Məhkəmə qərarları › İş №2(001)-936/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-936/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-936/2021 30.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı borc tələbinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC ilə Aqrarkredit QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivlərinin tələb hüququ Aqrarkredit QSC-yə keçmişdir. Aqrarkredit QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikasının Prezidentinin 15.07.2015-ci il tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (X1 Edilməsi Agentliyi MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankı ASC ilə Aqrarkredit QSC arasında S-AVK-1775 saylı 22.12.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə Aqrarkredit QSC tərəfindən borclu şəxs Cavabdeh dair sənədlər təhvil-təslim aktına əsasən X1 Edilməsi Agentliyi MMC-yə verilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 04.09.2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə qaytarmaq, illik 18% ödəmək şərti ilə 8330 manat kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-RH-*** dövlət qeydiyyat nömrəli Chery A 13 minik markalı avtomobil 04.09.2012-ci il tarixdə, 1078 sylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Hazırda borcalan öhdəliklərini icra etmədiyindən banka borcu yaranmışdır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının elektron məlumat bazasında fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya siyahısında Cavabdeh dair məlumat aşkar olunmamışdır. Müqavilənin hansı əsasla Fərmanın təsiri çərçivəsinə düşməməsi onlara məlum deyildir. Ona görə də Cavabdeh əsas borc görə 3473,71 manat, faiz borcuna görə 1352,26 manat olmaqla cəmi 4825,97 manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Aqrarkredit QSC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan **-RH-*** dövlət qeydiyyat nömrəli Chery A 13 minik markalı avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub Aqrarkredit QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə 16.03.2021-ci il tarixinə təyin olunan məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nizami filialı ilə bağladığı 04.09.2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank ona 36 ay müddətinə qaytarmaq, illik 18% ödəmək şərti ilə 8330 manat kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq o, mülkiyyətində olan **-RH-*** dövlət qeydiyyat nömrəli Chery A 13 minik markalı avtomobili 04.09.2012-ci il tarixdə 1078 saylı ipoteka müqaviləsi ilə yüklü etmişdir. Avtomobil hal-hazırda da onun mülkiyyətində və istifadəsindədir. Maddi imkanı oladığından borcunu ödəyə bilmir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 04.09.2012-ci il tarixli 1078\01 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana nəqliyyat vasitəsinin alınması məqsədilə 36 ay müddətinə, yəni 04.09.2015-ci il tarixədək qaytarmaq, illik 18% ödəmək şərti ilə 8330 manat kredit verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin 05.09.2012-ci il tarixli məxaric orderindən müəyyən olunur ki, bank borcalan Cavabdeh ayrılmış kreditə görə 8247,11 manat vermişdir. AB № 787941 saylı 04.09.2012-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2012-ci il buraxılışlı **-RH-*** qeydiyyat nişanlı Chery A 13 minik markalı avtomobil Cavabdeh mülkiyyətindədir. İpoteka saxlayan Azərbaycan Beynəlxalq Bankı ASC ilə ipoteka verən Cavabdeh arasında bağlanmış 04.09.2012-ci il tarixli 1078 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka verən 04.09.2012-ci il tarixli 1078\01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan Chery A 13 minik markalı avtomobilini ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.2-ci bəndindən müəyyən olunur ki, ipoteka ilə yüklü edilmiş əmlak tərəflərin razılığı ilə 9800 manat qiymətləndirilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 04.04.2012-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan Chery A 13 markalı **-RH-*** qeydiyyat nişanlı avtomobilin Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Aqrarkredit QSC arasında bağlanan Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivləri üzrə tələb hüququnun Aqrarkredit QSC-yə güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqavilədən müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 №- li Fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq Aqrarkredit QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da Aqrarkredit QSC-yə güzəşt edir. X1 Edilməsi Agentliyi MMC-nin Cavabdeh ünvanladığı 31.08.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehə tələbin Aqrarkredit QSC-yə güzəşt edildiyi və kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. X1 Edilməsi Agentliyi MMC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə ünvanladığı 29.09.2020-ci il tarixli 5234 saylı ərizədən müəyyən olunur ki, MMC ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmiş və bildiriş qeydə alınmışdır. Aqrarkredit QSC BOKT 15.10.2020-ci il tarixli 5476 saylı maliyyə arayışından müəyyən olunur ki, 04.09.2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ABB ASC tərəfindən Aqrarkredit QSC-yə 05.09.2017-ci il tarixdə ötürülən borc məbləği 5565,71 manat (4213,45 manat əsas borc, 1352,26 manat faiz borcu) təşkil edir. Borcalan tərəfindən 18.10.2017-ci il tarixdə 300 manat ödəniş edilmiş, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının icrası ilə bağlı əsas borcun azaldılmasına yönəldilmiş kompensasiya məbləği 439,74 manat nəzərə alınmaqla Cavabdeh Aqrarkredit QSC-yə olan borcu əsas borc görə 3473,71 manat, faiz borcuna görə 1352,26 manat olmaqla cəmi 4825,97 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.06.2021-cu il tarixli 9\3276 saylı rəyindən müəyyən olunur ki, 04.09.2012-ci il tarixli 1078\01 saylı kredit müqaviləsi üzrə Cavabdeh 04.09.2015-ci il tarixə əsas borcu 4433,79 manat, faiz borcu 432,29 manat, 05.09.2017-ci il tarixinə əsas borcu 4433,79 manat, faiz borcu 576,29 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, borcalan tərəfindən 18.10.2017-ci il tarixdə ödədiyi 300 manat, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının icrası ilə bağlı əsas borcun azaldılmasına yönəldilmiş kompensasiya məbləği 439,74 manat nəzərə alınmaqla M.X. Şabaninin əsas borcu 3694,05 manat, faiz borcuna görə 576,29 manat olmaqla cəmi borcu 4270,34 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.07.2021-cu il tarixli 9\3286 saylı rəyindən müəyyən olunur ki, Chery A 13 markalı, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılan, istifadəyə yararlı avtomobilin real bazar qiyməti təxminən 6500 manat, müəyyən edilən likvid dəyəri təxminən 5500 manat təşkli edir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatının 30.08.2021-ci il tarixli 3132 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının elektron məlumat bazasında fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya siyahısında Cavabdeh dair məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlə bağlanan 04.09.2012-ci il tarixli 1078\01 saylı kredit müqaviləsi bütün tələblər üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşsə də, Fərmanın qüvvəyə mindiyi tarixə borcalanın əsas borcunun restrukturizasiya edilməsi üçün iddiaçı cavabdehlə istinad olunan Fərmanın tələblərinə əsasən, güzəştli kredit müqaviləsinin bağlanması üçün heç bir tədbir görməmişdir. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 5.1,-5.3-cü bəndlərinə əsasən kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir: kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə; kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda –kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla. Kredit təşkilatları bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, SMS) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada Palataya təqdim edir. Həmin Qaydaların 6.1-6.16-cı bəndlərinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1dək bağlanmalıdır; fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Fiziki şəxslə kredit təşkilatı arasında bağlanan yeni güzəştli kredit müqaviləsində ən azı aşağıdakılar nəzərə alınmalıdır: kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur; kreditin müddəti 5 il (1 il güzəşt müddəti ilə) müəyyən olunur və güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur; kreditin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir; kredit müqaviləsi milli valyutada rəsmiləşdirilir; müqavilənin rəsmiləşdirilməsi ilə bağlı komisyon haqq tutulmur; kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı əlavə ödəniş alınmır; kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır; kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtlərdən daha ağır şərtlər müəyyən edilə bilməz. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Kredit təşkilatları bu Qaydaya uyğun olaraq, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edir. Palata bu Qaydanın 6.10-cu bəndinə əsasən məlumatı əldə etdikdən sonra 5 iş günü müddətində kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılması məqsədilə Mərkəzi Banka müraciət edir.Bu Qaydanın 6.11-ci bəndində nəzərdə tutulan müraciət daxil olduqdan sonra Mərkəzi Bank 5 iş günü ərzində “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rəsmiləşdirməklə kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılmasını və həmin kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Palata kredit təşkilatlarının xarici valyutada olan kreditlərin manatla verilən kreditlərlə əvəzlənməsi nəticəsində yaranan valyuta mövqeyi barədə məlumatı Mərkəzi Banka təqdim edir. X3 5.2-ci bəndinə və bu Qaydanın 6.13-cü bəndinə əsasən təqdim olunmuş məlumat nəzərə alınmaqla, banklara onların müraciəti əsasında ABŞ dollarında ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edir. Həmin qiymətli kağızlar Fərmanın 5.1-ci bəndinə əsasən banklara ayrılan vəsait hesabına əldə edilir. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. İstinad olunanlardan müəyyən olunur ki, Qaydaların tələblərini nəzərə almaqla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını təklif etmək hüququ birbaşa kredit təşkilatlarına həvalə olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının cavabdehdən əsas borca görə 3473,71 manat tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbi əsaslı olduğundan iddia ərizəsi bu hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının faiz tələbi ilə bağlı qeyd edir ki, vaxtında öz hüquqlarından istifadə edib cavabdehlə güzəştli kredit müqaviləsi bağlamayan iddiaçının hazırda cavabdehə qarşı faiz tələbi irəli sürməsi hüquqdan sui-istifadə olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı mülki iş üzrə keçirilən qiymətləndirmə nəticəsində ipoteka predmetinin likvid qiyməti müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti də bu qiymətləndirmə rəyi ilə müəyyən olunan ipoteka predmetinin likvid qiymətinə əsasən təyin edilməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı 20.07.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddiaçının ipoteka predmetinin satışı nəticəsində əldə olunan vəsaitin artıq qalan hisəsinin cavabdehə qaytarılmasına, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləğinin cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, bu tələblər İcra haqqında Azərbaycan Respublikası Qanununun tələbləri ilə müəyyən edilmiş qaydada həyata keçirilməli olduğundan iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 04.09.2012-ci il tarixli 1078\01 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3473,71 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 3503,71 manat Aqrarkredit QSC-nin xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 245 manat dövlət nəfinə tutulsun. Cavabdeh mülkiyyətində olan **-RH-*** qeydiyyat nişanlı Chery A 13 minik markalı avtomobil ilkin satış qiyməti 5500 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar