Məhkəmə qərarları › İş №2(001)-8557/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8557/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8557/2021 05.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinədair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.000 manat borcun və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə 30 manat və 58 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, habelə 50 manat məbləğində pul ödənilməklə ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayış əlavə edilmişdir. Halbuki, bu qəbildən olan iddialar üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində məcburi iştirak tələb olunmur. Nəticə etibarı ilə iddiaçı tərəfindən 88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən 16.000 manat qiyməti olan iddia üzrə ümumilikdə 138 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Bununla belə, iddiaçı müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təmin etməmişdir. Bu da öz növbəsində iddia ərizəsinin geri qaytarılmasını şərtləndirir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş dövlət rüsumu geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan (müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edildikdən) sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar