Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-975/2025 30.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün təyin edilmiş aliment məbləğinin dəyişdirilərək, hər uşağın saxlanılması üçün 235 manat olmaqla, ümumilikdə 705 manat miqdarında alimentin təyin edilməsi, tərəfindən ödənilmiş ilkin mediasiya xərci 50 manat və 10 manat kargüzarlıq xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-5121/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X3 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 onun yanında saxlanılması, xx.xx.2021-ci il tarixindən başlayaraq, hər ay hər uşaq üçün 175 sabit pul məbləğində aliment Cavabdeh onun xeyrinə tutulmuşdur. Cavabdeh tərəfindən hal-hazıradək aliment ödənişi hər uşağa görə 175 manat olmaqla, ödənilməkdədir. Lakin bu uşaqların xərclərinin ödənilməsi üçün kifayət etməməkdədir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, üç uşağın məktəbə aparılması və müalicələri ilə əlaqədar olaraq, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, alimenti hər ay vaxtı-vaxtında ödəyir. Hətta təxminən 3-4 aydır ki, iddiaçıya könüllü olaraq aliment ödənişini hər uşaq üçün 235 manat ödəyir. Bundan başqa uşaqların əlavə xərclərini də qarşılayır. Bundan başqa yay aylarında uşaqlara alimentdən başqa hər ay 200-300 manat, qış aylarında isə təxminən 500-600 manata yaxın pul xərcləyir. Belə ki, uşaqların geyimlərini və digər xəcrlərini qarşılıyır. Hətta mediasiya mərhələsində iddiaçıya əlavə olaraq xərc çəkib hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməməsini bildirmişdir. Çünki aralarında alimentlə bağlı heç bir münaqişə yoxdur. Lakin iddiaçı alimentin artırılması məsələsəni qanun çərçivəsində rəsmi olaraq həll etmək istədiyini bildirmişdir. O, keçmiş həyat yoldaşının kiməsə möhtac olmasını istəmir. Ona görə də, iddianı qəbul edir. Əvvəllər polis əməkdaşı olmuş, 2015-ci ildən səhhəti ilə əlaqədar öz ərizəsi ilə işdən azad olunmuşdur və hazırda heç bir yerdə işləmir. 52 ay İ Qarabağ müharibəsi iştirakçısı olmuş və aylıq 80 manat pensiya alır. Bundan başqa arabir Forex birja sistemində brokerliklə məşğul olur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5121/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 analarının yanında qalmaları, xx.xx.2021-ci il tarixindən başlayaraq, hər ay hər uşaq üçün 175 sabit pul məbləğində aliment Cavabdeh tutularaq X2 ödənilməsi qət edilmişdir.
6. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilən MŞB/6-01846 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2024-cü il tarixində keçirilmiş mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini və 10 manat kargüzarlıq xərcini İddiaçı ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5121/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutulur.
8. İddiaçı alimentin artırılmasını tələb edir və tələbini isə yaşayış minimumunun artması, ödənilən məbləğin uşaqların xərclərini qarşılamağa kifayət etməməsi ilə əsaslandırır.
9. Cavabdeh isə iddia tələbini qəbul edir Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
11. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
12. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
13. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
14. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
16. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
17. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi kimi ilk addım iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
18. Hansı ki, hazırki mübahisə üzrə iddiaçının tələbi, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu haqqında tələbin dəyişməsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin artırılmasıdır. Halbuki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə şərtləndirilir və yaşayış minimumunun artması tərəflərdən birinin maddi vəziyyətinin dəyişməsi hüquqi nəticəsini yaratmır. Odur ki, iddiaçının tələbi Ailə Məcəlləsinin 112-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşmadığından rədd edilməli və iddiaçıya Ailə Məcəlləsinin 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Eyni zamanda alimentin indeksasiyasının yeganə meyarının ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməsi iddiaçının nəzərinə çatdırılmalıdır.
19. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Tətbiq edilən prosessual normalar:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
23. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
24. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilməli, iddiaçıya yuxarıda göstərilən hüquqi mövqeyə görə alimentin indeksasiyası ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilsin. İddiaçıya “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə uyğun olaraq alimentin indeksasiyası barədə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev