Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-878/2025 24.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X10 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4423/2021 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından üç uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(001)-4423/2021 saylı qətnaməsinə əsasən, cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların onun yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 47 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. O, uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyindən alimentin artırılmasını xahiş edir. xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X6 və 29,12.2012-ci il təvəllüdlü X5 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(001)- 4423/2021 saylı qətnaməsi ilə cavabdehdən hər ay üç uşağa görə qazancının və başqa gəlirlərinin yarısı və hər bir uşaq üçün 47 manat sabit pul məbləğində alimentin, cəmi hər ayda hər uşağa görə 130 manat olmaqla hər ayda cəmi 390 manat məbləğində aliment artırılaraq hər bir uşağa görə sabit pul məbləğində hər ayda 235 manat, cəmi hər ayda üç uşağa görə 705 manat məbləğində alimentin tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Belə ki, tərəflərin rəsmi nikahı Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(001)-4423/2021 saylı qətnaməsi ilə pozulması zamanı cavabdehdən iddiaçıya uşaqların saxlanması üçün qazancının yarısı və hər bir uşaq üçün stabil 47 manat məbləğində alimentin tutulması qət olunmudur və hal-hazırda Cavabdeh tərəfindən tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün hər ay əmək haqqından işlədiyi yerin mühasibatlığı tərəfindən aylıq ödəmələr tutulmaqdadır. Bundan başqa məhkəmə elektron sistemi vasitəsilə əlavə edilmiş aliment ödənişlərindən də göründüyü kimi cavabdeh tərəfindən aliment ödənişlərinin ödənilməsindən yayınma halı mövcud deyildir və heç zaman da olmamışdır. Əksinə cavabdeh öz tikdiyi evi ailəsinə qoyub evdən çıxdığı üçün iddiaçı özü bildirimişdir ki, aliment tələbi olmayacaqdır. Lakin, istər həmin dövrdə istərsə də hazırda aliment tələbi məbləğinin artırılmasına dair iddia irəli sürməklə cavabdehə vermiş olduğu vədə əməl etməmişdir. Bununla belə, cavabdeh tərəf uşaqlarının saxlanılmasından yayınmır. Lakin, hazırda iddiaçının iddia tələbinin təmin edilməsi üçün qanunla nəzərdə tutulan hallar mövcud deyildir. Qanunla alimentin miqdarını dəyişməyə əsas verən şərtlərdən biri tərəfin maddi vəziyyətində dəyişikliyin olmasıdır ki, cavabdehin maddi vəziyyətində belə bir dəyişim olmamışdır. Hətta dəyişim olmuş olsa da belə bu avtomatik olaraq tətbiq ediləcək, çünki, onsuz da cavabdehin əmək haqqının 1/2 hissədə tutulmanın həyata keçirilməsi onun çalışdığı müəssisənin mühasibatlığı tərəfindən həyata keçirilir. Bundan başqa cavabdehin aldığı əmək haqqı onun e-gov portalından da göründüyü kimi 500 manat civarındadır. Yəni maddi vəziyyətdə xüsusi bir artım mövcud deyildir. Bundan başqa Ailə Məcəlləsinin tələbinə əsasən uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Yəni ata ilə yanaşı uşağın saxlanmasında ana da iştirak etməlidir. Cavabdehin aldığı əmək haqqı rəsmi olmaqla görünür. Evi də ailəsinə qoyub getdiyi üçün məcbur hazırda kirayədə yaşamaqdadır. İddiaçının 700 manat civarındakı aliment tələbi hazırda cavabdehin imkanı xaricindədir, çünki, özü ilə yanaşı yaşlı anasına da cavabdeh baxır. Yəni cavabdehin maddi vəziyyətində alimentin məbləğinin artımına yönələn xüsusi dəyişən bir hal mövcud deyildir. Əksinə belə bir halın olacağı təqdirdə artıq cavabdeh məcburdur ki, əvvəlki yaşayış evinə geri dönərək ən azından qalacaq yerini təmin etmək üçün müvafiq fiziki əmlak bölgüsünü həyata keçirsin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində və iddia tələbinin dəyişdirilməsinə dair ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini və etiraz ərizəsini müdafiə etdiyini bildirərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(001)- 4423/2021 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsində bağlanmış, akt qeydləri kitabında 751 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X1,xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 analarının yanında saxlanması və uşaqların yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 47 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, borclu Cavabdeh tərəfindən borc tam ödənilmədiyi üçün onun əmlak vəziyyətinin yoxlanılması üçün sorğular edilmişdir və sorğuya cavab olaraq borclunun adında əmlak ev, mənzil, torpaq sahəsi, qeyri yaşayış sahəsi, pensiya və digər gəlirlər (əmək haqqı istisna olmaqla) aşkar edilməmişdir. Aparılmış icra hərəkətləri zamanı borclu tərəfindən xx.xx.2022-ci il tarixli ərizənizə əsasən 2200 manat aliment ödənildiyi müəyyən edilərək həmin tarixdə borclunun aldığı əmək haqqının 70 %-nə yönəlmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən borclunun əmək haqqından 3948 manat tutularaq tələbkara ödənildiyini və hər ay borclunun əmək haqqının 70% tutularaq tələbkarın hesabına ödəniləcəyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli məktubdan sonra isə "xxxx" MMC-dən alınan şifahi sorğuya əsasən 1601.09 manat aliment ödənildiyi bildirilmişdir. Beləliklə ümumilikdə tələbkara 7749.09 manat aliment ödənildiyi müəyyən olunmudur. Borclunun 07 may 2021-ci il tarixdən hazikı vaxta kimi hər ay ona hesablanmış əmək haqqını dəqiqləşdirdikdən sonra qalıq borc məbləği müəyyənləşdirilə bilər. AZEMİS sistemdən əldə edilmiş məlumata əsasən Cavabdeh MET-AK" MMC-də bənna kimi çalışmaqla 530,4 manat əmək haqqı alır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı fərdi sahibkar kimi vergi uçotuna alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-5133/2024 saylı qərarına əsasən Cavabdeh 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qərarda cavabdeh izahatında maddi sıxıntılar çəkdiyini, fəhləlik edib alimenti ödəməəyə çalışdığını, həmçinin birgə nikah dövründə iddiaçının adına alınmış avtomobilə görə kredit ödəməsini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı möəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmiş, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən edilmiş dir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 saylı qərarının 8.12-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli qərarına əsasən 8.4-2. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1-8-16-1/2-57/2025 nömrəli tövsiyyə məktubunda alimentin artırılması tələbi ilə bağlı iddialara baxarkən Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması əsası ilə, habelə 110-c maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblərinin və ərizələrin təmin edilməsinə yol verilmir. Məhkəmənin mövqeyi: Beləliklə, işin halları ilə müəyyən olundu ki, iddiaçının tələbinin əsası məhz uşaqların saxlanılması üçün minimum dolanacaq xərclərinin artımı təşkil edir. Həmçinin iş materiallarına əlavə edilmiş və tədqiq edilmiş sənədlərlə cavabdeh tərəfin mövcud aliment öhdəliyini icra etməməsi nəticəsidə inzibati qaydada tənbehlənməsi özlüyündə ailə qanunvericiliyinin tələbinə əsasən mövcud alimentin artırılması üçün maddi əsas kimi - cavabdehin maddi vəziyyətində müsbətə doğru dəyişikliyin olmasını təkzib edir. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin mövqeyini, gətirdiyi dəlilləri incəliyərkən hesab edir ki, tələb rədd edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia rədd edildiyindən mediasiya xərci iddiaçının özünə aid edilməli, qalan hissədə isə məhkəmə xərcləri iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən dövlət hesabına aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi təmin edilməsin. Məhkəmə xərcləri dövlət rüsumu hissəsində dövlətə, mediasiya xərci hissəsində iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-878/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-878/2025
24.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver