Məhkəmə qərarları › İş №2(001)-867/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-867/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-867/2021 05.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 qızının, Cavabdeh1 iştirakı ilə İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” ASC-nin xeyrinə müştərək qaydada 1.938,01 manat məbləğində əsas, 78,29 manat məbləğində faiz, cəmi 2.016,30 manat məbləğində borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, habelə 0,40 manat bank xidməti haqqının əvəzinin tutulmasını xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” ASC məhkəmənin dəftərxanası vasitəsi ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” ASC-nin xeyrinə müştərək qaydada 1.938,01 manat məbləğində əsas, 225,26 manat məbləğində faiz, cəmi 2.163,27 manat məbləğində borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, habelə 0,40 manat bank xidməti haqqının əvəzinin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 qızı iddia ərizəsinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsində göstərilmiş 5.000 manat məbləğində pulu iddiaçıdan götürmüş və ilk vaxtlar vaxtı-vaxtında ödənişlər etmişdir. Lakin sonradan maddi imkanının pisləşməsi səbəbindən öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və nəticədə banka borcu yaranmışdır. İddia üzrə tələb edilən əsas borcu qəbul edir və həmin məbləği hər ay 200 manat olmaqla hissə-hissə ödəməyə razıdır. Lakin iddia tələbini faiz borcunun tutulması hissəsində əsassız hesab edir və qəbul etmir. Göstərilənlərin nəzərə alınmasını və iddia üzrə tələb edilən əsas borc məbləğinin ondan aylar üzrə hissə-hissə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən bu cavabdehə 36 ay müddətinə, illik 26% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri ödəməsi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla əlaqədar iddiaçı cavabdehə bildiriş göndərməklə yaranmış borc məbləği barədə məlumat vermiş və həmin məbləğin ödənilməsini tələb etmiş, əks halda borc məbləğinin tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin bu da bir nəticə verməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda cavabdehin xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 1.938,01 manat məbləğində əsas, 225,26 manat məbləğində faiz, cəmi 2.163,27 manat məbləğində borcun yarandığını iddia edir və həmin məbləğin, habelə iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh1 iddianı əsas borc hissəsində qəbul edir və yaranmış əsas borc məbləğini hissə-hissə (hər ay 200 manat) ödəmək imkanına malik olduğunu bildirir. İddia tələbini qalan hissədə qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməli, 1.938,01 manat məbləğində əsas və 225,26 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, iddiaçı “xxxx” ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən cavabdehlərə bildiriş göndərilməklə kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə iş materiallarının hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi bildirilmiş, lakin bu da bir nəticə verməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, müəyyən edilmiş əsas və faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən tələb edilən 30 manat məbləğində dövlət rüsumu, habelə 0,40 manat bank xidməti haqqı da eyni qaydada cavabdehlərə aid edilməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən Cavabdeh1 əsas borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. Məhkəmə, cavabdehin iddia tələbini “faiz borcunun tutulması” hissəsində qəbul etməməsi ilə bağlı ödəniş cədvəlinə və hesabdan çıxarışa istinadən qeyd edir ki, cavabdeh 36 ay ərzində hər ay 201,50 manat, sonuncu ay isə 199,01 manat məbləğində pul ödəməli idi. Lakin bir neçə ay istisna olmaqla hər ay bu məbləğdən xeyli az məbləğdə ödəniş etmiş və nəticədə cədvəl üzrə deyil, daha yüksək əsas borc məbləği yaranmışdır. Buna uyğun olaraq, illik 26 faiz dərəcəsi ilə hesablama da mövcud olan daha yüksək əsas borc məbləği üzrə aparılmışdır. xx.xx.2020-ci il tarixdən sonra isə ümumiyyətlə ödəniş edilməmişdir. Bununla belə, illik faiz dərəcəsinin 26%, əsas borc məbləğinin isə 1.938,01 manat olması nəzərə alındığı təqdirdə, təkcə son beş ay üçün (1938,01 x 26 / 100 = 503,88 manat faiz borcu 1 il üçün, 503,88 / 12 = 41,99 manat faiz borcu 1 ay üçün, 41,99 x 5 = 209,95 manat faiz borcu 5 ay üçün) 209,95 manat məbləğində faiz borcu yaranmış olur. Bu səbəbdən məhkəmə cavabdehin mövqeyini əsassız hesab edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 1.938,01 manat məbləğində əsas, 225,26 manat məbləğində faiz, cəmi 2.163,27 manat məbləğində borc, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, habelə 0,40 manat məbləğində bank xidməti haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 1.938,01 (bir min doqquz yüz otuz səkkiz manat, bir qəpik) manat məbləğində əsas, 225,26 (iki yüz iyirmi beş manat, iyirmi altı qəpik) manat məbləğində faiz, cəmi 2.163,27 (iki min bir yüz altmış üç manat, iyirmi yeddi qəpik) manat məbləğində borcun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar