Məhkəmə qərarları › İş №2(001)-9340/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-9340/2021

17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-9340/2021 17.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 və digərlərinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, fərdi evin boşaldılması və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4 və digərlərinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, fərdi evin boşaldılması və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gənclik” filialı ilə Cavabdeh4 arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, XDEN-00007-20/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 01 dekabr 2021-ci il tarixə olan 66.287,22 manat əsas borc, 22.481,34 manat faiz borcu, 4.538,97 manat dəbbə borcu, ümumilikdə 93.307,53 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 250 manat dövlət rüsumunun, 0.40 manat xidmət haqqının Cavabdeh4 onun xeyrinə tutulması, Cavabdeh4 ilə bağlanan 06 dekabr 2019-cu il tarixli XDEN-00007- 20/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 43, 201 saylı mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaitinin hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh4 tutulması, Cavabdeh1, Cavabdeh2 və azyaşlılar X7, X4, X3, X5, X2 valideynləri ilə birlikdə həmin evdən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (28 dekabr 2018ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş): 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər; 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Bundan başqa, istinad olunan Qanunun 36.2.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə həmçinin ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq da əks etdirilməlidir. İddia ərizəsinə əlavə edilmiş ipoteka müqaviləsindən görünür ki, ipoteka müqavləsi 28 dekabr 2018-ci il tarixdən, yəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərdən sonra bağlanmışlar. Həmin Qanunun yuxarıda istinad edilən imperativ normalarından göründüyü kimi, iddiaçı (ipoteka saxlayan) ilk növbədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməli, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tərəfindən tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədiyi təqdirdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2020-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının 1-1-ci maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün notariat orqanına təqdim edilməli olan sənədlər göstərilmişdir. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, onların evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün məhkəmə qərarı tələb olunmur və bu icra sənədi əsasında məcburi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Təsvir olunanlara əsasən belə qənaətə gəlirəm ki, hazırki iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsini qəbul edilməsindən imtina edilməli və iddiaçıya hazırki tələbi ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq notoriat kontoruna müraciət etmək hüququ izah edilməli, habelə iddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 250 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Onu da qeyd etməyi zəruri hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün olduğu halda belə, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı idi. Belə ki, Mülki Prosessual Məcəllənin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 20 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ərizə ASCnin X8 Departamentinin direktoru Nihad Abbasov tərəfindən imzalansa da, onun əsas iş yerinin iddiaçı təşiklat olması və ona iddia ərizəsini imzalamaq səlahiyyətinin verilməsi barədə sənədlər əlavə edilməmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində cavabdehlər qismində cəlb etdiyi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 rəsmi qeydə alındıqları ünvanlarını düzgün göstərməmişdir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh1 rəsmi qeydə alındığı ünvan Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 43, mənzil, 201, Cavabdeh2 rəsmi qeydə alındığı ünvan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 100, mənzil 83, Cavabdeh3 rəsmi qeydə alındığı ünvan isə ünvan 3ikrorayon, İbrahim Dadaşov küçəsi, ev 72, mənzil 58-dir. Eyni zamanda iddiaçı iddia ərizəsində Cavabdeh3 cavabdeh qismində göstərsə də, lakin həmin cavabdehə qarşı iddia tələbi irəli sürməmişdir. Bununla yanaşı, iddiaçı iddia ərizəsində X1 mübahisə predmet barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etsə də, lakin ərizəsində həmin şəxsin qəbul ediləcək qətnamənin tərəflərdən birinə münasibətdə hansı hüquq və vəzifələrinə təsir edə biləcəyini qeyd etməmişdir. Bunlardan əlavə, iddiaçı tərəfindən cavabdehdən tələb edilən vəsaitin ümumi məbləği 93.307,53 manat manatdır. Belə olan halda isə iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 120 manat + 250 manat (83.307,53 manatın 0.3%-i) = 370 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, onun tərəfindən cəmi 250 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 və digərlərinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, fərdi evin boşaldılması və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırki tələbi ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq notariat kontoruna müraciət etməli olduğu izah edilir. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 250 (iki yüz əlli) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar