Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-872/2022 23.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3.700 manat məbləğində borcun, vəkil tərəfindən göstərilmiş xidmətə görə ödənilmiş 110 manat məbləğində pulun və ödənilmiş 57 manat məbləğində dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddianı müdafiə etmiş və iş materiallarında olan sübutlara əsaslanaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçı tərəfi dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verib, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 512 saylı müqaviləyə əsasən cavabdeh 450 manat məbləğində ilkin ödəniş etmək, qalan məbləği 12 ay ərzində hissəhissə ödəmək şərti ilə iddiaçıdan ümumi qiyməti 4.150 manat olan məişət avadanlıqını nisyə almışdır. Lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, 450 manat məbləğində ilkin ödənişdən başqa hər hansı məbləğdə ödəniş etməmiş, nəticədə onun müqavilə üzrə iddiaçıya borcu yaranmışdır. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borc məbləğinin 3 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin cavabdeh bundan sonra da üzərinə götürdüyü öhdəliklərin icrasını təmi etməmişdir. Bu səbəbdən iddiaçı 57 manat dövlət rüsumu ödəməklə məhkəmədə iddia qaldırmış və hazırda cavabdehin müqavilə üzrə 3.700 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləğin, habelə ödənilmiş 57 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edilir. Eyni zamanda, hazırki mübahisə ilə bağlı ona hüquqi xidmətin göstərilməsi üçün vəkilə 110 manat məbləğində pul ödədiyini bildirir və həmin məbləğin əvəzinin də cavabdehdən tutulamsını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı bu müqavilənin predmeti olan məişət avadanlığının dəyərini müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, iddia üzrə tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 3.700 manat məbləğində əsas borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Məhkəmə iddia tələbinin “Cavabdeh2 borcun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 512 saylı müqavilənin arxa hissəsində “Cavabdeh2 həyat yoldaşım Artura zamin dururam” cümləsi qeyd edilmiş və Cavabdeh2 tərəfindən imza edilmişdir. İddiaçı da bu şəxsin qeyd etdiyi həmin cümləyə və onun imzasına istinadən onun zamin olduğunu bildirir və tələb edilən borc məbləğin, həmçinin bu şəxsdən tutulmasını tələb edir. Lakin xx.xx.2021-ci il tarixli müqavilədə zaminə aid hər hansı bənd əks etdirilməmiş, həmçinin iddiaçı ilə onun arasında ayrıca zaminlik müqavilə bağlanmamışdır. Halbuki, qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanır və bu formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Bununla belə, iddiaçı ilə Cavabdeh2 arasında hər hansı zaminlik müqaviləsi bağlanmadığından, habelə xx.xx.2021-ci il tarixli müqavilədə zaminliyə dair hər hansı müddəa əks olunmadığından Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixli müqavilənin arxasında aparılmış qeyd onun zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin vəkilə çəkilən xərclərə görə 110 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Məhkəmə, göstərilənləri, habelə hazırki mülki iş üzrə iddiaçıya hüquqi xidmət göstərən vəkilin ümumilikdə 3 məhkəmə iclasında iştirak etməsini, nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, hüquqi yardıma görə ödənilmiş 110 manat məbləğində pulun əvəzi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ciil tarixli, 512 nömrəli müqavilə üzrə Cavabdeh1 3.700 manat məbləğində əsas borc, vəkil tərəfindən göstərilmiş hüquqi xidmətə görə ödənilmiş 110 manat məbləğində pulun, habelə ödənilmiş 57 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 512 nömrəli müqavilə üzrə Cavabdeh1 3.700 (üç min yeddi yüz) manat məbləğində əsas borc, vəkil tərəfindən göstərilmiş hüquqi xidmətə görə ödənilmiş 110 (bir yüz on) manat məbləğində pulun, habelə ödənilmiş 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-872/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-872/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver