Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-985/2022 13.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X3 iştitakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən müştərək qaydada 01.12.2021-ci il tarixə ödənilməmiş 8269,16 manat əsas borc, 736,79 manat faiz borcu, 1236,70 manat dəbbə pulu olmaqla, cəmi 10.242,65 manat borcun, 121 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2019-cu il tarixli MK-00032-16/19A saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə illik 24% ödəmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. Verilmiş borcun təminatı kimi 15.10.2019-cu il tarixdə Cavabdeh2 ilə MKZ-00032-16/19A və Cavabdeh3 ilə MKZ2-00032-16/19A saylı zaminlik müqavilələri bağlanmışdır. Həmçinin Cavabdeh1 15.10.2019-cu il tarixdə iddiaçı ilə MKYG-00032- 16/19A saylı girov müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus olan ev əşyalarını girova qoymuşdur. Cavabdehlər bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədikləri üçün kreditin məcburi qaydada tutularaq Bank "xxxx" ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 13.04.2022-ci il tarixdə Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq, iddiaçı bank tərəfindən ona qarşı iləri sürülmüş iddiada zaminlik müddətinin bitməsi baxımından iddianın ona qarşı hissəsini əsassız hesab edərək, iddia müddətini tətbiq etməklə tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Məmmədli iddia tələbini müdafiə edərək, tələbin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış teleqramın əsassız olduğunu, iddia müddətinin bitmədiyini bildirdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 15.10.2019-cu il tarixli MK-00032-16/19A saylı Kredit Müqaviləsinə əsasən, Cavabdeh1 24 ay müddətinə, illik 24% olmaq şərtilə, 10.000 manat məbləğində kredit verilmiş, sonuncu götürdüyü krediti 15.11.2019-cu il tarixdən 15.10.2021-ci il tarixədək hər ay 529 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - 15.10.2019-cu il tarixli MKYG-00032-16/19A saylı Girov Müqaviləsinə əsasən, Cavabdeh1 öz şəxsi istifadəsində olan ev əşyalarını bank qarşısında girov qoymuşdur. - 20.05.2020-ci il tarixdə bağlanmış 15 oktyabr 2019-cu il tarixli MK-00032-16/19A saylı Kredit Müqaviləsinə 1 nömrəli Əlavə Sazişə əsasən, borcalana kredit ödənilməsində 15.06.2020-ci il tarixdən hesablanmaqla 3 (üç) ay güzəşt müddəti müəyyən edilərək, faiz dərəcəsi 24% olmaqla, kreditin müddəti 15.10.2021-ci il tarixədək uzadılmış, Cavabdeh1 götürdüyü krediti 15.06.2020-ci il tarixdən 15.10.2021-ci il tarixədək ilk 3 ay güzəşt müddəti olmaqla, hər ay 528.71 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - 18.12.2020-ci il tarixdə bağlanmış 15 oktyabr 2019-cu il tarixli MK-00032-16/19A saylı Kredit Müqaviləsinə 2 nömrəli Əlavə Sazişə əsasən, borcalana kredit ödənilməsində 15.01.2021-ci il tarixdən hesablanmaqla 6 (altı) ay güzəşt müddəti müəyyən edilərək, faiz dərəcəsi 24% olmaqla, kreditin müddəti 15.10.2021-ci il tarixədək uzadılmış, Cavabdeh1 götürdüyü krediti 15.01.2021-ci il tarixdən 15.10.2021-ci il tarixədək ilk 6 ay güzəşt müddəti olmaqla, hər ay 528.71 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - 15.10.2019-cu il tarixli MKZ-00032-16/19A saylı Zaminlik Müqaviləsinə, 20.05.2020-ci il tarixli Zaminlik Müqaviləsinə 1 saylı Əlavəyə və 18.12.2020-ci il tarixli Zaminlik Müqaviləsinə 2 saylı Əlavəyə əsasən, Cavabdeh1 borcunun təminatı kimi Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. - 15.10.2019-cu il tarixli MKZ2-00032-16/19A saylı Zaminlik Müqaviləsinə və 20.05.2020-ci il tarixli Zaminlik Müqaviləsinə 1 saylı Əlavəyə əsasən, Cavabdeh1 borcunun təminatı kimi Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. - bildirişdən-xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bank "xxxx" ASC tərəfindən borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - arayışından görünür ki, Cavabdeh1 01.12.2021-ci il tarixə Bank "xxxx" ASC-yə 8269,16 manat əsas borc, 736,79 manat faiz borcu, 1236,70 manat dəbbə borcu olmaqla, cəmi 10.242,65 manat borcu vardır. - Məhkəmə Ekspertiza Mərkəzinin 15.02.2022-ci il tarixli, 9/959 nömrəli ekspert rəyinə əsasən, 15.10.2019-cu il tarixli MK-00032-16/19A saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 01.12.2021-ci il tarixə Bank "xxxx" ASC-yə 8271,70 manat əsas borc, 719,29 manat faiz borcu olmaqla, cəmi 8990,99 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh1 münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh1 8269,16 manat əsas borc, 719,29 manat faiz borcu (ekspert rəyinə əsasən) tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MM-nin: - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, kreditor Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminlərə qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirmədiyindən, həmin zaminliklərə xitam verilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 15.10.2019-cu il tarixli müqavilə və əlavə sazişlər üzrə iddiaçı-kreditor Bank "xxxx" ASC qarşısında cavabdeh-borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilədən irəli gələn öhdəliyin icrasından başqa, həm də tərəflərin bağladıqları kredit müqaviləsinin ləğvini də tələb etmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçının 13.12.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi müqavilə müddətinin bitməsindən, yəni 15.10.2021-ci il tarixdən sonra baş verdiyindən tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvinə zərurət qalmamışdır. Odur ki, iddia tələbinin bu hissəsi təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin işin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin məbləğinin 1236,70 manat məbləğində deyil, 500 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8269,16 manat əsas borc, 719,29 manat faiz borcu, 500 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 9488,45 manat (doqquz min dörd yüz səksən səkkiz manat qırx beş qəpik), 121 (bir yüz iyirmi bir) manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş 15.02.2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat ekspertiza xərcinin 50%-i, yəni 75 (yetmiş beş) manatı Bank "xxxx" ASC-dən, qalan 50%-i, yəni 75 (yetmiş beş) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-985/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-985/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver