Məhkəmə qərarları › İş №2(001)-946/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-946/2021

10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-946/2021 10.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 2000 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 2000 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2019-cu ilin oktyabr ayının 19-da mülkiyyətində olan 2001-ci il buraxılışlı Nissan Sunny markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilinin elektrik sistemi nasaz vəziyyətdə olduğu üçün Babək prospektində yerləşən Diaqnostika Mərkəzinə aparmış, daha sonra ona avtomobilin probleminin həlli üçün elektrik ustasına aparması məsləhət görülmüş, bundan sonra 2019-cu ilin oktyabr ayının 20-25 aralığında Nəsimi rayonu İnqilab küçəsi 17 ünvanında yerləşən avtomobil təmirxanasına avtomobilini özü idarə edərək gətirmişdir. Avtomobil təmirxanasındakı Cavabdeh adlı elektrik ustası ona avtomobili təmir edərək iki gün sonra tam saz vəziyyətdə ona təhvil verəcəyini bildirmişdir. Cavabdeh ilk dəfə təmirə görə ondan 130 manat alacağını bildirmiş, o da razılaşmışdır. O, iki gün sonra yenidən ustanın yanına gəldikdə, Cavabdeh ona avtomobilinin ehtiyat hissəsi olan beyninin yanmasını bildirmiş, eyni zamanda həmin ehtiyat hissəsinin yalnız yenisi ilə əvəz edilməli olmasını bildirmişdir. Bundan sonra o, avtomobili üçün eyni kodlu beyin taparaq cavabdehə aparmış, cavabdeh ona iki gündən sonra avtomobilinin hazır olacağını bildirmişdir. O, iki gündən sonra yenidən cavabdehin işlədiyi təmirxanaya getmiş, cavabdeh isə ona yeni aldığı beynin işləmədiyini, bu avtomobilə aid olmadığını bildirmişdir. 2020-ci ilin əvvəlində onun atası X1 ustanın ona dediyi ehtiyat hissəsini Gürcüstana gedərək alıb gətirmiş lakin, cavabdeh yenədə həmin ehtiyat hissəsinin bu avtomobilə aid olmadığını bildirmişdir. Daha sonra 500 manata aldığı beyni geri qaytararaq pulunu almışdır. Cavabdehin müxtəlif vaxtlarda ona aldırdığı cəmi 1165 manat məbləğində ehtiyat hissələrinin onun avtomobili üçün yaramadığını bildirməsi, mağazaların isə həmin ehtiyat hissələrini geri götürməmələri səbəbindən ona xeyli maddi ziyan dəymişdir. Eyni zamanda atasının Gürcüstana gedib-gəlməsinə və Bakı şəhərində ehtiyat hissələrini alıb ustaya aparmasına görə istifadə etdiyi taksi xidmətlərinə görə cəmi 825 manat xərcləmişdir. Ümumilikdə bütün bu müddət ərzində cavabdehin ona vurduğu maddi ziyan 2000 manat təşkil edir. Cavabdehə müraciət etsə də, cavabdeh ondan əlavə olaraq 2000 manat istəyərək iki gündən sonra avtomobili tam saz hazır vəziyyətdə ona verəcəyini demişdir. O, avtomobili Avto Servis NN adlı təmirxanaya aparmış, orada avtomobilə baxılaraq diaqnoz qoyulmuş, o, 1850 manat dəyərində yeni ehtiyat hissələri almış və ustaya 150 manat ödədikdən sonra avtomobili təmir olunmuşdur. xx.xx.2020-ci il tarixdə isə o, 2001-ci il buraxılışlı Nissan Sunny markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilini 7500 manata satmışdır. Beləliklə Cavabdeh ona vurduğu zərər ümumilikdə 4000 manat təşkil edir. O, cavabdeh barəsində Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, iş Nəsimi RPİ İstintaq şöbəsinin müstəntiqi tərəfindən araşdırılmış, Azərbaycan Respublikası CPM-nin 39.1.2, 85 və 212 maddələrini rəhbər tutaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də Cavabdeh dəymiş zərərə görə 2000 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AD № 443194 saylı xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2001-ci il buraxılışlı Nissan Sunny minik markalı **-CD-*** qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, İddiaçı Nəsimi RPİ-ə ərizə ilə verdiyi məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh izahatında Bakı şəhəri Nəsimi rayonu H.Əliyev Küçəsi 2 ünvanında yerləşən avtotəmir sexində elektrik ustası işləməsini, əvvəllər tanımadığı İddiaçı 2019-cu il oktyabr ayının 19-da Nissan Sunny markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobilini təmir üçün onun işlədiyi yerə gətirdiyini, avtomobilin beyninin nasaz vəziyyətdə olmasını, ona qeyd olunan avtomobilə uyğun olan beyni tapıb gətirə bilsə, o halda avtomobili təmir edə biləcəyini deməsini, bir neçə gün sonra Elgün yenə gələrək ona beynin tapılmasında kömək etməsini istədiyini, o, Rusiya Federasiyasından sifariş verə biləcəklərini Elgünə bildirdiyini, sonuncunun hazırda pulunun olmadığını dediyini, bir müddət sonra Elgün bir ədəd beyin gətirərək ona verdiyini, beynin avtomobilə uyğynlaşması üçün çip lazım olmasını Elgünə dediyini, Elgün isə çipin lazım olmadığını, beynin dərhal çipsiz işə düşəcəyini dediyini, beyni yerləşdirib avtomobili işə salmaq istədikdə beynin yandığını, Elgünün 200 manata aldığı beynin yandırmasına görə ondan 200 manatı tələb etməsini, o, 100 manatı qaytara biləcəyini, 100 manatı isə çəkdiyi əmək haqqından çıxmasını, deməsini, bir neçə müddət sonra Elgün yenə 1 beyin taparaq yanına gəldiyini, lakin o, bu beynin işə yaramadığını dediyini, Elgün beyni aparıb geri qaytardığını, bu beyni alınan mağazaya geri qaytarılmasında Elgünə kömək etdiyini, Elgünün isə onun köməkliyi ilə beyinə verdiyi 500 manat pulu mağazadan özünə geri qaytardığını, hazırda Elgünə borcunun olmadığını, əksinə avtomobilin uzun müddət dayanacaqda saxlanmasına görə Elgünün ona borclu olmasını, Elgünün iki dəfə alıb gətirdiyi beyinlərin qeyd olunan avtomobilə aid olmadığını, Elgündən 2000 manat istəmədiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddia tələblərində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 2000 manat maddi ziyan vurulmasını iddia etsə də, iddia tələbində istinad etdiyi halları təsdiq edəcək hər hansı bir sübutunu, yəni ehtiyyat hissələrini hansı qiymətə almasını, əlavə xərclər çəkməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, iddiaçı öz seçiminə əsasən ehtiyat hissələrini almış, uyğun olmayan ehtiyat hissəsini geri qaytarmış, yenə öz iradəsinə uyğun olaraq nəqliyyat vasitəsini cavabdehə deyil, başqa ustaya təmir etdirmək barədə qərar vermiş, təmirdən sonra nəqliyyat vasitəsini satmışdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 2000 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar