Məhkəmə qərarları › İş №2(001)-929/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-929/2022

23.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-929/2022 23.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Sinteks MMC-nin Cavabdeh qarşı maddi ziyana görə 16998 manat, dövlət rüsumuna görə 141 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Sinteks MMC Cavabdeh qarşı maddi ziyana görə 16998 manat, dövlət rüsumuna görə 141 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Sinteks MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsi 50 ünvanında fəaliyyət göstərən Sinteks MMC-yə məxsus Marina Rinaldi mağazasında əmək müqaviləsi üzrə satış təmsilçisi vəzifəsində işləyərkən Cavabdeh 2018-ci ilin iyun-avqust aylarında mağazadan ümumi dəyəri 19988 manat olan 25 ədəd müxtəlif geyim əşyalarını gizli yolla talayaraq mağazadan çıxararaq satmış, əldə olunmuş pulları isə mənimsəmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli 1(006)-33/2020 saylı hökm ilə Cavabdeh CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmişdir. Cinayət işinə baxılarkən cavabdeh vurulmuş ziyandan 3000 manat ödəmişdir. Cavabdeh ziyanın qalan məbləğini, yəni 16988 manatı bir il ərzində ödəməyi vəd etsə də, hal-hazıradək heç bir ödəniş etməmişdir. Ona görə də Cavabdeh maddi ziyana görə 16998 manatın, ödənilmiş dövlət rüsumuna görə 141 manatın Sinteks MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli 1(006)-33/2020 saylı hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3. və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli 1(006)-33/2020 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh 22.11.2016-cı il tarixdən 14.09.2018-ci il tarixədək Sinteks MMC-də satış təmsilçisi vəzifəsində işləyərkən həmin cəmiyyətlə bağlanmış əmək və maddi məsuliyyət daşıması haqqında müqavilələrə əsasən qulluq mövqeyinə görə ona etibar edilmiş əmlaka qayğı ilə yanaşmaq, onun salamatlısını təmin etmək və yarana biləcək ziyanın qarşısının alınması üçün lazımi və təxirəsalınmaz tədbirlər görülməsini təmin etmək və digər səlahiyyətlərə məsul şəxs olmaqla 2018-ci ilin iyun ayının 19-dan avqust ayının 19-dək olan dövr ərzində cəmiyyətin ünvan 1 ünvanda yerləşən Marina Rinaldi mağazasında 25 ədəd, o cümlədən 1 ədəd Zenzero adlı 133 manat məbləğində jilet, 1 ədəd Bargo adlı 336 manat məbləğində köynək, 1 ədəd Odette adlı 410 manat məbləğində toxunmuş paltar, 1 ədəd Olivo adlı 410 manat məbləğində toxunmuş şalvar, 1 ədəd Ofella adlı 444 manat məbləğində toxunmuş paltar, 1 ədəd Calypso adlı 516 manat məbləğində ətək, 1 ədəd Danver adlı 529 manat məbləğində paltar, 1 ədəd Filo adlı 542 manat məbləğində jaket, 1 ədəd Basco adlı 553 manat məbləğində köynək, 1 ədəd Decaedro adlı 577 manat məbləğində paltar, 1 ədəd Dinamico adlı 661 manat məbləğində paltar, 1 ədəd Cicala adlı 661 manat məbləğində ətək, 1 ədəd Gabri adlı 673 manat məbləğində toxunmuş paltar, 1 ədəd Duttile adlı 709 manat məbləğində paltar, 1 ədəd Dalila adlı 769 manat məbləğində paltar, 1 ədəd Camera adlı 793 manat məbləğində jaket, 1 ədəd Dodici adlı 793 manat məbləğində paltar, 1 ədəd Banchisa adlı 881 manat məbləğində ətək, 1 ədəd Dattilo adlı 1129 manat məbləğində paltar, 1 ədəd Osaka adlı 1273 manat məbləğində dekorativ örtük, 1 ədəd Nascente adlı 1429 manat məbləğində gödəkcə, 1 ədəd Figura adlı 1406 manat məbləğində jaket, 1 ədəd Dovizia adlı 1418 manat məbləğində paltar, 1 ədəd Dolina adlı 1418 manat məbləğində paltar və 1 ədəd Fama adlı 1525 manat məbləğində jaket olmaqla, ümumilikdə maddi məsuliyyətində olan 19988,00 manat dəyərində qadın geyim əşyalarını ayrı-ayrı şəxslərə sataraq əldə etdiyi pul vəsaitini Sinteks MMC-nin xəzinəsinə mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə ona etibar olunmuş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə talamışdır. Hökmdən daha sonra müəyyən olunur ki, təqsirləndirilən şəxs Cavabdeh ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən Sinteks MMC-nin Marina Rinaldi adlı mağazasında satış təmsilçisi işləmiş, işə qəbul olunarkən əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə imzalamışdır. Marina Rinaldi mağazası qadın geyim paltarlarının satışı ilə məşğuldur. 2018-ci ilin iyul ayının 10dan başlayaraq avqust ayının təxminən 20-nə qədər o, mağazada olan qadın paltarlarını mağazanın satış meneceri Sevinc Abdullayeva məzuniyyətdə olduğu vaxtlarda mağazadan digər işçilərin xəbəri olmadan mağazanın paketində ön qapıdan və ya anbarın qapısından çıxararaq ayrı-ayrı müştərilərə vermiş, həmin müştərilərdən aldığı pulu mağazanın kassasına mədaxil etmədən özünə götürmüşdür. Zərər çəkmiş şəxsə vurulmuş ziyanın bir qismi aradan qaldırılmış, qısa müddətə qalan məbləği ödəyəcəyinə söz verir. Hökmdən daha sonra müəyyən olunur ki, zərər çəkmiş şəxs Sinteks MMC-nin nümayəndəsi Nümayəndə Soltanhəmid oğlu ifadəsində göstərmişdir ki, Sinteks MMC-nin Marina Rinaldi adlı mağazası qadın geyim paltarlarının satışı ilə məşğuldur. Mallar əsasən İtaliyadan gətirilir. Paltarlar Sinteks MMC-nin Mərdəkan qəsəbəsində yerləşən anbarına gəldikdən sonra cəmiyyət tərəfindən təyin olunan miqdarda mağazalara göndərilir. Malların sayı, ölçüləri, kodları təyin edildikdən sonra Retail proqramı vasitəsi ilə kompyuter sisteminə yüklənilir, mallar mağazaya daxil olub mağazanın meneceri və kassa nəzarətçisi tərəfindən sayıldıqdan, malların dəqiq miqdarı, ölçüləri dəqiqləşdirildikdən sonra onlar mağazaya qəbul edilir. Əliyeva X3 MMC-nin ünvan 2 ünvanda yerləşən Marina Rinaldi mağazasında satış təmsilçisi işləmiş, onunla Sinteks MMC arasında həm əmək müqaviləsi, həm də tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. 2018-ci ilin iyun ayında təftiş şöbəsi tərəfindən həmin mağazada təftiş keçirilmiş, lakin hər hansı çatışmazlıq aşkar olunmamışdır. Bundan iki ay sonra 2018-ci ilin avqust ayının sonlarında həmin mağazanın satış meneceri Sevinc Abdullayeva cəmiyyətə müraciət edərək məzuniyyətdən yeni qayıtdığını, mağazada şübhəli halların olmasını bildirib təftiş keçirilməsini xahiş etmişdir. Bir neçə gün sonra 06.09.2018-ci il tarixdə təftiş şöbəsi tərəfindən təftiş keçirilmiş və 25 ədəd malın mağazanın satış bazasında mövcud olduğu müəyyən edilsə də, həmin mallar mağazada faktiki olaraq olmamış, həmçinin satışı həyata keçirilməmişdir. Mağazada keçirilmiş təftişin nəticələri barədə tərtib olunmuş aktı cəmiyyətin rəhbərliyinə təqdim edilmişdir. Bununla cəmiyyətin rəhbər heyəti tərəfindən araşdırmalar aparılmış, həmin mağazada işləyən Cavabdeh təftiş zamanı müəyyən edilmiş 25 ədəd çatışmayan malın gizli yolla mağazadan çıxararaq ayrı-ayrı şəxslərə satmaqla əldə etdiyi pulu kassaya mədaxil etməməmsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən cəmiyyətə vurulmuş zərərdən yalnız 3000 manat ödənilmiş, qalan məbləğ ödənilməmişdir. Buna görə də cəmiyyət təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (MM-nin 21.1-21.3-cü mad.) Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 82.4.-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası CPM-nin 65.4.-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olubolmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində Sinteks MMC-yə 19988 manat ziyan dəymiş, Cavabdeh həmin məbləğdən 3000 manatı qaytarmış, qalan 16988 manatı isə qaytarmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia ərizəsi qismən təmin edilərək cavabdehdən vurulmuş maddi ziyana görə 16988 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 16988 manat, dövlət rüsumuna görə 141 manat olmaqla cəmi 17129 manat Sinteks MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar