə 01.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 21420,56 manat əsas borc, 2039,21 manat faiz borcu olmaqla, ümumilikdə 23459,77 manat əsas borcun və 30 manat dövlət rüsumunun ödənilməsi, həmçinin Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış 01 iyul 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlərdən müştərək qaydada banka 01 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 21420,56 manat əsas borc, 1901,12 manat faiz borcu və 6.1 manat cərimə borcu olmaqla, ümmumilikdə cəmi 23327,78 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi, həmçinin Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış 01 iyul 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 01.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC-dən illik 23 % dərəcəsi ilə 24 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 01.07.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 05.08.2020-ci ilədək Cavabdeh1 banka 01.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 21420,56 manat əsas borc, 1901,12 manat faiz borcu və 6.1 manat cərimə borcu olmaqla, ümmumilikdə cəmi 23327,78 manat vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, mart ayına kimi müqavilə üzə ödənişlər edilsə də, mart ayından sonra qrafik üzrə ödəniş olmamış, yalnız oktyabr ayında ödəniş olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, pandemiyadan sonra 2000, 5000, 1000 manat ödənişləri olmuşdur. Faiz borcunun azaldılmasını, tələb edilən borc məbləği ilə bağlı yeni ödəniş qaydasının müəyyən edilməsini və bunun əsasında hissə-hissə ödəniş etmək istədiyini bildirmişdir. Digər cavabeh Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən 25 noyabr 2021-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Kredit verən bank “xxxx” İKB ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 01 iyul 2019-cu il tarixli, 22-BİZ-1-0-15-19 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kreditor borcalana 24 ay müddətinə , illik 23 % dərəcəsi ilə, aylıq ödəniş 1571,20 manat olmaqla, 30000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləi kreditora ödənilməsinə dair pul öhdəliyi götürmüşdür. Kredit verən bank “xxxx” ASC ilə kredit alan Cavabdeh1 oğlu və Cavabdeh2 arasında bağlanmış 01 iyul 2019-cu il tarixli, 22-BİZ-1-0-15-19 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 oğlu ilə bank arasında bağlanmış 01 iyul 2019-cu il tarixli, 22-BİZ-1-0-15-19 saylı krediti müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. “xxxx” ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 01 iyul 2019-cu il tarixli, 22-BİZ-1-0-15-19 saylı kredit müqaviləsi üzrə 05 avqust 2020-ci il tarixinə 21420,56 manat əsas borc, 2039,21 manat faiz borcu olmaqla, ümumilikdə 23459,77 manat borc hesablanmışdır. “xxxx” ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 01 iyul 2019-cu il tarixli, 22-BİZ-1-0-15-19 saylı kredit müqaviləsi üzrə 15 yanvar 2021-ci il tarixinə 21420,56 manat əsas borc, 3229,16 manat faiz borcu olmaqla, ümumilikdə 24649,7 manat borc hesablanmışdır. “xxxx” ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 01 iyul 2019-cu il tarixli, 22-BİZ-1-0-15-19 saylı kredit müqaviləsi üzrə 08.04.2021-ci il tarixinə 21420,56 manat əsas, 1901,12 manat faiz, 3.1 manat cərimə borcu vardır. “xxxx” ASC-nin cavabdehlərə ünvanlanan 04 avqust 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclular Cavabdeh1 oğlu və Cavabdeh2 01 iyul 2019-cu il tarixli, 22-BİZ-1-0-15-19 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ekspertizası Mərkəzinin 9/6063 saylı, 02.02.2021-ci il tarixli ekspert rəyindən görünür ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.07.2019-cu il tarixli 22-BİZ-1-0-15-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 05.08.2020-ci il tarixə banka olan borcu ümumilikdə 23,459,63 manat müəyyən olunur ki, onun 21420,52 manatı əsas, 2,039,11 manatı faiz borcu olaraq müəyyən edilmişdir. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından görünür ki, 05.08.2020-ci il tarixdən sonrakı dövrdə 1000 manat məbləğində ödəəniş aparılmışdır. Lakin borc məbləğinin hesablanma tarixi 05.08.2020-ci il tarixə göstərildiyindən 1000 manat məbləğində edilən ödəniş nəzərə alınmamışdır. Ekspertiza tədqiqatının dəyəri 145 manatdır. “xxxx” ASC tərəfindən təqdim edilən 01.07.2019-cu il tarixindən 08.04.2021-ci il tarixinədək olan müddəti əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 25.01.2021-ci il tarixində 2000 manat, 07.04.2021-ci il tarixində 500 manat ödəniş edilmişdir. 17 avqust 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı “xxxx” İKB ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 01 iyul 2019-cu il tarixli, 22-BİZ-1-0-15-19 saylı kredit müqaviləsinə və kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən kreditor borcalana 24 ay müddətinə , illik 23 % dərəcəsi ilə, aylıq ödəniş 1571,20 manat olmaqla, 30000 manat məbləğində kredit vermişdir. Eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün və zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyacağı barədə məsuliyyəti öz üzərinə götürmüşdür. Hesabdan çıxarış məlumatlarına əsasən borcalan sonuncu dəfə 07.04.2021ci il tarixdə 500 manat ödəniş etmişdir. Sonuncu maliyyə arayışına əsasən cavabdehin banka 08.04.2021-ci il tarixinə 21420,56 manat əsas, 1901,12 manat faiz, 6.1 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Cavabdehin müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Borcalanın işin məhkəmədə olduğu vaxt ərzində ödəniş etməsi onun öhdəliyini lazimi qaydada icra etmiş olmasına dəlalət etmir. Belə ki, borcalan kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri müqavilədə nəzərə tutulduğu qaydada həyata keçirməmişdir. Bu baxımdan kreditorun öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək hüququ yaranmışdır. Nəticə etibarı ilə borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Məhkəmə iddiada tələb olunan əsas borca münasibətdə qeyd edir ki, əsas borc həm 02.02.2021-ci il tarixli, 9/6063 saylı ekspert rəyi ilə, həm də ki, bank tərəfindən məhkəməyə təqdim edilən 08.04.2021-ci il tarixə olan maliyyə arayışına uyğun olaraq faktiki borcun əsasında müəyyən edilməlidir. Belə ki, iddia əsas borca münasibətdə təmin edilməli, 01 iyul 2019-cu il tarixli, 22-BİZ-1-0-15-19 saylı kredit müqaviləsi üzrə 21420,56 manat əsas borc müəyyən edilməlidir. Tələb olunan faiz məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, 02.02.2021-ci il tarixli, 9/6063 saylı ekspert rəyində cavabdehin banka olan faiz borcu 05.08.2020-ci il tarixə 2.039,11 manat müəyyən edilsə də, iddiaçı sonuncu məhkəmə iclasında iddia tələbinin həcmini azaldaraq cavabdehdən 1901,12 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Həmçinin cavabdehin 05.08.2020-ci il tarixindən sonra ödənişlər etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tələb edilən faiz borcu iddia tələbi həddində, yəni 1901,12 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddiaçı məhkəmə iclasında iddia tələbinin azaldılması barədə iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehdən həmçinin 6.1 manat cərimə borcunu tələb etmişdir. Belə ki, cavabdehin cərimə borcunun olmasını 08.04.2021-ci il tarixinə olan maliyyə arayışı ilə təsdiq etmişdir. Belə ki, 01 iyul 2019-cu il tarixli, 22-BİZ-1-0-15-19 saylı kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 6,1 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış 6,1 manat məbləğində dəbbə pulu cavabdehdən iddiaçı “xxxx” ASC -nin xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı borcalan ilə arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı “xxxx” ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanan 01 iyul 2019-cu il tarixli, 22-BİZ-1-0-15-19 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 21420,56 manat, faiz borcu üzrə 1901,02 manat, cərimə borcu üzrə 6,1 manat olmaqla, ümumilikdə 23327,78 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə(ekspertiza mərkəzinin hesabına) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. “xxxx” ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanan 01 iyul 2019-cu il tarixli, 22- BİZ-1-0-15-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 21420,56 (iyirmi bir min dörd yüz iyirmi manat, əlli altı qəpik) manat, faiz borcu üzrə 1901,02 (bir min doqquz yüz bir manat, iki qəpik) manat, cərimə borcu üzrə 6,1 (altı manat bir qəpik) manat olmaqla, ümumilikdə 23327,78 (iyirmi üç min üç yüz iyirmi yeddi manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-853/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-853/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver