Məhkəmə qərarları › İş №2(001)-913/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-913/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-913/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinn xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək 220 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan onların xx.xx.2010-cu ildə X6 adlı bir uşaqları anadan olmuşdur. Onların aralarında olan nikah Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və cavabdehdən onun xeyrinə hər ay 110 manat məbləğində aliment tutulması qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aliment məbləği artırılaraq 154 manat, sonradan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2733/2021 saylı qətnaməsinə əsasən alimentin məbləği dəyişdirilərək 175 manat məbləğində artırılmışdır. Hazırda cəmi 175 manat həcmində aliment uşağın təminatının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşağın saxlanılmasında heç bir maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır. Onun hər ay uşağın saxlanması üçün 400 manata qədər xərci çıxır ki, bu məbləği də o, təkbaşına ödəməkdə çətinlik çəkir. Bundan əlavə, o, kommunal ödənişlər etmək, bir sıra əlavə xərcləri ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində ona köməklik göstərir, nə də ki, uşağın maddi rifahının yüksəldilməsi üçün tədbirlər görür. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları, məktəb ləvazimatları tələb olunur. Bütün bunlar uşaları üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Halbuki, cavabdeh kifayət qədər gəlirə malikdir və əgər cavabdeh öz valideynlik borcunu öz üzərində hiss edərsə, bu zaman uşaqları daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Buna görə də, uşaqların saxlanması üçün təyin edilmiş aliment məbləği artırılmalıdır. Qeyd edilənlərə əsasən hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2733/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq, xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün cavabdehdən hər ay sabit pul məbləğində 220 manat cavabdehdən onun xeyrinə tutulmalıdır. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Yunis qızının “alimentin atırılması” tələbinə dair iddiası üzrə mülki iş icraatdadır. O, həmin iddiaya etiraz edir. Belə ki, o, həddindən artıq kasıb və imkansız bir insandır. Heç bir yerdə işləmir, İİ-ci qrup əlildir. Səhhətində ciddi problemlər var. Maddi vəziyyəti yaxşı deyil. Qayğıları, problemləri həddindən artıq çoxdur. Evinə ərzaq almağa belə imkanı yoxdur. Kommunal xərcləri ödəyə bilmir. Banklara və vətəndaşlara borcu var. Başqa qadınla ailə həyatı qurmuşdur. Həmin nikhandan üç övladı var. Onları zorla saxlayır. Hər bir ata istəyr ki, övladlarına yaxşı baxsın. Onların gözəl yaşaması üçün əlindən gələni etsin. Lakin maddi vəziyyəti yaxşı olmayanda isə bunları etmək çətindir. Buna görə də, övladının saxlanılması üçün o, hər ay əvvəlki kimi 175 manat aliment ödəyə bilər. Bundan artıq aliment ödəməyə gücü çatmır. Onu da qeyd edir ki, Aygün başqası ilə yenidən ailə həyatı qurub. Oğlu Elnur da onlarla biryerdə yaşayır. Dəfələrlə eşitmişdir ki, atalaqı onun övladını döyür və incidir. O, heç vaxt razı ola bilməz ki, övladı atalıq yanında olsun. Oğlunu dəfələrlə tələb etsə də, cavabdeh uşğaı ona vermək istəmir. Uşağı özü saxlamaq və tərbiyəetmək istəyir. Odur ki, işə baxarkən yuxarıda qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2733/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-8432/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. AZ-İ seriyalı 372172 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 316 nömrə ilə qeyd edilmişdir. AZ-İİ seriyalı 635080 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı alimentin artırılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat İMS və 10 manat poçt-kargüzarlıq xərcini ödəmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Dövlət Aqrar Universitetində sürücü işləyir, aylıq əmək haqqı 444 manat təşkil edir. Bakı Dövlət Universiteti Qazax filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X5 Bakı Dövlət Universiteti Qazax filialının Pedaqoji fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının əyani şöbəsinin İİİ-cü kurs (ödənişli) tələbəsidir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayon 69 nömrəli tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X7 2023-2024-cü tədris ilində Kəlbəcər rayon 69 saylı tam orta məktəbin İİİ-cü sinfində oxuyur. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh 2-ci qrup əlildir və 581,61 manat məbləğində pensiya alır. AZ-İİİ seriyalı 399460 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 atası Cavabdeh, anası X9r. AZ-İV seriyalı 646608 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X2 atası X10, anası İddiaçıdır. “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə İddiaçı arasında olan nikah 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2733/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği dəyişdirilərək 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması haqqında Binəqədi Rayon Məhkəməsinin 2(001)-2733/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 2 ildən çox müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Binəqədi Rayon Məhkəməsinin 2(001)-2733/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan 175 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməli və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Binəqədi Rayon Məhkəməsinin 2(001)-2733/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan 175 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar