Məhkəmə qərarları › İş №2(001)-8848/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8848/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8848/2021 29.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3.008,59 manat məbləğində əsas borc və 49,78 manat faiz borcu olmaqla, ümumilikdə 3.058,37 manat borcun və 51 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 05 iyul 2019-cu il tarixli, 100821-190823/10 saylı güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 3.008,59 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər Cavabdeh2 arasında 05 iyul 2019-cu il tarixli, 100821-190823/10 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 05 iyul 2019-cu il tarixli, 100821-190823/10 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 12 noyabr 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3.008,59 manat məbləğində əsas borcu, 49,78 manat faiz borcu olmaqla, ümumilikdə 3.058,37 manat məbləğində kredit borcu yaranmışdır. Güzəştli Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda, həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, onlar iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 iyul 2019-cu il tarixli, 100821- 190823/10 saylı kredit müqaviləsinə və həmin kredit müqaviləsinə 1 nömrəli əlavəsi olan ödəniş cədvəlinə əsasən bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilə 1.2-ci bəndində göstərilən qalıq məbləğini – 3.008,59 manatı 60 ay müddətinə, illik 1 faiz ödəmək şərtilə “müştəri”nin mülkiyyətinə verir, müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür; İddiaçı ASC, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 05 iyul 2019-cu il tarixli, 100821-190823/10 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2, borcalan Cavabdeh1 05 iyul 2019-cu il tarixli, 100821-190823/10 saylı kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür; İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 və zamin Cavabdeh2 ünvanlanan 31 may 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 banka olan borcunu xəbərdarlıq məktubunu aldığı günün növbəti iş günündən başlayaraq 5 gün müddətindən gec olmayaraq ödəməyəcəyi təqdirdə barələrində məhkəmə qaydasında qanunvericiliyə uyğun tədbirlər görüləcəyi ilə bağlı xəbərdar olunmuşlar; İddiaçı ASC-nin 12 noyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 05 iyul 2019-cu il tarixli, 100821-190823/10 saylı kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 3.008,59 manat, 49,78 manat faiz borcu olmaqla, cəmi 3.058,37 manat borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 585 gün təşkil edir; 15 noyabr 2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 50,60 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarından göründüyü kimi, Cavabdeh1 tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməli, Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlirəm ki, iddia təmin edilməli, 05 iyul 2019-cu il tarixli, 100821- 190823/10 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3.008,59 manat məbləğində əsas borc, 49,78 manat məbləğində faiz borcu olmaqla, cəmi 3.058,37 manat məbləğində borc, 50,6 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 0,40 manat xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. 05 iyul 2019-cu il tarixli, 100821-190823/10 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3.008,59 (üç min səkkiz manat, əlli doqquz qəpik) manat məbləğində əsas borc, 49,78 (qırx doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3.058,37 (üç min əlli səkiz manat, otuz yeddi qəpik) manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 50,60 (əlli manat, altmış qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 0,4 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar