Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-93/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Şahzadə (Şahbazi) Zahid Musa oğlunun və onun etibarnamə əsasında nümayəndəsi (vəkili) X2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun etibarnamə əsasında nümayəndəsi (vəkili) X3 iştirakları ilə, Şahzadə (Şahbazi) Zahid Musa oğlunun Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” barədə ilkin və Cavabdeh1 Şahzadə (Şahbazi) Zahid Musa oğluna qarşı “pulun qaytarılması” barədə qarşılıqlı iddia tələbləri üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şahzadə (Şahbazi) Zahid Musa oğlu Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 461796 manat, Cavabdeh2 isə 31010 manat pul vəsaitinin, habelə ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Həmin iddia tələbləri belə əsaslandırılmışdır ki, Cavabdeh1 onunla sahibkar qardaşı Camal Şahbazov 2013-cü ildə tanış etmişdir. Onun Qaradağ rayonu Gülbaxt daş karxanasında karyeri olmuş, qardaşı Camal Şahbazov karyerinin daşlarını şəhərdə satmış, karyerinin daş karxanasının daşlarını alan müştərilərdən biri də Cavabdeh1 olmuş, işgüzar münasibətləri də bundan sonra yaranmışdır. Daşların alqı-satqısı zamanı Cavabdeh1 qardaşı Camal Şahbazovdan 20.000-30.000 manat məbləğində mal alaraq borclu qalmış və həmin borcu vaxtlı-vaxtında ödəmişdir. 2016-cı ilin əvvəllərində Cavabdeh1lə müştərək ortaqlıqla qazanc əldə etmək üçün yağ-pendir sexi yaratmaqları barədə qarşılıqlı razılığa gəlmişlər. Bu razılıq əsasında cavabdeh ona bildirmişdir ki, həmin yağ-pendir sexinin tikintisi üçün onun 0,10 ha torpaq sahəsi var. Bunun ardınca 2016-cı ilin son aylarında Cavabdeh1 0,10 ha torpaq sahəsinin onun şəxsi mülkiyyətində olmasına dair sənədlərin surətini ona təqdim etmişdir. Cavabdeh1 yağ-pendir sexinin tikintisi üçün onda kifayət qədər vəsait olmadığını bildirərək təklif etmişdir ki, sexə aid bütün işləri tikintidən probasiyaya qədər ağartı məhsullarının sertifikatlaşdırma və istehsalına dair Bakı şəhəri Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzindən icazə sənədlərini və digər sənədləri almaq da daxil olmaqla bu işləri o, öz vəsaiti ilə görsün. Cavabdeh1 isə tapşırıqlarını yerinə yetirməli, eyni zamanda tikintiyə vəsait qoymalıdır. Qarşılıqlı razılıqlarına əsasən Cavabdeh1 “Range Rover” markalı avtomobilini, evini, torpaq sahəsini və digər qiymətli daşınar və daşınmaz əmlaklarını sataraq sexin tikintisinə, avadanlıqların və süd məhsullarının alınıb istehsala başlayacaqlarını bildirmişdir. Cavabdeh1 vədinə və səmimiyyətinə inanaraq onunla ortaq olub yağ-pendir sexi yaradılmasına ortaq vəsait qoymağıyla razılaşaraq ilk növbədə öz vəsaiti ilə 400 kv.m-dən ibarət böyük əsas binanın tikintisinə başlamışdır. Yağ-pendir sexinin tikintisi başa çatana qədər Cavabdeh1 tikintiyə hissə-hissə cəmi 47.000 manat pul vəsaiti sərf etmiş, vəsait çatışmadığı üçün qardaşı Camal Şahbazovdan 2017-ci il may ayının əvvəllərində 40.000 manat pul alaraq tikintiyə xərcləmişdir. Həmin il may ayının sonlarında yenidən Camal Şahbazovdan 40.000 manat pul alıb onu da tikintiyə sərf etmişdir. Cavabdeh1 bildirmişdir ki, “sən də pul vəsaiti gətir tikintimiz yarımçıq qalmasın”, cavabdeh cavabında “özün bilmirsən indi nə maşını, nə torpağı, nə də evi satmaq mümkün deyildir, pul verən yoxdur, heç narahat olma, hər hansı birini satdıqda pulunu dərhal tikintiyə yatıracağam. Sənin əlin hər yerə çatır, sən pul əldə et, inşaatı davam etdir, narahat olma inşaat başa çatana qədər mən də öz payıma düşən məbləğdə tikintinin ardını davam etdirəcəyik. Hər an əlimə pul düşə bilər, ardını mənim verdiyim pulla davam edərsən”. Cavabdeh1 təkidlə daima başa salmışdır ki, “bizim aramızda sənin mənə, mənim sənə axırda borclu qalmağımız mümkünsüzdür. Belə razılaşma əsla ola bilməz. Kim nə qədər vəsait qoysa həmin vəsaitə uyğun pay düşəcəkdir.” Qeyd olunan razılaşmalara əsasən xx.xx.2017-ci ildə “ X15” markalı **-RS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini 35.000 manata sataraq üstünə 5000 manat da əlavə edib 40.000 manat pulu da tikintiyə sərf etmişdir. Cavabdeh1 isə onu həvəsləndirməkdən ötrü ona hissə-hissə pullar vermişdir. Sexin həcmini böyük götürdükləri üçün pul çatışmadığından Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 80 saylı evin, 72 saylı mənzilini xx.xx.2017-ci il tarixdə “Bank Milli İran” bankının Bakı filialına girov qoyaraq 26.000 manat məbləğində kredit götürmüş, üstünə 4000.0 manat da əlavə edib 30.000 manat pulu da tikintiyə sərf etmişdir. Yağ-pendir sexi tikilən vaxtı mühəndis, iş icraçıları, ustalar və fəhlələr təxminən 30 nəfərə yaxın işçilər, o cümlədən, Mənsimov Qurban, Calal, Əli, Cavid, Cavanşir, əsas binanın tikintisində Ağabala, Qasımova Nigar, Pərvanə, Cəfərov Elbrus, Babayeva Şərqiyə, Nuranə və qeyriləri Cavabdeh1lə təmasda olsalar da, yalnız onun qarşısında şifahi müqavilə öhdəlikləri daşımış, göstərişlərini icra etmişlər. Əsas böyük binanın tikintisini demək olar ki, başa çatdırmaqlarına çox az qalmış tanış olduğu türk milliyyətindən olan mütəxəssis Qasım Tanrıverdiyevlə sexin içərisində bütün avadanlıqların yığılıb quraşdırılmasından ötrü aralarında şifahi müqavilə bağlamışlar. Qarşılıqlı razılaşmalarına əsasən Qasım Tanrıverdiyev yağ-pendir sexinə aid bütün avadanlıqların alınması və yığılması üçün müəyyən avadanlıqları və aksesuarları Türkiyədən gətirəcəyindən mütəxəssis kimi yanında iştirak etmişdir. Şəxsi təşəbbüsü ilə X1 gedərək lazımi avadanlıqları və sexin avadanlıqlarının yığılması üçün aksesuarları Türkiyədən alıb Azərbaycana karqo vasitəsi ilə göndərmişdir. Karqodan gömrük xərclərini özü ödəyərək sexə gətirib öz rəhbərliyi altında bütün avadanlıqları zavod həcmli yağpendir sexində quraşdırmışdır. Yağ-pendir sexinə quraşdırılmış avadanlıqlar 6 ədəd pendir vannası x 3.500 manat=20.500 manat, 3 ədəd süd bişirən qazan x 3.500 manat=10.500 manat, 1 ədəd süd soyudan şəlalə x 7.500 manat=7.500 manat, 1 ədəd şor vannası x 3.500 manat=3.500 manat, 1 ədəd separator x 17.000 manat=17.000 manat, 1 ədəd qamagenzator x 17.000 manat=17.000 manat, 2 ədəd yağ hazırlayan nehrə x 2000 manat=4000 manat, 3 ədəd süd nasosu x 500 manat=1500 manat, 2 ədəd paslanmayan dəmirdən yığılma stol x 1000 manat=2000 manat, 5 ədəd süd və nehrə avadanlıqlarının üstünə yerləşdirilmiş mühərriklər x 500 manat=2500 manat, 1 ədəd mayalanmanın çəni x 500 manat=2000 manat, 1 ədəd mayalanmanın çəninin mühərriki x 500 manat=500 manat, 50 ədəd süd kranları x 35 manat=1750 manat, 50 ədəd amerkanka x 20 manat=1000 manat, 50 ədəd dirsək x 15 manat=750 manat, 50 ədəd tryannik x 150 manat=750 manat, 120 p/m 38 diyametr həcmində nerj turba eyni zamanda bütün bu avadanlıqlar aksesuarlar nerj materialından təşkil edir x 10 manat=1200 manat, 1 ədəd ümumi sexin istehsal vasitəsini hərəkətə gətirən katelni par verən avadanlıq x 11.000 manat=11.000 manat, 2 ədəd ambarları soyudan mühərriklər x 7000 manat=14.000 manat, avadanlıqları uzlaşdırmaq üçün lazımlı texniki və mexaniki ZİP xırdavat materiallarının ümumi dəyəri 1.050 manat təşkil etmişdir. 6 nəfər işçi qrupunun zəhmət haqqı 12.000 manat olmaq şərti ilə cəmi 132.000 manat təşkil etmişdir. Tikinti və avadanlıqları quraşdırdığı zaman iş adamı qardaşı Şahbazov Fəxridən xx.xx.2017-ci ildə 20.000 manat pul alaraq həmin vəsaiti də sexin tikintisinə xərcləmişdir. Demək olar ki, 3 köməkçi binanın tikintisinin başa çatması üçün və eyni zamanda istehsala başlamaq üçün onların yenə pula ehtiyacları olmuşdur. Məcburiyyətdən özünə məxsus qızıl-zinət əşyalarını lombarda qoyaraq 10.000 manat pul götürmüşdür. Buzovnadakı 0,10 ha torpaq sahəsini də 45.000 manata sataraq və qardaşı Camal Şahbazovdan 50.000 manat pul alıb həmin pulları bir yerə toplayaraq 105.000 manat pulu əldə edərək tikintini başa çatdırmışdır. Pulun bir hissəsini də probasiya zamanı xərcləmişdir. Nəhayət, xx.xx.2017-ci ildə tikintini başa çatdıraraq xx.xx.2017-ci ildə ağartı məhsullarının istehsalına başlamışlar. Beləliklə, yağ-pendir sexinə ümumilikdə 366.968 manat məbləğində xərc çəkilmişdir. Bu vəsaitdən 47.700 manatı cavabdehə, yerdə qalan 319.268 manatı isə özünə məxsus olmuşdur.. Bundan başqa həmin ərazidə “Kamaz” markalı avtomobil hər ay 3000 manatdan 12 ay işləmişdir, cəmi 36000 manat, sexə avadanlıq alınmasından ötrü Tanrıverdiyev Qasım adlı şəxslə Türkiyə Respublikasına gedib 3 gün orada qalmışlar, yol xərci və sairə kimi bu səfərə çəkilmiş xərc, yəni 4000 manat onun tərəfindən sərf edilmişdir. O, tikintinin davam etdiyi 12 ay ərzində hər gün telefon danışıqları aparmışdır və hər ay telefon danışıqlarına təqribən 50 manat sərf etmişdir, 12 ay üçün 750 manat ödəmişdir. Özünə məxsus “X20” markalı avtomobili, həmin işlər üçün istifadə etmişdir, bu isə bir ay üçün 1000 manat hesabından 7 ay üçün 7000 manat təşkil edir. Həmin tikintidə iş icraçısı kimi şəxsən özü işləri icra etmişdir, həmin iş üçün zəhmət haqqı 45.000 manat təşkil edir. Göstərilən həmin işlər üçün cəmi 92.750 manat tələbi yaranmışdır. Qarşılıqlı razılıqlarına əsasən Bakı şəhəri Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzindən Bakı şəhəri M.Rəsulzadə qəsəbəsi, Baksol yaşayış massivində yerləşən qeyri-yaşayış sahəsində təşkil etdiyim süd məhsulları istehsalı sexinin fəaliyyət göstərməsinə etiraz edilməməsi barədə razılıq sənədi xx.xx.2018-ci il tarixli, 04-14/104 saylı məktubla onun adına rəsmiləşdirilmişdir. Bundan başqa, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən adına xx.xx.2018-ci il tarixli AZ 031 seriyalı, 0344 №li üç Gigiyenik Sertifikat da onun adına verilmişdir. Daha sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən onun adına xx.xx.2018-ci il tarixli iki Reseptura qeydə alınmışdır. xx xxxxxx 2017-ci il tarixdə tikinti başa çatmış və sex istismara hazır vəziyyətə gəlmişdir. xx xxxxxx 2017-ci ildə onlar istehsala başlamışlar. Lakin cavabdeh qarşılıqlı razılaşmalarına əsasən söz verdiyi məbləği ortalığa qoymadığına görə onlar təqribən 2-3 ay işlədikdən sonra maliyyə çatışmamazlığı üzündən istehsalı davam etdirə bilməmişlər. Qərara gəlmişlər ki, sexi satsınlar. İnternet səhifələrində elan yerləşdirmişlər. Təqribən bir ay elan qalmış, lakin sexi sata bilməmişlər. Cavabdeh təklif etmişdir ki, sexi icarəyə versinlər. Cavabdeh icarəçi tapmış, o da cavabdehlə razılaşmışdır. Razılaşmışlar ki, ilk başlanğıcda icarə haqqı yəni, birinci 3 ayda sexi 2600 manata icarəyə versinlər, 3 aydan sonra 3000 manata, 6 aydan sonra 4000 manata, bir ildən sonra 6000 manata qaldırsınlar. Həmçinin cavabdehin təqdim etdiyi icarəçi Cavabdeh2 da bu şərtlə razılaşmışdır. Bundan əlavə sexdə ona məxsus ümumi dəyəri 2510 manat olan müxtəlif çeşidli qab-qacaqlar və pendir qəlibləri olmuşdur. Onun isə Türkiyədən aldığı mallara görə borcu qalmışdır. O, Cavabdeh2 təklif etmişdir ki, həmin pendir qəliblərini və qabları ondan alsın, cavabdeh də razılaşmış və həmin pendir qəlibləri və qab-qacağı xx xxx 2018-ci ildə Cavabdeh2 təhvil vermişdir. Lakin bugünədək onların dəyərini ödəməmişdir. Cavabdeh2 və Cavabdeh1lə qarşılıqlı razılığa gəlmişlər ki, Cavabdeh1 ondan qat-qat az vəsait qoyduğundan Cavabdeh2 2600 manat məbləğində hər aylıq icarə haqqını yalnız ona ödəməlidir. xx xxxx 2018-ci ildən sexi Cavabdeh2 icarəyə vermişlər. Lakin Cavabdeh1 danışığa əməl etməmiş, həmin vaxta qədər ona çatacaq icarə haqqını icarədar Cavabdeh2 özü alaraq mənimsəmiş, hazırda da özü alır və ona verməkdən imtina edir. Onu isə həmin sexə buraxmır. Mübahisəni isə o zəmində yaratmışdır ki, guya o, sexə sərf etdiyi vəsaiti hesablayarkən 2100 manat şişirtmişdir. Həmçinin mübahisəli sahəni icarəyə götürən Cavabdeh2 həmin sexdə onun aldığı bir ədəd Qamagenizator – qiymət 20.000 manat və bir ədəd “Şəlalə” – qiyməti 8500 manata satmışdır. Ona görə də Cavabdeh2 ümumilikdə 31.010 manat borcu yaranmışdır. Cavabdeh1 yağ-pendir sexini icarəyə verdikdən sonra onun ortaq olmadığını, çəkdiyi xərcin əvəzini ödəyəcəyini bildirdiyinə, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 419.848 manat məbləğində külli miqdarda pulunu və ona olan hüquqlarını mənimsəyərək ona qarşı dələduzluq etdiyinə görə ondan Binəqədi RPİ-nin 4-cü PB-ə şikayət etmiş, mübahisənin mülki xarakterli olduğunu bildirilərək məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 cəmi 419.848 manat borcu yaranmışdır. Əgər cavabdeh həmin məbləği ən azı 10 faizlə hər hansı bir banka depozitə qoysaydı, ən azından bir il ərzində 41.948 manat gəlir əldə edə bilərdi. Həmin məbləği də tələbinin üzərinə gələndə onun Cavabdeh1 ümumi tələbi cəmi 461.769 manat təşkil edir. Cavabdeh1 isə Şahzadə (Şahbazi) Zahid Musa oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şahzadə (Şahbazi) Zahid Musa oğlundan 17000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X11 ilə onun qardaşları vasitəsilə tanış olmuş, Zahid ondan dəfələrlə borc pul almış və qaytarmışdır. “Azadlıq” metrosu çıxışında Zahidgilin dükanları olmuşdur. Həmin dükanı işlətmək üçün Zahid ondan 7500 manat borc almış, onlar vaxtaşırı orada görüşüb söhbət etmişlər. Zahid ondan əlavə olaraq borc pul istəmiş və ondan şərab evi işlətmək üçün cəmi 6000 manat pul almışdır. Cəmi 13500 manat pulu Zahiddə olmuşdur. Bir gün Zahid ona ağartı məhsullarında yaxşı gəlir olduğunu söyləmişdir. Belə ki, Zahidin bir dükanında ağartı məhsulları satıldığından bu qənaətə gəlmişdir. O isə həmin məhsulun satışının çətin olduğunu söyləyəndə cavabdeh ona 20-yə yaxın mağaza tanıdığını və istehsal olunan məhsulları problemsiz sata biləcəyinə onu inandırmışdır. Bu söhbətdən bir neçə gün əvvəl Tofiq adlı şəxs – hansı ki, onun sexinin qonşuluğunda sex işlədir – yoldan keçərkən görüşmüş və bir az söhbət etmişlər. Tofiq ona məxsus “PRADO” markalı maşınını və torpağını satdığını və bir iş qurmaq istədiyini bildirmişdir. Ona da təklif etmişdir ki, birləşib bir iş qursunlar. O da Tofiqə bir məsləhətli təklifi olarsa ona deyəcəyini bildirmişdir. Zahidin bu təklifindən sonra yadına Tofiqin təklifi düşmüşdür. Zahid ona borclu olduğundan onun pulunun olmadığını bilmiş və bildirmişdir ki, Tofiq ona belə bir təklif etmişdir. Zahid özündə pul olmadığını bildirmişdir və ona söyləmişdir ki, “Tofiq ilə razılaş, başlayaq tikintiyə, sonra isə tikinti əsnasında biz də pul taparıq”. Belə də olmuş, Tofiq ilə görüşmüş və razılaşmışlar. Tofiqlə görüşündən bir həftə sonra onlar razılaşaraq işə başlamışlar. Onun tikintisi və qapalı ərazisi əvvəlcədən olmuş, Tofiqin maliyyə vəsaiti ilə həmin tikilidə müəyyən qədər dəyişikliklər etməklə və bəzi tikililəri söküb və həmin materiallarını istifadə etməklə tikintini həyata keçirtmişlər. Tikintini o, Tofiq və Zahid üçü də bir yerdə Tofiqin 44000 manat vəsaitini xərcləməklə etmişlər. Sonra Zahid maşınını satmış ona olan borcun 5000 manatını qaytarmış, qalan pulu isə başqa adamlara da borclu olduğundan sonra ödəcəyinə söz vermiş, o isə, cavabdehə inanmışdır. Daha sonra 2500 manat, sonra da yenə 2500 manat, ümumilikdə borcdan 10000 manat borcunu ona qaytarmışdır. Qalan 3500 manat pulun əvəzinə isə guya şərab evində ziyan eləmişdir və həmin məbləğin əvəzinə bir miqdar araq, çaxır ona vermişdir. O buna narazılıq etmişdir ki, “bəs sənə mən pul vermişəm, pulumu da qaytar”, cavabdeh isə pulunun olmadığını bildirmişdir. İndi isə üç yüz mindən danışır. Tikinti əsnasında Masazırda olan 3 otaqlı evini satmış və Zahidə 47700 manatını vermişdir ki, tikinti işləri dayanmasın. Daha sonra isə Tofiq özünə məxsus Mersedes C klass və 2107 markalı maşınları sataraq həmin pulu da sexin tikintisinə xərcləyərək ümumilikdə 54000 manat pul qoymuşdur. Bütün xərclərin və pulların qeydiyyatını Zahid dəftərə yazmışdır. Həmin dəftər onların üçünün otağında bütün qaimələr ilə bir yerdə olmuş, onlar Zahidə inanmışlar. Zahid həmin qaimələr və dəftərləri də yığışdırıb özündə saxlamışdır ki, itməsin. Sexin bütün avadanlığını isə paslanmayan NERJ materiallarını Qasım adlı şəxs Sentral Elektrikin arxasından almışdır. Sexin soyuducu sistemini, kotelni və qazanlar, vannalar və bunların mantajı, qutaşdırılması, yığılması Qasım tərəfindən həyata keçirilmişdir. Türkiyədən aldıqları kranlar, amerikankalar, dirsəklər və iki ədəd dəzgah Qamaqanizator və Separatoru almağa da Qasımı Zahid ilə bir yerdə Türkiyəyə o, göndərmişdir. Ən nəhayət tikinti bitdikdən və avadanlıqlar quraşdırıldıqdan sonra Zahid özündən hesabat apararaq guya 105000 manat pul xərclədiyini bildirmişdir, o isə təcüblənmişdir və onda bu qədər pulun ola biləcəyindən şübhələnmişdir. Tofiq də onunla eyni fikirdə olmuşdur ki, bəs Zahid həmin pulu nə vaxt, necə və hara xərcləyib?. O, Zahiddən gördüyü işlərin hesabatını təqdim etməsini istəmiş, Zahid isə hərdən bir bəhanə ilə 4 ay yubatmışdır. O isə, özü binanın hesabatını aparmağa başlamışdır. Hesabatdan məlum olmuşdur ki, onların verdikləri puldan da hələ 17000 manat mənimsəməklə onların xərclərini süni şəkildə şişirdərək guya cavabdeh 105000 manat da pul qoymuşdur. O, Zahidə mərhələ mərhələ sübut etmək üçün əvvəlcə ustalara verilən pulun təkcə süni 2300 manat şişirtdiyini bildirmiş, Zahid bunu qəti sürətdə rədd etmiş və hesablamanın səhv olduğunu bildirmişdir. Zahid özü gəlib hesablama aparacağını bildirmiş və həmin hesablamanı yəni hörgü, suvaq, kafel, mərmər və lambrin işlərini ölçərək ona təqdim etmişdir. O, ölçülərə göz gəzdirdikdə yenə orada da onları aldatmaq istədiyinin şahidi olmuşdur. Məsələn divarın faktiki ölçüsü 3,20 metrdirsə, Zahid 3,60 kimi göstərərək ölçüləri böyük göstərməklə hesabat məbləğini şişirtməyə yaxınlaşdırmağa çalışsa da, yenə də göstərdiyi məbləğ onun şişirtdiyi ölçülərdən təkcə usta haqqında 600 manat fərq eləmişdir. Zahidə həmin fırıldaqdan əl çəkməyə və şəffaf hesabat verməyə çağırdıqda Zahid ona votsap vasitəsi ilə şantaj xatrakterli böhtanlar yazılmış ərizələr göndərmiş, onu polisə verməklə hədələmişdir ki, guya o, cavabdehi hesabata çağırmaqla səhhətinə mənfi təsir edir, maşında ov silahı gəzdirir, Zahid isə qorxur və polis vasitəsilə onu qorxudaraq mənimsədiyi pulları ört basdır etməyə çalışır. O isə, Zahidə hesabatdan qaça bilməyəcəyini və məhkəmə vasitəsi ilə hesablama aparılmasının vacibliyini polislərə də, Zahidə də söyləmiş və onun sexinə gəlib təxribat törətməməsini bildirmişdir. Zahid ona şər böhtan atmış, ona və Tofiqə məxsus vəsaitin 17000 manatını mənimsəməsinə görə məsuliyyət daşıyır. Həmçinin hesab edir ki, iddiaçı Şahzadə (Şahbazi) Zahid Musa oğlunun iddiası əsassızdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Şahzadə (Şahbazi) Zahid Musa oğlu və onun etibarnamə əsasında nümayəndəsi (vəkili) X7 ilk iddia tələbini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun etibarnamə əsasında nümayəndəsi (vəkili) X9 məhkəmə iclasında izahat verərək, ilk iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 bildirmişdir ki, sexə avadanlıqlarla bir yerdə 150000-200000 manat pul xərclənmişdir ki, onun ilkin pulunu 54000 manatını Tofiq, 47700 manatını o qoymuşdur. 71000 manat isə Qasım adlı şəxsə o vermişdir ki, avadanlıqları alsın. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, ilk iddia üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını, habelə şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk və qarşılıqlı iddialar əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, Tahirlə dostdur, ortaqdır və sex qonşusudur. Bir gün o, Tahirə müraciət etmişdir ki, “Prado” markalı maşınını satmışdır, 26000 manat pulu vardır və bir iş görsünlər. Tahir də, ona bildirmişdir ki, Zahidin pendir sexi təklifi vardır. Onlar razılaşmışlar və ilkin olaraq o, 54000 manat pul qoymuşdur. May ayına kimi həmin pulla iş getmişdir. Həmin pulu bir dəfəyə deyil, 3000-5000 olmaqla hissə-hissə vermişdir. Zahidin maşını olmuşdur. 2017-ci ildə həmin maşını 20000 ABŞ dollarına satmış, ondan 1000 ABŞ dolları Tahirə olan borcunu qaytarmış, 3000 ABŞ dolları borcu isə qalmışdır. Tahir evini satmışdır. Onun Zahidlə münasibəti olmamış, Tahirlə şərik olmuşdur. Zahid tikintidə iştirak etmiş, lakin rəhbərlik etməmişdir. Əslində Zahid də şərik olmalı, satışa rəhbərlik etməli idi, lakin Zahidin pul qoyduğunu görməmişdir. 550000 manatdan söhbət gedə bilməz. Obyekti 300 manatdan 3 ay icarəyə vermişlər, haqqını Tahir götürmüşdür. Sertifikatları kimin almasını və kimin adına olmasını bilmir. Ustanı həm o həm də digərləri çağırmış, pul vermişdir. Tahir tikintiyə 47000 manat pul qoymuşdur. Aralarında heç bir müqavilə olmamışdır. Tahir 2-ci evini də satmış, 71000 manat avadanlıq üçün pul vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, 2017ci ilin yayında Cavabdeh1 özünə məxsus Binəqədi rayonu Baksol ərazisində yerləşən sexində süd emalı üçün avadanlıq alınması, düzəldilməsi və quraşdırılmasını ona sifariş etmişdir. O, ilk dəfə sexə gəlmiş və işlə bağlı smeta tərtib etmişdir. Ümumi smetanın qiyməti təxminən 70000 manat təşkil etmişdir. O smetanı Tahirə vermiş və onlar razılaşmışlar. İlk öncə o, Tahirlə birlikdə Dərnəgül yolunda olan Sentral elektrikin içində olan paslanmayan nerj materiallarını satış mərkəzindən 14700 manat dəyərində 3 dəfəyə nerj listlər və boru və profillərini alaraq Tahirin sexinə getmişlər. Həmin pulu Tahir ödəmişdir. Material isə onun adına yazılmışdır. O, Tahirin sexinə Ramil, Ağabala, Elmar və Turqut adlı öz ustalarını gətirmişdir. Ümumi iş pulunu Tahir ilə 10000 manata razılaşmışlar. Həmin pulu Tahir ona hissə-hissə vermişdir. Alınan nerj listlər, borular və profillərdə o, 6 ədəd pendir vannası, 3 ədəd südbişirən qazan, 1 ədəd süd soyudan şəlalə, 1 ədəd şor vannası və 2 ədəd paslanmayan dəmirdən yığılma stol yığmışdır. Sonra o, Türkiyədən 1 ədəd separator və 1 ədəd qamaqenzator alıb gətirmişdir. Bu iki avadanlığın qiyməti 23.800 manat olmuş və əlavə olaraq 500 manat karqo pulu təşkil etmişdir. Bu pulları da ona Tahir vermişdir. Bilet pulu və əlavə xərclər 1100 manat təşkil etmişdir. Türkiyəyə gedəndə həm Tahir, həm də Tofiq sexin elektrik işləri ilə məşğul olduqlarından Zahid onunla getmişdir. Yol xərclərini Tahir ödəmişdir. Türkiyədən sonra o, Tahir və Tofiq yenə də Santraldan nerj listləri 1000 manat məbləğində almışlar. Həmin pulu da Tahir ödəmiş, mal onun adına yazılmışdır. Həmin listlərdən 1 ədəd yağ hazırlayan, nehrə və 1 ədəd mayalanmanın çənini düzəltmişdir. Tükiyədə olarkən o, 33 ədəd kran, 50 ədəd amerikanka, 50 ədəd dirsək və 50 ədəd traynik almış və bunlar 2650 manat məbləğini təşkil etmişdir. Həmin pulları da Tahir ona ödəmişdir. Sexdə olan avadanlıqları bir birinə qoşmaq məqsədi ilə o, Sentralda 17 ədəd 6 metrlik, cəmi 102 metr 38 diametrli olan nerj boru almış, pulu Tahir vermişdir. Sonra o, Dərnəgül metal bazarına Zahid ilə birlikdə getmiş və oradan 1200 mm diametri olan 2,2 metr uzunluğunda dəmir boru və 14 ədəd diametri 76 olan hərəsi 2 metr olmaqla dəmir boru və 2 ədəd diametri 120 mm olan qalınlığı 10 mm-lik list və və 1 ədəd 3 mm qalınlığında olan dəmir list almışlar. Ümumi məbləğ 1100 manat təşkil etmişdir. Həmin pulu ona Tahir vermişdir. Zahid isə X21 markalı sarı rəngli maşınını sürmüşdür. Sonra o, Kondisioner zavodundan 2 ədəd anbarı soyudan mühərrikləri və radiatorları cəmi 9000 manata almış və Tahirin sexində quraşdırmışlar. Onun pulunu Tahir ona vermişdir. Sonra o, Tahirlə birlikdə 8-ci km-də olan bazara getmiş və oradan 3 ədəd süd nasosu almış, cəmi 900 manat pulu Tahir vermişdir. Sonra o, tək 8-km.də olan bazara getmiş və oradan 850 manata 4 ədəd süd və nehrə avadanlıqlarının üstündə yerləşdirilmiş mühərrikli reduktoru almışdır. Həmin pulu da Tahir ona sexdə ödəmişdir. Əlavə olaraq, 15 paçka 3-lük və 4-lük elektrod, 3 paçka 2,5-lik nerj elektrod, 150 ədəd laqonda daşı, 3 ədəd tangit, 1 kilo jele kislata, 10 ədəd nerj sosok, 38 diametrdə 1 ədəd 100-lük nerj sosok və s. xırdavat materiallarının ümumi dəyəri 700 manat olmaqla o almış və pulunu Tahirdən almışdır. Qeyd edilən mal materialın və işçilik zəhmət haqqı cəmi 71.000 manat təşkil etmiş və bu məbləği bütövlüklə Tahir ödəmişdir. O, Zahiddən heç bir məbləğ almamışdır. Zahid onun yanında Tahirin göstərişinə əsasən onun Ford Tranzit yük maşınını sürməklə mal-materialı sexə gətirməkdə köməklik etmişdir. Türkiyədə avadanlığa görə 4000 manat borclu qalmışlar. Həmin məbləği 2-3 ay ödəyə bilməmişlər. Sonra 2000 manatını Tahir Zahidə vermiş, Zahid ödəmişdir. 2000 manatını da özü ödəmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, tərəflər pendir sexi tikmiş və onu tikinti işinə çağırmışlar. Kafel vurmuş, hörgü və suvax etmişlər. Demək olar ki, 1 il işləmişdir. Onlarla iş şərtlərini Zahid danışmış və pulları da Zahid vermişdir. Bir dəfə Tahir də pulu vermişdir. Onlar orada işləyən ərəfədə Tahir, Zahid və Tofiq orada olmuşlar. Həmin vaxt pul lazım olmuş, Zahidə zəng etmiş, Zahid də Tahirə pulu verməsini bildirmişdir. Orada böyük bina olmuş, damı da vurulmuşdur. O, çölə və içəri kvadratını 1,50 və ya 2 manata suvax vurmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində bildirmişdir ki, Zahid böyük qardaşıdır. 2017-ci ilin may ayında Zahidə 40.000 manat bir, 40000 manat da bir borc vermişdir. Rang Rover markalı maşını olmuş, 22500 manata satmışdır. Mirələm müəllimdən də borc almış, Zahidə vermişdir. 50000 manat da bir vermişdir. Ümumilikdə 130000 manat borc vermişdir. Pulu nağd şəkildə vermiş, aralarında heç bir razılaşma olmamışdır. Onun Tahirlə daş alveri ilə bağlı əlaqələri olmuş, Zahidlə Tahiri o tanış eləmişdir. Lakin iş əlaqələri onsuz olmuşdur. Onun sex haqqında dərin məlumatı yoxdur. Tahirlə Zahid şərik olmuşdur, başqalarını bilmir. Zahid may ayında 40000 manat pulu avadanlıqlara görə almış, 50000 manatı isə borclarına görə almışdır. Həmin vaxt Zahid pendir işi ilə məşğul olmuş, pulları da ona görə almışdır. Sex tikildikdən sonra o bilmişdir ki, belə iş var. Sexin fəaliyyəti barədə məlumatı yoxdur. Tofiqi tanıyır, bir yerdə oturub durmuşlar. Tofiqin pul qoymağından xəbəri yoxdur. Bakı şəhəri Binəqədi rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin surəti iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 04-14/104 saylı məktubundan görünür ki, Şahzadə (Şahbazi) Zahid Musa oğlunun xx.xx.2018-ci il tarixli ərizəsinə cavab olaraq M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yaşayış massivində yerləşən qeyri-yaşayış sahəsində təşkil etdiyi süd məhsulları istehsalı sexinin fəaliyyət göstərməsinə etiraz edilmədiyi, istehsal olunan süd məhsullarının gigiyenik sertifikatlaşdırılmasının təmin edilməli və işçilərin icbari tibbi müayinədək keçdikdən sonra işə qəbul edilməli olduqları göstərilmişdir. İş materiallarından görünür ki, fiziki şəxs İddiaçı tərəfindən istehsal edilən şorun, o cümlədən 30% yağlılıqda duzlu suda yetişdirilən pendirin resepturası Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yaşayış massivində fiziki şəxs İddiaçı adına şora, 82% kərə yağına, 30% yağlılıqda duzlu suda yetişdirilən pendirə dair Gigiyenik Sertifikat verilmişdir. Bakı şəhəri Binəqədi rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 04-17/808 saylı məktubundan görünür ki, Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli ərizəsinə cavab olaraq Bakı şəhəri Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin hər hansı torpaq və ya qeyri-yaşayış sahəsinin kimə aid olmasına dair hüquqverici sənəd vermək səlahiyyətinə malik olmadığı, Mərkəzin xx.xx.2018-ci il tarixli, 04-14/104 saylı məktubundakı məlumatların Şahzadə (Şahbazi) Zahid Musa oğlunun ərizəsinə əsasən qeyd edilmiş olduğu və heç bir hüquq müəyyənedici xarakter daşımadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 adına Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir. İşin hallarından həmçinin görünür ki, Şahzadə (Şahbazi) Zahid Musa oğlunun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yaşayış massivində qanunsuz olaraq tikilən və şərik olduğu sexə daxil olmasına Cavabdeh1 tərəfindən icazə verilmədiyi və oradakı işlərdən xəbərsiz olduğu barədə müraciətləri Binəqədi RPİ-nin 4-cü PŞ-də araşdırılmış, araşdırma nəticəsində toplanmış material mülki iddia xarakterli olduğundan ərizəçiyə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, “X24” tərəfindən İddiaçı mənzilin təmiri məqsədi ilə illik 21% olmaqla, 36 ay müddətinə 26000 manat məbləğində kredit verilmiş, kreditin təminatı olaraq xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən, X6 zamin durmuş, xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən, İddiaçı ünvan 1 ünvanı ipoteka ilə yüklü edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 17366/67 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, 1-ci və 2-ci suallar üzrə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yaşayış massivində yerləşən qeyri-yaşayış sahəsi, (süd məhsulları istehsal edən sex) üzrə yerinə yetirilmiş tikinti-quraşdırma və təmir işlərinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 103467,0 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 62980,30 manat müəyyən edilir. İşin müəyyən olunan hallarından göründüyü kimi ilk iddiaçı, Cavabdeh1lə müştərək ortaqlıqla qazanc əldə etmək üçün yağ-pendir sexi yaratmaqları barədə qarşılıqlı razılığa gəldiklərini, cavabdehin sexinin tikintisi üçün torpaq sahəsinin olmasını ona bildirdiyini, həmin torpağa dair sənədlərin surətini ona təqdim etdiyini, sexin tikintisinə görə qardaşı Camal Şahbazovdan 2017-ci il may ayının əvvəllərində 40.000 manat, həmin ayın sonlarında yenidən 40.000 manat pul alaraq tikintiyə xərclədiyini, xx.xx.2017-ci ildə “ X15” markalı **-RS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini 35.000 manata sataraq üstünə 5000 manat da əlavə edib yenə 40.000 manat pulu tikintiyə sərf etdiyini, Cavabdeh1 onu həvəsləndirməkdən ötrü tikintiyə hissə-hissə cəmi 47.000 manat pul vəsaiti qoyduğunu, pul çatışmadığından Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 80 saylı evin, 72 saylı mənzilini xx.xx.2017-ci il tarixdə “Bank Milli İran” bankının Bakı filialına girov qoyaraq 26.000 manat məbləğində kredit götürdüyünü və üstünə 4000 manat da əlavə edərək cəmi 30.000 manat pulu da tikintiyə sərf etdiyini, sexinə quraşdırılmış avadanlıqların və işçiliyinin cəmi 132.000 manat təşkil etdiyini, avadanlıqların quraşdırdığı zaman iş adamı qardaşı Şahbazov Fəxridən xx.xx.2017-ci ildə 20.000 manat pul alaraq sexin tikintisinə xərclədiyini, məcburiyyətdən özünə məxsus qızıl-zinət əşyalarını lombarda qoyaraq 10.000 manat pul götürdüyünü, Buzovnadakı 0,10 ha torpaq sahəsini də 45.000 manata sataraq və qardaşı Camal Şahbazovdan 50.000 manat pul alaraq həmin pulları bir yerə toplayaraq 105.000 manat pulu əldə etməklə tikintini başa çatdırdığını, xx.xx.2017-ci ildə ağartı məhsullarının istehsalına başladıqlarını, beləliklə yağ-pendir sexinə cəmi 366.968 manat xərc çəkildiyini, bu vəsaitdən 47.700 manatının Cavabdeh1, qalanının (319.268 manatının) özünə məxsus olduğunu, bundan başqa həmin ərazidə “Kamaz” markalı avtomobilin hər ay 3000 manatdan 12 ay işlədiyini, avadanlıq alınmasından ötrü Tanrıverdiyev Qasım adlı şəxslə Türkiyə Respublikasına gedərkən 4000 manat sərf etdiyini, tikintinin davam etdiyi 12 ay ərzində telefon danışıqlarına təqribən 750 manat ödədiyini, özünə məxsus “X20” markalı avtomobili həmin işlər üçün istifadə etməsinin bir ay üçün 1000 manat hesabından 7 ay üçün 7000 manat, işləri özünün icra etməsinə görə zəhmət haqqının 45.000 manat təşkil etdiyini, cavabdehin vəd etdiyi məbləği qoymamasına görə maliyyə çatışmamazlığı üzündən istehsalı davam etdirə bilmədiklərini, qarşılıqlı razılığa əsasən sexi satmaq üçün elan verdiklərini, alıcı tapılmadığından sexi birinci 3 ayda sexi 2600 manata, 3 aydan sonra 3000 manata, 6 aydan sonra 4000 manata, bir ildən sonra isə 6000 manata icarəyə vermək qərarına gəldiklərini, icarəçi Cavabdeh2 ilə bu şərtlər barədə razılaşdıqlarını, sonuncunun ona məxsus ümumi dəyəri 2510 manat olan müxtəlif çeşidli qab-qacaqları və pendir qəliblərini aldığını, lakin bugünədək onların dəyərini ödəmədiyini, Cavabdeh1lə aylıq icarə haqqının yalnız ona verilməsinə dair razılığa gəldiklərini, sexin xx xxxx 2018-ci ildən Cavabdeh2 icarəyə verməsinə rəğmən icarə haqqının ona verilmədiyini, sexə buraxılmadığını, habelə Cavabdeh2 həmin sexdə ona məxsus qiymət 20.000 manat olan bir ədəd Qamagenizatoru və qiyməti 8500 manat olan bir ədəd “Şəlalə”ni satdığını, beləliklə 31.010 manat borcunun yarandığını, Cavabdeh1 isə aldatma yolu ilə 419.848 manat məbləğində külli miqdarda pulunu mənimsədiyini irəli sürmüş, Cavabdeh1 isə özünün İddiaçı və Tofiq Həsənovun yağ-pendir sexi açmaq barədə razılaşdıqlarını, lakin ilkin iddiaçının sexə ümumiyyətlə pul qoymadığını, əksinə hesabat aparılarkən onların tikinti üçün verdikləri 17000 manat mənimsədiyini bildirməklə həmin qaytarılması barədə qarşılıqlı iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu mənada məhkəmə hesab edir ki, ilk iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, ilk iddiaçı mübahisəli yağ-pendir sexinə cəmi 366.968 manat xərc çəkildiyini (ilk iddiaya görə, bu vəsaitdən 47.700 manatı Cavabdeh1 aiddir) bildirsə də, həmin sexə qeyd edilən məbləğdə vəsaitin xərclənmiş olduğu ümumiyyətlə müəyyən edilməmişdir. Əksinə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 17366/67 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyi ilə həmin sex üzrə yerinə yetirilmiş tikinti-quraşdırma və təmir işlərinin orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 103467,0 manat məbləğində, quraşdırılmış avadanlıqların isə orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 62980,30 manat olduğu müəyyən edilmişdir. Belə olan halda təkcə ilkin iddiaçının mübahisəli yağ-pendir sexinə 319.268 manat xərc çəkdiyi qənaətinə gəlmək mümkün deyildir. Digər tərəfdən o, müxtəlif məbləğlərdə borc pullar götürməklə, avtomobilini və torpaq sahəsini satmaqla mübahisəli sexin tikintisinə xərclədiyini, tikintidə zəhməti olduğuna, tikintidə “Kamaz” markalı və “X20” avtomobilini isifadə etdiyinə və telofon danışığı xərcinə görə cavabdehin ona borclandığını (əvəzini ödəməli olduğunu), ümumi dəyəri 2510 manat olan müxtəlif çeşidli qab-qacaqlarını və pendir qəliblərini icarəçi Cavabdeh2 alaraq onların dəyərini ödəmədiyini, həmçinin sonuncunun mübahisəli sexdə ona məxsus qiymət 20.000 manat olan bir ədəd Qamagenizatoru və qiyməti 8500 manat olan bir ədəd “Şəlalə”ni satdığını irəli sürsə də, həmin hallara dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, hətta ilkin iddiaçı, borc almasına və əmlakının alğı-satqına dair sübutlar təqdim etmiş olsaydı belə, bu hal əldə edilən pul vəsaitlərinin məhz mübahisə sexə xərclənmiş olduğu qənaətinə gəlmək üçün yetərli olmayacaqdı. Bu mənada “Bank Milli İran” bankından götürülmüş kredit məbləğinin mübahisə sexə xərclənmiş olduğu qənaətinə gəlmək də mümkün deyildir. Nəzərə alınmalıdır ki, həmin kredit Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 80 saylı evin, 72 saylı mənzil ipoteka ilə yüklü edilməklə götürülmüş, müqavilənin 1.4-cü bəndində isə kreditin təyinatının mənzilintəmiri olduğu göstərilmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilən əlyazmalara, qaimə adlı sənədlərə və “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC vasitəsilə pul köçürməsinə dair sənədlərə gəldikdə isə qeyd edilməlidir ki, əvvəla əlyazmaların və qaimə sənədlərin əksəriyyəti fotosurətdir; Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə isə , lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Digər tərəfdən həmin yazılardakı və qaimələrdəki xərclərin məhz mübahisəli sexin tikintisi ilə bağlı olduğu və məhz İddiaçı tərəfindən onun vəsaiti hesabına ödənilmiş olduğu qənaətinə gəlmək mümkün deyildir. Məhkəmənin qənaətinə görə, “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC vasitəsilə pul köçürməsinə dair sənədlərin mövcudluğu həmin sənədlərə aid hissədə ilkin iddianın əsaslı olduğu nəticəsinə gəlmək üçün əsas vermir. Belə ki, ilkin iddiaçı sexin avadanlıqlarına görə qalan borcu məhz özünün ödədiyini iddia edərək həmin sənədləri təqdim etmiş, bununla belə məhkəmə iclasında şahid qismində iştirak etmiş X8 (avadanlıqların alınması və quraşdırılması işini məhz onun gördüyü müəyyən edilmişdir) həmin borcu ödənilməsi üçün məhz Tahirin Zahidə verdiyini izahatında göstərmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələblərini irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə qarşılıqlı iddia tələbini də əsassız hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını bildirir. Belə ki, qarşılıqlı iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, həmçinin 150 (bir yüz əlli) manat ekspertiza xərci ilk və qarşılıqlı iddia üzrə iddiaçılardan tutularaq Məhkəmə- Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia üzrə iddiaçı Şahzadə (Şahbazi) Zahid Musa oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbi barədə ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh Şahzadə (Şahbazi) Zahid Musa oğluna qarşı “pulun qaytarılması” tələbi barədə qarşılıqlı iddiası təmin olunmasın. İlkin və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 75 manatı Şahzadə (Şahbazi) Zahid Musa oğlundan, qalan 75 manatı isə Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-93/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-93/2020
28.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver