Məhkəmə qərarları › İş №2(001)-8883/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8883/2021

30.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8883/2021 30.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı Yelo Bank ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Yelo Bank ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh 13.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən TBC Kredit BOKT-dan illik 19% ödəmək 24 ay müddətinə qaytarmaq şərti ilə 4000 manat kredit götürmüşdür. TBC Kredit BOKT ilə Yelo Bank ASC arasında bağlanmış tələbin güzəşti barədə 26.01.2021-ci il tarixli müqaviləyə 26.01.2021-ci il tarixli 1 saylı əlavə sazişə əsasən Cavabdeh ilə TBC Kredit BOKT arasında bağlanmış 13.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcun tələb etmək hüququ Yelo Bank ASC-yə ötürülmüşdür. Borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 29.10.2021-ci il tarixinə Cavabdeh əsas borc üzrə 1591,5 manat, faiz borcu üzrə 99,28 manat, cəriməyə görə 376,23 manat borcu olmaqla ümumilikdə 2067,01 manat borcu mövcuddur. Ona görə də Cavabdeh Yelo Bank ASC-nin xeyrinə 28.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 1591,5 manat, faiz borcu üzrə 99,28 manat, tələb olunan cəriməyə görə 188,12 manat olmaqla cəmi 1878,90 manat borcun, dövlət rüsumuna görə 38,79 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borcverən TBC Kredit Bank Olmayan Kredit Təşkilatı ilə borcalan Cavabdeh arasında bağlanmış 28.02.2020-ci il tarixli Baku1-36030-241 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana istehlak mallarının müqabilində 24 ay müddətinə qaytarmaq, illik 50% ödəmək şərti ilə 4000 manat kredit vermişdir. TBC Kredit Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 28.02.2020-ci il tarixli Baku1-36030-241 saylı kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh 28.02.2020-ci il tarixdən 28.02.2022ci il tarixədək olan dövr ərzində əsas borca görə 4000 manat, faiz borcuna görə 839,49 manat olmaqla cəmi 4839,49 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Hüquq sahibi TBC Kredit BOKT ilə hüquq əldə edən Yelo Bank ASC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair 26.01.2021-ci il tarixli müqaviləyə və həmin müqaviləyə 26.01.2021-ci il tarixli 03 saylı tələbin güzəşti barədə razılaşmaya 1 saylı əlavədən müəyyən olunur ki, kreditor TBC Kredit borcalan Cavabdeh ilə bağladığı 28.02.2020-ci il tarixli Baku1-36030-241 saylı kredit müqaviləsi üzrə tələb etmə hüququnu Yelo Bank ASC-yə güzəşt etmişdir. Yelo Bank ASC-nin 29.10.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh 28.02.2020-ci il tarixli Baku1-36030-241 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1591,5 manat, faiz borcuna görə 99,28 manat, cəriməyə görə 376,23 manat olmaqla cəmi 2067,01 manat borcu vardır. Yelo Bank ASC-nin Cavabdeh ünvanladığı 18.10.20201ci il tarixli KBD 17762 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya tələb etmə hüququ ilə güzəşt edilən 28.02.2020-ci il tarixli Baku1- 36030-241 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 1591,5 manat, faiz borcuna görə 99,28 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının bu tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 23.11.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 10 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 28.02.2020-ci il tarixli Baku1-36030-241 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1591,5 manat, faiz borcu görə 99,28 manat, cəriməyə görə 10 manat, ödənilmiş dövlət rüsumuna görə 38,79 manat olmaqla cəmi 1739,57 manat Yelo Bank ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar