Məhkəmə qərarları › İş №2(001)-962/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-962/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-962/2023 26.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə HP Pavılıon komputer üçün 1199 manat ödənilməmiş hissə, 119 manat cərimə pulu borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********06849 olan Xiaomi poco M3 markalı telefon üçün 214 manat ödənilməmiş hissə, 21 manat cərimə pulu olmaqla, ümumilikdə 1553 manat borc və 35,53 manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 alınaraq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən HP Pavılıon komputer, Xiaomi poco M3 markalı telefon almış və nəticədə 1553 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən alğı-satqı qiyməti 1973,52 manat (24 ay x 60,98 manat + 510 manat ilkin ödəniş) olan HP Pavılıon komputer üçün ümumilikdə 1318 manat olmaqla, ondan, 1199 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 119 manat cərimə, xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsinə əsasən alğı-satqı qiyməti 550,8 manat (12 ay x 34,9 manat + 132 manat ilkin ödəniş) olan İMEİ kodu **********06849 olan Xiaomi poco M3 markalı telefon üçün ümumilikdə 234 manat olmaqla, ondan, 214 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21 manat cərimə, pulu borcu təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1111,32 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hisəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən iddiaçının tələbinə dair cavabdehə bildiriş göndərilmiş, lakin cavabdehə çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə təqdim edilmiş sübutların əsaslılığını və iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: "xxxx" MMC ilə X4 arasında bağlanmış 03 avqust 2021-ci il tarixli, №23267852 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən X4 ilkin ödənişlə, İMEİ kodu **********06849 olan Xiaomi poco M3 markalı telefon almış və 12 ay müddətinə ayda 34,90 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 03 avqust 2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, X4 №23267852 saylı müqaviləyə əsasən İMEİ kodu **********06849 olan Xiaomi poco M3 markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə X4 arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli, №0321339 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən X4 ilkin ödənişlə, HP Pavılıon komputer almış və 24 ay müddətinə ayda 60,98 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 26 oktyabr 2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, X4 №0321339 saylı müqaviləyə əsasən HP Pavılıon komputeri tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır 23 noyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X2 İMEİ kodu **********06849 olan Xiaomi poco M3 markalı telefon üçün əsas borcu 214 manat, cərimə borcu 21 manat, HP Pavılıon komputer üçün əsas borcu 1199, cəriimə borcu 119 manat olmaqla, ümumilikdə 1318 manat borcu vardır. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 35,53 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında eyni tarixdə iki fərqli nisyə alğı-satqı müqavilələri bağlanmışdır. Tərəflər arasında bağlanan 03 avqust 2021-ci il tarixli, №23267852 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə ilə X4 ilkin ödənişlə, İMEİ kodu **********06849 olan Xiaomi poco M3 markalı telefon almış və 12 ay müddətinə ayda 34,9 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 26 oktyabr 2021-ci il tarixli, №0321339 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə ilə X4 ilkin ödənişlə, HP Pavılıon komputer almış və 24 ay müddətinə ayda 60,98 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 35,53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 03 avqust 2021-ci il tarixli, №23267852 saylı saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 214 manat, cərimə borcuna görə 21 manat, 26 oktyabr 2021-ci il tarixli, №0321339 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 1199 manat, cərimə borcuna görə 119 manat olmaqla, ümumilikdə 1553 manat məbləğində pul vəsaiti və 35,53 manat məbləğində dövlət rüsumu cavabdeh X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 03 avqust 2021-ci il tarixli, №23267852 saylı saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 214 manat, cərimə borcuna görə 21 manat, 26 oktyabr 2021-ci il tarixli, №0321339 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 1199 manat, cərimə borcuna görə 119 manat olmaqla, ümumilikdə 1553 (bir min beş yüz əlli üç) manat məbləğində pul vəsaiti və 35,53 (otuz beş manat, əlli üç) manat məbləğində dövlət rüsumu cavabdeh X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar