Məhkəmə qərarları › İş №2(001)-884/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-884/2022

18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-884/2022 18.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 2020-ci ilin mart ayında təzə aldığı 2020-ci il buraxılışlı, X16 markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobil seriya AD774546 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun mülkiyyətindədir. O, xx.xx.2021-ci il tarixdə saat 07:40-da həmin avtomobili Bakı şəhəri Heydər Əliyev prospektində idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh2 mülkiyyətində olan Chevrolet Cruze minik markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edən Cavabdeh1 yol şəraitinə uyğun olaraq lazımi ara məsafəsi saxlamadığı üçün əvvəlcə özündən irəlidə, onun avtomobilindən isə arxada hərəkətdə olan X1 idarə etdiyi Ford Focus markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşmadan yaranan zərbənin təsirindən sonuncu avtomobil onun avtomobili ilə toqquşmuş və avtomobilinə ciddi zərər dəymişdir. Hadisə barədə səlahiyyətli dövlət orqanına və sığorta şirkətinə məlumat verilmişdir. Bakı şəhəri DYPİ Yol Patrul Xidməti Baş inspektoru polis kapitanı X11 TP4738892 saylı inzibati tənbeh vermə haqqında qərarına və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-03 nömrəli qərarı ilə təsdiq edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası uzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs Cavabdeh1dır və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə dəymiş zərərin həcmi Kia Motors MMC-nin servis mərkəzi tərəfindən müəyyənləşdirilmiş və həmin servis mərkəzinin xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən dəymiş zərərin məbləği 5622,70 manat məbləğində qiymətləndirilmiş ehtiyat hissələrinə və xidmət haqqına endirim tətbiq olunmaqla, yekun zərər məbləği 4765 manat təşkil etmişdir. Cavabdeh1 mülki məsuliyyətini icbari qaydada sığortalayan sığorta şirkəti iki avtomobilə zərər dəydiyi üçün həmin zərər məbləğinin 2774,66 manat hissəsini ona ödəmiş, zərərin 1990,34 manat hissəsi isə ödənilməmişdir. Cavabdeh1 nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyindən həmin avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 da ona vurulmuş zərərin əvəzinin ödənilməmiş qalan hissəsinə görə mülki məsuliyyət daşıyır. Ona vurulan maddi ziyan cavabdehlər tərəfindən ona ödənildikdən sonra o, təmirdən sonra qalan nəliyyat vasitəsinin ehtiyat hissələrini əvəzsiz olaraq cavabdehlərə verməyə hazırdır. Ona görə də, xx.xx.2021-ci il tarixdə saat 07:40-da Bakı şəhəri Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan 2020-ci il buraxılışlı, X16 markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cavabdeh2 və Cavabdeh1 1990,34 manatın və dövlət rüsumuna görə 40 manatın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, X3 mülkiyyətində olan Chevrolet Cruze minik markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə etibarnaməsi olmadan idarə edərkən saat 07:40-da Bakı şəhəri Heydər Əliyev prospektində sol zolaqla hərəkət olduğu zaman qarşısında onunla eyni zolaqda hərəkət edən avtomobil qəfil saxladığı üçün o, Ford markalı avtomobillə toqquşmuş, Ford markalı avtomobil isə iddiaçının idarə etdiyi X16 markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Barəsində qəbul edilən inzibati qərarı mübahisələndirsə də, hadisənin baş verməsində o, təqsirli bilinmişdir. Hesab edir ki, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə hadisə nəticəsində dəyən ziyanın məbləği 1000-1500 manat ola bilər. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil Cavabdeh1 izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, iş üzrə keçirilən ekspertiza ilə X17 markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilin məhz xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş hissələri müəyyən olunmaqla həmin hissələrin yenisi ilə əvəz olunmadan təmir olunmasının mümkünlüyü və bununla əlaqədar nəqliyyat vasitəsinə vurulmuş zərərin miqdarı müəyyən olunmamışdır. Bu hal araşdırlmadan iddiaçıya vurulan ziyanın məbləğini müəyyən etmək mümkün deyildir. İddiaçı şığorta şirkətində işlədiyindən vurulmuş ziyanın məbləği düzgün müəyyən edilməmişdir. Ekspert rəy verərkən zədələnmiş hissələr nəzərə alınmamışdır. İddiaçının tələb etdiyi, ekspertin müəyyən etdiyi ziyan məbləği ilə cavabdeh razı deyildir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. AD N 774546 saylı xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2020-ci il buraxılışlı X16 minik markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. AD N 590840 saylı xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2011-ci il buraxılışlı Chevrolet Cruze minik markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. İcbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə sığortaçı Azsığorta ASC ilə sığortalı X9 arasında ** TX *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze minik markalı avtomobilin icbari sığorta növü üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan müqavilə bağlanmışdır. X1 Bakı şəhəri BPİ-in DYPİ-də verdiyi xx.xx.2021-ci il tarixli izahatından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Heydər Əliyev prospektində arxadan gələn Chevrolet markalı avtomobil onun avtonəqliyyat vasitəsini vurduğundan o da qarşıdakı Kia markalı avtomaşına dəymiş, hadisə nəticəsində xəsarət alan olmamışdır. İddiaçı Bakı şəhəri BPİ-in DYPİ-də verdiyi xx.xx.2021-ci il tarixli izahatından müəyyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə saat 07:40 radələrində Heydər Əliyev prospektində hərəkətdə olarkən arxadan gələn Chevrolet markalı avtomaşın Ford markalı avtomaşını vurduğundan həmin maşın arxadan onun maşınına dəymişdir. Cavabdeh1 Bakı şəhəri BPİ-in DYPİ-də verdiyi xx.xx.2021-ci il tarixli izahatından müəyyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə saat 07:40 radələrində Heydər Əliyev prospekti ilə sol zolaqla hərəkət edərkən qarşısında onunla eyni zolaqda hərəkət edən maşın qəfildən maşını saxladığı üçün qaz pedalından ayağını çəkib tormozlama əməliyyatını yerinə yetirdiyi zaman qarşıdakı ağ maşın ilə toqquşmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, mülkiyyətçisi X5 olan ** TX *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze minik markalı nəqliyyat vasitəsi ilə, hadisə baş verdiyi an avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Cavabdeh1 yol nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin inzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə saat 07:40-da Heydər Əliyev prospekti ərazisində Chevrolet Cruze minik markalı ** TX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozması, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 manat cərimə edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(007)-46/2022 saylı qərarından müəyyən olunur ki, Cavabdeh1 Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin xx.xx.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməyərək qərar dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(103)-554/2022 saylı qərarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Cavabdeh1 barəsində olan xx.xx.2022-ci il tarixli 3(007)-46/2022 saylı qərarı dəyişdirilmədən saxlanmışdır. KİA Motors AZ MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktından müəyyən olunur ki, X16 markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin baxış zamanı ehtiyat hissələrinin dəyərinin 3845 manat, xidmət haqqı dəyərinin 920 manat, 18% ƏDV görə 857,70 manat hesablanmaqla vurulmuş ziyanın məbləğinin cəmi 5622,70 manat olması müəyyən edilmişdir. Azsığorta ASC-nin xx.xx.2021-ci il tarixli CML-3833/2021-AKT4493/21 saylı sığorta aktından müəyyən olunur ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Azsığorta ASC-də xx.xx.2021-ci il tarixli PAZ********** saylı şəhadətnamə əsasında sığorlanan ** TX *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsi ilə ** ZN *** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtomobilin toqquşması nəticəsində sonuncuya hesablanmış sığorta ödənişi 2774,69 manat təşkil edir. Paşa Bank ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Azsığorta ASC tərəfindən İddiaçı bank hesabına 2774,69 manat köçürülmüşdür. Paşa Bank ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Azsığorta ASC tərəfindən X10 bank hesabına 2225,31 manat köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4380-8/1552 saylı rəyindən müəyyən olunur ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssis tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Rəydən daha sonra müəyyən olunur ki, nəzəri hesablama yolu ilə Kia Motors tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı Kia Rio XLine markalı **- ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4611 manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 X3 mülkiyyətində olan Chevrolet Cruze minik markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə etibarnaməsi olmadan idarə edərkən törətdiyi və təqsirli bilindiyi inzibati xəta nəticəsində iddiaçıya maddi ziyan vurmuş, həmin ziyanın 2774,66 manatı Azsığorta ASC tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı ona vurulan maddi ziyanın 4765 manat olmasını iddia etsə də, mülki iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə ziyanın 4611 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında şərh etdiyi hüquqi mövqeyinə əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək X2 vurulmuş maddi ziyana görə 1836,34 (4611- 2774,66 = 1836,34) manat İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda X4 zərərin əvəzini ödədikdən sonra, ödənilmiş əvəz miqdarında Cavabdeh1 qarşı reqres qaydada tələb irəli sürmək hüququnun olmasını izah edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri Cavabdeh2 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 maddi ziyana görə 1836,34 manat, dövlət rüsumuna görə 40 manat olmaqla cəmi 1876,34 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar