Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-927/2022 16.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə mülki işə 16 mart 2022-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası 12 yanvar 2022-ci il tarixə, saat 09:30-a təyin edilmiş, bu barədə müvafiq bildiriş tərəflərə göndərilsə də, nə iddiaçının nümayəndəsi, nə də cavabdehlər həmin iclasa gəlməmiş, hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilərək iş üzrə məhkəmə baxışı 16 fevral 2022-ci il tarixə, saat 10:10-a təyin edilmişdir. Həmin iclasın vaxtı və yeri barədə də bildiriş tərəflərin ünvanlarına poçt vasitəsi ilə, habelə, cavabdehlərə sms vasitəsi ilə göndərilmiş, iddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən müəyyən ödənişlərin edildiyi, cavabdehin 20 gün müddətində borcu tam bağlayacağının vəd edildiyini göstərmiş və məhkəmə baxışı iclasının başqa vaxta təxirə salınması xahiş edilmişdir. İddiaçının nümayəndəsinin bu ərizəsində göstərilənlər nəzərə alınmaqla məhkəmə baxışı iclası 16 mart 2022-ci il tarixə, yəni əvvəlki məhkəmə iclasından 1 ay sonrakı tarixə, saat 10:00-a təyin edilmişdir. Lakin, həmin məhkəmə iclasında da tərəflər iştirak etməmiş, məhkəmə iclasından bir neçə dəqiqə əvvəl iddiaçının nümayəndəsi X1 elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq ölkədə tətbiq edilən karantin rejimi və işlərin çoxluğu ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərərək işin baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. - 185.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. - 185.3-cü maddəsinə əsasən, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. - 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. - 259.0 və 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsində göstərilən hallar məhkəmə iclasında iştirak etməmələri ilə bağlı üzrlü səbəb kimi qəbul edilə bilməz. Bu anda məhkəmə onu da qeyd edir ki, iş üzrə daha öncə keçirilən hazırlıq və bir baxış iclasında da iddiaçı tərəfindən səlahiyyətli nümayəndənin məhkəmədə iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-927/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-927/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver