Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-899/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 20 may 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********19823 olan Samsung Galaxy S10+ markalı telefon üçün 1.698,7 manat ödənilməmiş hissə, 169,3 manat cərimə, 20 may 2020-ci il tarixli müqaviləyə LG LED televizor, Sonorous Surefix asqı üçün 977 manat ödənilməmiş hissə, 97 manat cərimə, ümumilikdə 2.942 manat borc, 49,42 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə 20 may 2020-ci il müqavilələrə əsasən, İMEİ Kodu **********19823 olan Samsung Galaxy S10+ markalı telefon, LG LED televizor, Sonorous Surefix asqı almış və nəticədə 2.942 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 20 may 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2.460 manat (12 ay x 205 manat + 0 manat ilkin ödəniş) Samsung Galaxy S10+ markalı telefon üçün ümumilikdə, 1.868 manat olmaqla ondan, 1.698,7 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 169,3 manat cərimə, 20 may 2020-ci il il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1.204,2 manat (18 ay x 66,9 manat + 0 manat ilkin ödəniş) LG LED televizor, Sonorous Surefix asqı üçün ümumilikdə, 1.074 manat olmaqla ondan, 977 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 97 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 988,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin rəsmi və faktiki ünvanlarına bildirişlər göndərilsə də, zərflər “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qaytarılmış, bununla da bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 may 2020-ci il tarixli, 20291664 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2.460 manat olan Samsung Galaxy S10+ Dual markalı telefon sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 20 may 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20291664 saylı müqavilədə qeyd olunan məhsulu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 may 2020-ci il tarixli, 20291553 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.204,2 manat olan LG LED televizor, Sonorous Surefix asqı yeni qızıl zəmanətlə sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir; 20 may 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20291553 saylı müqavilədə qeyd olunan məhsulu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. 18 oktyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 24 noyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20 may 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 1.698,7 manat, cərimə 169,3 manat olmaqla, cəmi 1.868 manat, 20 may 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 977 manat, cərimə 97 manat olmaqla, cəmi 1.074 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh İddiaçınə 2.942manat məbləğində borcu vardır; 25 noyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 49,42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da həmin müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, iş materiallarından görünür ki, yuxarıda qeyd olunan nisyə satış müqavilələri üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilələrdə öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 20291664 saylı müqaviləsi üzrə 169,3 manat və 20291553 saylı müqavilə üzrə 97 manat məbləğində cərimənin ödənilməsini tələb edir. İşin hallarını nəzərə alıb belə qənaətə gəlirəm ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən hesab edirəm ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılmalı, 20291664 saylı müqavilə üzrə 30 manat və 20291553 saylı müqavilə üzrə 20 məbləğində müəyyən edilməli, həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməli, 20 may 2020-ci il tarixli, 20291664 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 1.698,7 manat, cərimə 30 manat olmaqla, cəmi 1.728,7 manat məbləğində borc, 20 may 2020-ci il tarixli, 20291553 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 977 manat, cərimə 20 manat olmaqla, cəmi 997 manat məbləğində borc tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin hesab edirəm ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 49,92 manat dövlət rüsumunun 46 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia qismən təmin edilsin. 20 may 2020-ci il tarixli, 20291664 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 1.698,7 (bir min altı yüz doxsan səkkiz manat, yetmiş qəpik) manat, cərimə 30 (otuz) manat olmaqla, cəmi 1.728,7 (bir min yeddi yüz iyirmi səkkiz manat, yetmiş qəpik) manat məbləğində borc tutulsun. 20 may 2020-ci il tarixli, 20291553 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 977 (doqquz yüz yetmiş yeddi) manat, cərimə 20 (iyirmi) manat olmaqla, cəmi 997 (dooquz yüz doxsan yeddi) manat məbləğində borc tutulsun. Cavabdeh İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun 46 (qırx altı) manatı tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-899/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-899/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver