Məhkəmə qərarları › İş №2(001)-968/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-968/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-968/2021 29.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhərində, Binəqədi rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********35412 olan iPhone 8 plus markalı telefon üçün 1812 manat ödənilməmiş hissə, 554 manat dəbbə, ümumilikdə 2366 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2396 manatın Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il il tarixli müqaviləyə əsasən, cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 2207 manat olan iPhone 8 plus markalı telefonu 191 manat ilkin ödəniş olmaqla 12 ay müddətinə, ayda 168 manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 395 manat ödədikdən sonra 1812 manat əsas borcu qalmışdır. Müqavilə şərtlərinə əsasən, cavabdehə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 554 manat dəbbə pulu hesablanmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddia tələbini qismən qəbul etdiyini, nisyə alqı-satqı müqaviləsinə əsasən telefon aldığını, lakin həmin telefonun hazırda onda olmadığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, k00201529 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 2207 manat olan iPhone 8 plus 64 GB markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 191 manat ilkin ödəniş olmaqla, 12 ay ərzində, hər ay 168 manat olmaqla hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh k00201529 saylı müqaviləyə əsasən iPhone 8 plus 64 GB markalı telefonu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1812 manat əsas borcu, 554 manat cərimə borcu vardır. Mülki işin materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2018-ci il tarixli müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə əsasında cavabdeh dəyəri 2207 manat olan iPhone 8 plus 64 GB markalı telefonu almış, lakin sonradan borcunu ödəməkdən yayınmışdır. Digər tərəfdən, iddiaçı xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən 554 manat məbləğində cərimə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, 1812 manat əsas borc üzrə 554 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 554 manat məbləğində hesablanmış cərimə məbləğinin 100 (bir yüz) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1812 manat əsas borc, 100 manat dəbbə pulu alınaraq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1812 manat əsas borc, 100 manat dəbbə pulu, cəmi 1912 (bir min doqquz yüz on iki) manat borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar