Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-906/2024 21.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “X3” ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X3” ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh 22 aprel 2022-ci il tarixli ərizəsi və 28 dekabr 2021-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. Kartın istifadəsi zamanı 30 iyun 2022-ci il tarixdə cavabdeh kartına 996 manat mədaxil etmişdir. Eyni gündə həmin məbləğin onun balansına 2-ci dəfə oturması ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. 28 dekabr 2021-ci il tarixli ümumi ofertanın 5.1-ci maddəsinə əsasən Bank “Müştəri”nin ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və kartla bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. 28 dekabr 2021-ci il tarixli ümumi ofertanın 6.4.1-ci maddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. X4 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Həmin overdraft məbləğində qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1 və 445.2.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 990.75 manat məbləğində əsas overdraft borcunun, 264.77 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 1255.52 manat borcun və 32.56 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, etiraz ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh 22 aprel 2022-ci il tarixdə ərizə ilə "xxxx" KB ASC-yə müraciət edərək, həmin ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (https://unibank.az) yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı ümumi oferta ilə tanış olmuş və onun bütün şərtləri ilə razı olduğunu öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda həmin ərizədə Cavabdeh ona təqdim edilən kartın növündən asılı olaraq hesab açılmasının təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli, UB-Bank/PİKMD/1144708 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 990.75 manat əsas, 264.77 manat cərimə borcu olmaqla, cəmi 1255.52 manat borcu vardır. İş materiallarında olan "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, bank, cavabdehə 3 iş günü ərzində borcunun ödənilməsini, aralarındakı bağlanan kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə vaxtından əvvəl olaraq borc məbləğinin ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, həmin sənədlə "xxxx" KB ASC təsdiq etmişdir ki, Cavabdeh onların bankında AZ83UBAZ**********1010AZN001 (kartın nömrəsi:409809NVİGJF8150) saylı kart hesab vardır və Cavabdeh 09 dekabr 2022-ci il tarixdə 990.75 manat overdraft borcu yaranmışdır. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, 30 iyun 2022-ci il tarixdə (saat 22:07:51) Cavabdeh hesabına 996.00 manat mədaxil edilmiş və balans 997.25 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, onun ərizəsi əsasında bank tərəfindən ona debet (hesab) kartı açılmışdır. 30 iyun 2022-ci il tarixdə həmin karta 996 manat mədaxil edilmiş, eyni gündə bank tərəfindən 2-ci dəfə onun kartına həmin məbləğin mədaxil edilməsi halı olmamışdır və bunu sübut edən heç bir sənəd mövcud deyildir. Hətta bankın özünün 03 noyabr 2023-cü il tarixdə ona təqdim etdiyi çıxarışda belə həmin gün onun hesabına bankdan hər hansı vəsaitin daxil olmadığı açıq şəkildə görünür. 30 iyun 2022-ci il tarixindən etibarən onun kartına X2 və X6 tərəfindən ayrı-ayrılıqda 2 dəfə vəsait köçürülmüşdür və onun çıxararaq istifadə etdiyi vəsait ona köçürülmüş məbləğlərdən artıq olmamışdır. Bu səbəbdən də, Cavabdeh ona qarşı bank tərəfindən irəli sürülmüş iddia tələbinin əsassız hesab edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, “Milliön” elektron ödəmə sistemi vasitəsilə həmin tarixdə Cavabdeh kartına 1000 manat məbləğində pul vəsaiti daxil edilmiş, ondan 4 manat komissiya məbləği çıxılmaqla, karta 996.0 manat məbləğində vəsait mədaxil edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İlk növbədə qeyd edilməlidir ki, overdraft dedikdə, kart hesabında olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatlar üçün tələb olunan pulun çatışmayan hissəsinin bank tərəfindən ödənilməsi, texniki (icazə verilməmiş) overdraft dedikdə isə, tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılması nəzərdə tutulur. Eyni zamanda iqtisadi lüğətdən çıxarışdan görünür ki, overdraft – müştəri tərəfindən bankda olan özünəməxsus kredit qalığından artıq həcmdə vəsait göstərməklə kredit həddini aşması vəziyyətidir. Overdraft elə bir kredit vermə prosesidir ki, bu zaman insan müəyyən məbləğdə vəsait alır, lakin bu məbləğdən bir qədər artıq xərcləyə bilir. İşin faktiki hallarından görünür ki, texniki overdraft nəticəsində 2022-ci ilin iyun ayının 30-da iddiaçı bank tərəfindən cavabdehin kart hesabına 996 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh iddia ərizəsinə yazılı etirazda və eyni zamanda məhkəmə iclasında verdiyi izahatında 30 iyun 2022-ci il tarixindən etibarən onun kartına X2 və X6 tərəfindən ayrı-ayrılıqda 2 dəfə vəsait köçürüldüyünü və onun çıxararaq istifadə etdiyi vəsaitin ona köçürülmüş məbləğlərdən artıq olmadığını bildirsə də, həmin faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh müqavilə üzrə iddiaçı "xxxx" KB ASC tərəfindən ona verilmiş debet (hesab) kartına yerləşdirdiyi məbləğdən artıq məbləğin xərclənməsinə yol verdiyindən və bu fakt iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsas borcun (overdraft) tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, Cavabdeh 990.75 manat pul vəsaiti (overdraft) tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği hesablanmış məbləğin 10%-dək azaldılaraq, Cavabdeh kredit müqaviləsi üzrə 26 manat cərimə tutulmalıdır. Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq olunmuş sübutlara və yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə təsdiqini qismən tapdığından, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli ərizə və 28 dekabr 2021-ci il tarixli ümumi oferta üzrə 990.75 manat əsas (overdraft) borc, 26 manat cərimə borcu olmaqla, cəmi 1016.75 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə və 28 dekabr 2021-ci il tarixli ümumi oferta üzrə 990.75 manat əsas (overdraft) borc, 26 manat cərimə borcu olmaqla, cəmi 1016.75 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 32.56 manat dövlət rüsumunun 81 %, yəni 26 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 19 %, yəni 6.56 manat iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-906/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-906/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver