Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-86/2022 10.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh Cavabdeh2, Cavabdeh Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə “TBC Kredit” BOKT arasında bağlanmış 14 avqust 2019-cu il tarixli BAKU1-38886-16851 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 12.342,84 manat əsas, 1516,37 manat faiz, 535,67 manat cərimə borcu olmaqla, ümumilikdə 14.394,88 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə “TBC Kredit” BOKT arasında 14.08.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 25% olmaqla, 36 ay müddətinə 14.000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 14.08.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. “TBC Kredit” BOKT ilə "xxxx" İKB ASC arasında bağlanmı 19.02.2019-cu il tarixli 1 saylı Əlavə Sazişə əsasən tələb etmə hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Məcidov məhkəmə iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh1 ilə bağlanmış 14.08.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 12.342,84 manat əsas, 5784,71 manat faiz, 23.213,79 manat cərimə borcu olmaqla, ümumilikdə 41.341,34 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia tələbini qismən, yəni əsas borc hissəsində qəbul etdiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - maliyyə arayışından görünür ki, Cavabdeh1 10.01.2022-ci il tarixə banka 12.342,84 manat əsas, 5784.71 manat faiz borcu, 23.213,79 manat cərimə borcu olmaqla, cəmi 41.341,34 manat borcu vardır. - TBC Kredit” BOKT ilə Cavabdeh1 arasında bağlanmış 14.08.2019-cu il tarixli BAKU1-38886-16851 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya illik 25% olmaqla, 36 ay müddətinə 14.000 manat məbləğində kredit verilmiş və o, götürdüyü krediti 17.09.2019cu il tarixdən 17.08.2022-ci il tarixədək hər ay 558 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - BAKU1-38886-16851+BAKU1-39544 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borcunun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə 14.08.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. - xəbərdarlıq məktubundan görünür ki, 24.08.2020-ci il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 rəsmi məktub göndərilərək, kredit borcunu 5 gün müddətində ödənilməsi bildirilmiş, əks halda hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. - hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən 14.08.2019-cu il tarixdən 11.02.2020-ci il tarixədək 2808 manat (1448.93 manat faiz, 1359.07 manat əsas borc), 11.02.2020-ci il tarixdən 15.07.2020-ci il tarixdək 860 manat (561.91 manat faiz, 298.09 manat əsas borc) ödəniş etmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin 15.11.2021-ci il tarixli, 9/7868 nömrəli ekspert rəyindən görünür ki, 14.08.2019-cu il tarixli BAKU1-38886-16851 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 24.08.2020-ci il tarixə Cavabdeh1 banka olan borcu 13.645,89 manat (əsas borc 12.342,84 manat, faiz borcu 1303,05 manat), 01.03.2021-ci il tarixə borcu 15.248,75 manat (əsas borc 12.342,84 manat, faiz borcu 2905,91) təşkil edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh1 münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə qeyd edir ki, digər cavabdehlər də (zamin) iddiaçı (kreditor) qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər (zaminlər) Cavabdeh3 və Cavabdeh2 iddiaçı-kreditor İddiaçı ASC qarşısında cavabdeh-borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin iddianın faiz borcunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. İşin hallarını nəzərə alaraq, məhkəmə sonuncu maliyyə arayışında göstərilən əsas və faiz borcunu nəzərə alaraq hesab edir ki, əsas borc 12.342,84 manat, faiz məbləği isə 5784.71 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilədən irəli gələn öhdəliyin icrasından başqa, həm də tərəflərin bağladıqları kredit müqaviləsinin ləğvini də tələb etmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh – borc alan öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən, kreditin verilməsi müqabilində almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 23.213,79 manat (sonuncu maliyyə arayışına əsasən) məbləğində deyil, 300 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 12.342,84 manat məbləğində əsas borc, 5784,71 manat məbləğində faiz borcu və 300 manat cərimə cavabdehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 14.08.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 12.342,84 manat məbləğində əsas borc, 5784,71 manat məbləğində faiz borcu və 300 manat cərimə olmaqla, ümumilikdə 18.427,55 manat (on səkkiz min dörd yüz iyirmi yeddi manat əlli beş qəpik) və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-86/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-86/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver